Allahverdi Məmmədli: “Güclü informasiya axını içərisində nəyi necə qəbul edəcəklərini valideynlərindən, müəllimlərindən öyrənəcəklər”


Azərbaycanda uşaqların əldə etməsi qanunla məhdudlaşdırılan informasiyaların növləri müəyyənləşib. Bu, yeni qəbul edilən “Uşaqların zərərli informasiyalardan qorunması haqqında” Qanuna əsasən ediləcək.  2020-ci ildən qüvvəyə minəcək qanun uşaqların onlar üçün zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

 

Ölkə Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq uşaqların yaşına uyğun informasiya əldə etmək hüququ var. Bəs, bu hüququnu əlindən almadan onları zərərli informasiyalardan necə qoruya bilərik?

 

Bakı Dövlət Universitetinin Televiziya və Radio jurnalistikası kafedrasının müdiri, Əməkdar jurnalist Allahverdi Məmmədli “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində informasiya əldə etmək hüququna məhdudiyyət qoymadan uşaqları onlar üçün zərərli informasiyadan necə qoruyacağımızdan danışıb.

 

- Yeni qanuna zərurət yaradan səbəblər hansılardır?

 

- Valideynlərini, vətənini və doğulduğu zamanı, mühiti insan özü seçmir. Amma bu 3 amilin ona təsiri var. Xüsusən, mühitin təsiri çox böyük olur. Ona görə belə deyirlər: “Hər uşaq yaşadığı mühitin aynasıdır”. Yəni, böyüməkdə olan insan özündən asılı olmadan düşdüyü mühiti əks etdirir. Hazırda isə uşaqlarımız elektron informasiya vasitələrinin çox geniş yayıldığı bir mühitlə əhatə olunub. Belə bir şəraitdə bu qanunun qəbulu zəruri idi.

 

Məlum olduğu kimi, 2000-ci illərdən sonra elektron kütləvi informasiya vasitələri dövriyyəyə daha sürətlə daxil oldu. Artıq televiziya və radio ilə kifayətlənmirik, həm də sosial şəbəkələrdən istifadə edirik. Bu inkişaf tədrisdə də nəzərə alınıb. Jurnalistika fakültəsinin magistratura pilləsində bəzi fənlər ayrıca tədris olunur. Məsələn, multmedia, sosial medianı ayrıca keçirik.  Bu, günümüzün gerçəkliyidir. Odur ki, heç kəsi, o cümlədən uşaqları məcbur edə bilmərik ki, bu qədər geniş yayılan sosial şəbəkələrə biganə qalsınlar. Bundan yeganə çıxış yolu uşaqların düzgün yönləndirilməsidir. Güclü informasiya axını içərisində onlar nəyi necə qəbul edəcəklərini valideynlərindən, müəllimlərindən öyrənəcəklər.

 

- Amma yeni qanun onlara nəyi, necə ötürməyimizə dair qarşımızda tələblər də qoyur... Bu tələblərə əməl edə bilmək üçün öncə nəyin uşaqlar üçün zərərli informasiya hesab edildiyini bilməliyik.

 

- Sözsüz ki, uşaqların zərərli informasiyadan qorunması üçün tədbirlər görülməlidir. Həmin tədbirlər indi müzakirə etdiyimiz yeni qəbul olunmuş “Uşaqların zərərli informasiyalardan qorunması haqqında” qanunda müəyyən edilib. “Zərərli informasiya” nədir? Zorakılıq, qəddarlıq və bunları təbliğ edən bütün informasiyalar uşaqlar üçün zərərli sayılır. Cəmiyyət əleyhinə, hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən informasiyalar təqdim edilərkən yetişməkdə olan gələcək nəslin bundan necə təsirlənəcəyi hesablanmalıdır. Ailə institutunu gözdən salan, ailəyə zərbə vuran, əxlaqdan kənar informasiyalar, uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən məlumatlar uşaqlar üçün zərərli informasiyalar sırasındadır. Uşaqları qorumaq üçün jarqon ifadələr, söyüş, pornoqrafik xarakterli, narkotiki, psixotrop maddələri, alkoqolu təbliğ edən informasiya axınının da qarşısını almaq lazımdır...

 

- Necə?

 

- Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının yayımı zamanı uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələri tətbiq edilməlidir.

 

- Bu məsələdə KİV-in üzərinə böyük tələblər qoyulub...

 

- Bəli, informasiya məhsulunun hazırlanması mərhələsindən başlayaraq müəyyən tələblər ödənməlidir. İnformasiya məhsulu hazırlanarkən, ya da yayımlanarkən müxtəlif yaş qrupuna aid olan uşaqların normaya uyğun psixi inkişafının xüsusiyyətləri nəzərə alınmalı, informasiya məhsullarının yaş kateqoriyasına uyğun təsnifatı aparılmalıdır. Məsələn, istənilən yaş qrupları üzrə dövriyyəsinə məhdudiyyət qoyulmayan universal informasiya məhsulundan müəyyən yaşa uyğunluğuna görə fərqləndirilən informasiya barədə məlumat verilməlidir. 6 yaşı tamam olmamış uşaqlar arasında dövriyyəsinə yol verilən,  6, 12 və 16 yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilən, həmçinin uşaqlar arasında dövriyyəsinə yol verilməyən informasiya məhsulları mütləq fərqləndirilməlidir.

 

- Bunu kim müəyyən edir ki, informasiya hansı yaşda olan uşaqlara uyğundur, hansına yox?

 

- İnformasiya məhsulunun yaşa görə təsnifatlaşdırılması onun istehsalçıları tərəfindən həmin məhsulun ölkə ərazisində dövriyyəsindən əvvəl ekspertin iştirakı ilə həyata keçirilir. Qanuna görə, informasiya məhsulunun yayıcısı həmin məhsulun müstəqil şəkildə və ya ekspertin iştirakı ilə yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən ölkə ərazisində yaya bilməz.

 

- Bəs, ekspert kimdir?

 

- Müvafiq icra hakimiyyəti orqanından ixtisas attestatı almış fiziki şəxslərdir. Onlar ekspertizanı elə bu qanuna əsasən həyata keçirirlər. Yaş təsnifatının aparılması məqsədi ilə informasiya məhsulunun ekspertizasını aparan şəxsə ixtisas attestatının verilməsi üçün onun işlədiyi hüquqi şəxs - yəni, ekspert təşkilatı bu barədə müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılmasını və onların fəaliyyətinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

 

- İnformasiya məhsulunun yaşa görə təsnifatlaşdırılması nəyə əsasən aparılır? Nəyə əsasən müəyyən edirlər ki, informasiya məhsulu 6 yaşlı uşağa yox, 12 yaşlı uşağa uyğundur. Yaxud 18 yaşı tamam olmayan şəxsə, ümumiyyətlə, uyğun deyil?

 

- İlk növbədə informasiya məhsulunun mövzusu, janrı, məzmunu və bədii tərtibatı nəzərə alınır. İnformasiyanın müəyyən yaş kateqoriyasına aid uşaqlar tərəfindən mənimsənilməsinin xüsusiyyətlərinə diqqət yetirilir. İnformasiya məhsulu uşaqların sağlamlığına və fiziki, psixi, əxlaqi inkişafına zərər vurmamalıdır. İnformasiya məhsulu üzərində 6 yaşdan aşağı, yoxsa yuxarı olan uşaqlar, “12+”, “16+”, yaxud “18+” yazılmalıdır ki, hansı yaşdan yuxarı olanların baxmasına uyğun olduğu görünsün.

 

Bir məqamı da qeyd edim: uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət, istirahət və sağlamlaşdırma müəssisələrində və ya həmin müəssisələrin sərhədindən 150 metrdən az olan məsafədə yayılmasına yol verilmir.

 

- Yaşa görə təsnifat aparıldıqdan və informasiya məhsulunun üzərinə bu barədə məlumatı əks etdirən xəbərdarlıq qoyulduqdan sonra hər hansı KİV işini bitmiş hesab edir və məlumatı yayır?

 

- Əlbəttə ki, yox. Hər xəbərin öz vaxtı var. Teleradio yayımı vasitəsilə yayımlanan və “Universal”, “6-”, “6+” və “12+” yaş kateqoriyalarına aid informasiya məhsullarının yayımlanmasına vaxt məhdudiyyəti qoyulmur. Ancaq “16+” yaş kateqoriyasına aid informasiya məhsulları yerli vaxtla saat 7-dən saat 21-dək, “18+” və “16+” yaş kateqoriyalarına aid informasiya məhsulları yerli vaxtla saat 6-dan saat 23-dək yayımlanmalıdır. “18+” yaş kateqoriyasına aid informasiya məhsulu teleradio vasitəsilə yayımlanarkən bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlıq televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keçirilir.

 

Ruhiyyə DAŞSALAHLI