Təhsil Nazirliyi ilə “Clarivate Analytics” arasında əməkdaşlığın yeni mərhələsi başlayır


Qloballaşma dövrünün mühüm trendlərindən biri elmi biliklərin təhsil sistemində rolunun artması, innovasiya əsaslı təlim texnologiyalarının ali təhsil müəssisələrində tətbiqinin genişlənməsi və universitetlərin elmi-tədqiqat statusunun möhkəmlənməsi ilə müşayiət olunmasıdır. Dekabrın 5-də Azərbaycan  Respublikası Təhsil Nazirliyi  və “Clarivate Analytics” arasında əməkdaşlığın yeni mərhələsinin başlanmasının rəsmiləşdirilməsi və elmi fəaliyyətinə görə fərqlənən alimlərin mükafatlandırılması  mərasimində səsləndirilən fikirlər Azərbaycan təhsilində intellektual potensialın, elmi biliklərin inkişafına, elmlə-təhsilin inteqrasiyasına göstərilən yüksək diqqətdən xəbər verirdi.

 

Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı  Fondu və “Clarivate Analytics” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən mərasimdə çıxış edən təhsil naziri Ceyhun Bayramov qeyd edib ki, elmin inkişafında təhsil və innovasiyaların nə qədər əhəmiyyəti varsa, innovasiyaların inkişafında da elm və təhsilin bir o qədər əhəmiyyəti mövcuddur. Bu isə onu deməyə əsas verir ki,  bilik iqtisadiyyatı və informasiya cəmiyyəti dövründə hərtərəfli uğur modeli təhsil,  elm və innovasiyaların vəhdətini təşkil edən alqoritmlərin düzgün istifadəsindən  asılıdır.

 

Bu baxımdan, təcrübə onu göstərir ki, dünya səviyyəsində belə bir əməkdaşlığın təşkil olunduğu ən uyğun məkanlar məhz universitetlər hesab olunur.  “Biz dünya təcrübəsinə nəzər salsaq, görərik ki, Harvard,  MİT, Stanford, Oksford, Kembric və bu kimi digər universitetlər bu vəhdəti çox yüksək səviyyədə təşkil  etməklə nəhəng nailiyyətlər əldə edib, dünyada elm mərkəzlərinə çevriliblər”, - deyə C.Bayramov bildirib. Nazir əlavə edib ki, eyni zamanda elmi fəaliyyətin səmərəli təşkilinin real iqtisadiyyatın tələbatlarına uyğun həyata keçirilməsi bu təhsil müəssisələrini dünyada innovasiya istehsalçılarına və innovasiya ixracatçılarına  çevirib. Bundan əlavə, innovasiyaların səmərəli istifadəçilərinin, yüksək ixtisaslı  mütəxəssislərin hazırlanması ali təhsil müəssisələrinin məzmununun daim təkmilləşdirilməsini zəruri edir.  

 

3 illik fəaliyyət dövrünün müsbət nəticələri

 

Nazir ali təhsilin inkişafı trendlərindən, universitetlərin  inkişafında elmi fəaliyyətin rolundan danışarkən, xüsusu olaraq, 16 noyabr 2018-ci il tarixində ölkə başçısı cənab  İlham Əliyev tərəfindən imzalanmış “2019 -2023 -cü illər üçün Azərbaycan Respublikasında  ali təhsil sisteminin rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın xüsusu əhəmiyyət daşıdığını qeyd edib. Nazir bildirib ki, müasir dövrün trendləri nəzərə alınaraq, elmi fəaliyyətin stimullaşdırılması, innovasiyaların təlim-tədris metodologiyalarından istifadə olunaraq ikili diplom proqramlarının təsis edilməsi, qabaqcıl beynəlxalq professor-müəllim heyətinin Azərbaycana dəvət edilməsi, gənc alimlərin dünyanın aparıcı ali təhsil müəssisələrində doktorantura təhsilinin maliyyələşdirilməsi və digər çox konkret hədəfləri müəyyən edən Dövlət Proqramı, tam əminliklə demək olar ki, digər komponentlərlə yanaşı, o cümlədən   Azərbaycanın ali təhsil sistemində elmi fəaliyyətin inkişaf etdirilməsinə və stimullaşdırılmasına müstəsna xidmət edəcək: “Azərbaycan ali təhsil müəssisələrində  elmi fəaliyyətin keyfiyyətcə yeni bir mərhələyə çıxarılması, onun inkişafına təkan verilməsi baxımından, hesab edirəm ki, 2015-ci ildə Təhsil Nazirliyi ilə “Clarivate   Analytics” şirkəti arasında Azərbaycan  ali təhsil müəssisələrinin dünyanın  ən böyük elmi məlumat platformasına çıxışının təmin olunmasına dair 2015-2018 -ci illər üzrə birgə əməkdaşlığı özündə ehtiva edən müqavilənin imzalanması da xüsusi yer tutur”.

 

Bu müqavilə nəticəsində Azərbaycanın 40 ali təhsil müəssisəsi dünyanın aparıcı  jurnallarının, yüksək impakt faktorlu jurnalların elmi bazalarına, konfrans  materiallarına, monoqrafiyalara çıxış əldə edib: “Eyni zamanda ali məktəblərimizin  professor-müəllim heyəti, o cümlədən təhsilalanlar  üçün çoxsaylı seminarlar,  treninqlər keçirilib. “Tədqiqat üsulları” adlı fənn hazırlanaraq universitetlərimizin magistratura pilləsində tətbiqinə başlanıb və bu 3 illik fəaliyyət dövründə həyata keçirilmiş işlərin artıq ilkin müsbət nəticələrini müşahidə edirik. Belə ki, bu müddət ərzində Azərbaycanda yüksək impakt faktorlu jurnallarda alimlərimizin dərc olunmuş məqalələrinin sayı 75 faiz artıb. Sırf  ali təhsil müəssisələrindən danışırıqsa, bu artım dinamikası daha yüksək olub. Burada 88 faizlik bir fərq var, demək olar ki, rəqəmlər 2 dəfə artıb”.

 

Publikasiya fəallığında tarixi göstərici

 

“Clarivate Analytics”in 2017-ci il üçün təqdim etdiyi rəqəmlərə istinad edən nazir qeyd edib ki, Azərbaycan alimlərinin dünyanın yüksək  impakt faktorlu jurnallarında  dərc olunmuş məqalələrinin sayı 1160 olub ki, bu da  müstəqillik dövründə maksimum göstəricidir. Azərbaycan inkişaf dinamikası və tempinə görə regionda birinci yeri qazanıb. Bundan əlavə, 2015-ci ildə Azərbaycanın beynəlxalq reytinqlərdə indeksləşən  jurnallarının sayı 2 idisə, bu gün onların sayı 7-yə çatıb. “Bütün bu söylənənləri nəzərə alaraq Təhsil Nazirliyi tərəfindən qərar qəbul edilib ki, “Clarivate Analytics” şirkəri ilə bu əməkadaşlıq növbəti 3 il ərzində də davam etdirilsin. Təhsil Nazirliyi və “Clarivate Analytics” arasında imzalanacaq növbəti müqavilə 2019-2021-ci illəri əhatə edəcək”, - deyə  nazir bildirib.

 

Kəmiyyətdən keyfiyyətə

 

Son 3 ilin müsbət tendensiyalarını nəzərə alan Təhsil Nazirliyi növbəti əməkdaşlıq mərhələsində “Clarivate Analytics” şirkəti ilə elmi nəşrlərin keyfiyyətini də diqqətdə saxlayacaq. Bu barədə nazir Ceyhun Bayramovun səsləndirdiyi fikirlər maraq cəlb edib: “Biz birinci mərhələdə daha çox maarifləndirici, daha çox imkanların təqdim olunması, bizim gənc alimlərin, tədqiqatçıların bu işdə daha fəal iştirakının təmin  edilməsi və əsasən kəmiyyət göstəriciləri barədə danışırdıqsa, düşünürük ki, növbəti pillədə daha çox keyfiyyət göstəricilərinə diqqət  yetirməliyik”. Sadəcə olaraq, dərc olunan məqalələrin sayından deyil, onlara istinad indekslərindən analiz edilməli,  bizim alimlərin xarici ölkələrin alimləri ilə birgə fəaliyyətinin nəticələri təhlil olunmalıdır.

 

Eyni zamanda, yeni imzalanan müqavilə digər dillərdə olan region ölkələrinin də aparıcı bazalarına daxil olma imkanlarını özündə ehtiva edir. Azərbaycan hər bir təhsil müəssisəsinin fəaliyyətinin analitik təhlilini aparmağı nəzərdə tutan InCites platformasına çıxış imkanlarına da sahib olur.

 

Nazir əmin olduğunu bildirib ki, bu əməkdaşlıq nəticəsində biz növbəti illərdə də artıq  müşahidə edilən müsbət dinamikanın davamını  müşahidə edəcəyik. 

 

Elmin nəticələri o vaxt əhəmiyyətli olur ki...

 

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı   Fondunun icraçı direktoru Elçin Babayev qeyd edib ki, alimlərimzin “Clarivate Analytics”in elmi bazasına çıxış əldə etməsi və bunun nətisəcində uğur qazanması   bu əməkdaşlığın davam etdirilməsini zəruri edir. “Ölkədə elmlə təhsilin inkişafı üçün  bütün zəruri şərait yaradılıb, kadr hazırlığına yüksək diqqət yetirilir və bu da öz bəhrəsini elmi məhsulda göstərməlidir. Bu elmi məhsulun özünün ərsəyə gəlməsi  isə işin yarısıdır. Növbəti mərhələdə  hədəf  bu elmi məhsulların nüfuzlu jurnallarda nəşr olunması və  onlara istinadların verilməsi, bunun da sayəsində beynəlxalq əməkdaşlığın qurulmasıdır. Elmin nəticələri o vaxt əhəmiyyətli olur ki, ölkəyə müasir dövrün tələbi olan innovasiyalar gətirsin və müxtəlif ölkələrdə olan alimlərlə əməkdaşlıq yüksək səviyyədə həyata keçirilsin”. 

 

O, mühüm vəzifələrdən danışarkən müəlliflik hüququnun qorunması, plagiat, “yırtıcı jurnal”ların fəaliyyətinin qarşısının alınmasını qeyd edib: “Biz çox sevinirik ki, bir neçə qurum bu məsələdə çox fəal surətdə öz töhfəsini verməkdədir. Eyni zamanda “Clarivate Analytics”in davamlı seminarlarını qeyd edə bilərik. Bundan başqa, Ali Attestasiya Komissiyasında son günlərdə başlamış yeni struktur islahatları, AMEA-nın özündə aparılan islahatlar, Təhsil Nazirliyi strukturlarında olan yüksək inkişaf dinamikası bizə ümid verir ki, gələcəkdə bu cür problemlərdən azad olacağıq”.   

 

Onun sözlərinə görə, Təhsil Nazirliyi  hələ 2013-cü ildə “Thomson Reuters” şirkəti ilə əməkdaşlığa dair müqavilə imzalamaqla qətiyyətli addımlar atdı. “Çoxları bəlkə də  bu əməkdaşlığın bəhrə verməsinə şübhə ilə yanaşırdı. Bəhrə isə göz qabağındadır. Baxmayaraq ki, ilkin mərhələdə kəmiyyətə diqqət yönəldi, qarşıdakı illərdə bu,  özünü  keyfiyyətdə də göstərəcək. Əslində, Təhsil Nazirliyinin  bu addımı hamımız üçün örnək olmalıdır”.   

 

Elçin Babayev Azərbaycanda nəşr olunan impakt faktorlu jurnalların sayının 2 dəfə arta biləcəyinin mümkünlüyünü və bu istiqamətdə müəyyən təlimlərin nəzərdə tutulduğunu deyib. 

 

“Yaxşı məlumat yaxşı innovasiyalara böyük bir cığır açır”

 

“Clarivate Analytics” şirkətinin konsorsium inkişafı üzrə qlobal direktoru İzabel Reiss qeyd edib ki, Azərbaycanın 40 ali təhsil müəssisəsinin beynəlxalq elmi bazalara çıxışı təqdir olunmalıdır. Beynəlxalq bazalara çıxışın olması bizim doğru yolda olmağımıza dəlalət edir. Onun sözlərinə görə, müasir çağırışlara adekvat olaraq əsas diqqətimizi elmə, innovasiyalara yönəltməliyik. Bizim məlumatlara, verilənlərə böyük ehtiyacımız var. Biz kifayət qədər məlumat bolluğu içində yaşayırıq.  Məlumatların doğru idarə edilməsi və bu işlə məşğul olan tədqiqatçıların bu sahəyə, bu məlumatlara çıxışı, üzləşdiyi bir sıra problemlərin həlli istiqamətində  doğru-düzgün məlumatların seçilməsi çox vacibdir. Elə bu zərurətdən də “Clarivate Analytics” meydana çıxır: “Biz inanırıq ki, qlobal səviyyədə bizim bu günə kimi əldə etdiyimiz təcrübə və bilik, Azərbaycanın da zəngin elmi potensialının üfüqlərinin genişləndirilməsində, eləcə də Azərbaycan  alimlərinin də elmi cameəyə qoşulması və onların ərsəyə gətirdiyi məhsulun, elmi işlərin beynəlxalq səviyyədə nəşrlərdə dərc olunmasına və tanınmasına rəvac verəcək. Yaxşı məlumat yaxşı innovasiyalara böyük bir cığır açır”. 

 

“Publikasiya aktivliyi elm və təhsilin inkişafını göstərir”

 

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Dilqəm Tağıyevin sözlərinə görə, dünyanın dinamik inkişafda olduğu heç kimdə şübhə oyatmır. Ancaq bu inkişafda Azərbaycanın yer alması çox sevindiricidir. Publikasiya aktivliyinə görə Azərbaycanın regionda birinci yeri tutması sevindiricidir. Bu, Azərbaycan elm və təhsilinin böyük uğurlarını göstərir. Elmi nəşrlərin qiymətini vermək, statistikasını aparmaq baxımından “Clarivate Analytics”in rolu böyükdür.  Lakin elmi jurnalların səviyyəsi onların sayı ilə tərs mütənasibdir. Jurnalların sayı artdıqca orda hər cür işləri çap etdirmək mümkün olur. Bu, yalançı elmə, plagiata da yol açır. Ona görə də məhz nüfuzlu jurnalların olması, onların qiymətləndirilməsi  və onlarda məqalələrin çap olunması, əlbəttə ki, elmi fəaliyyətin əsas növlərindən biri hesab olunur. Azərbaycanda çap olunan 1160 məqalədən təxminən 600-dən yuxarısı, daha dəqiqi 607-si AMEA-nın təşkilatlarının payına düşür. Ancaq ali təhsil sistemində bu rəqəm getdikcə sürətlə artır. Bu da elmlə təhsil arasında  inteqrasiyaya xidmət edir. Alimlərin çap etdirdiyi məqalələrin 25 faizi beynəlxalq əməkdaşlıq çərçivəsində, yəni xarici alimlərlə birgə çap olunur. Bunu isə təbii ki, artırmaq lazımdır, çünki beynəlxalq əməkdaşlıq olmadan nə elmdə, nə innovasiyalarda sıçrayışlı inkişafa nail olmaq çətin məsələdir. Bu baxımdan “Clarivate Analytics”in ölkədə seminarlar keçirməsi, qiymətləndirmələr aparması bu işlərin gələcək inkişafı üçün gözəl stimul yaradır. 

 

Tədbirdə “Clarivate Analytics” şirkətinin Rusiya və MDB üzrə icraçı direktoru  Oleq Utkinin “2015-2018-ci illərdə “Web of Science” elmi bazasında Azərbaycan ali təhsil müəssisələri: nəticə və perspektivlər” adlı təqdimatı keçirilib.

 

Sonra Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında 2019-2021-ci illəri əhatə edən əməkdaşlığa dair müqavilə imzalanıb. Müqavilə mövcud əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsini, “Web of Science®” platformasının rusdilli elmi nəşrlər bazasına və ölkə üzrə elmi fəaliyyətin əhatəli təhlilinə imkan verən InCites platformasına çıxışının təmin olunmasını nəzərdə tutur.

 

Daha sonra “Web of Science Azerbaijan-2018” mükafatları təqdim edilib. Son illərdə nəşr aktivliyinin artım dinamikasına görə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Tibb Universiteti,  Azərbaycan Dövlət Pedaqoji Universiteti, publikasiya sayında ən yüksək nəticə göstərdiyinə görə Bakı Dövlət Universiteti, eləcə də ən məhsuldar regional universitet kimi Gəncə Dövlət Universiteti “Web of Science Azerbaijan-2018” mükafatlarına layiq görülüblər.  Mükafatlar eyni zamanda impakt faktorlu jurnallarda yüksək publikasiya aktivliyi nümayiş etdirmiş ali məktəb alimlərinə, elmi tədqiqat institutlarının əməkdaşları və “Web of Science” elmi bazasında təmsil olunan jurnalların redaksiya heyətlərinə də təqdim olunub. 

 

Oruc MUSTAFAYEV