Məktəblər arasında idman növləri üzrə respublika çempionatının rayondaxili mərhələsi yekunlaşıb.

 

Ölkə üzrə 2397 ümumi təhsil müəssisəsinin qatıldığı yarışlarda 50 mindən artıq məktəbli iştirak edib. Yarışlara basketbol idman növü üzrə 1442, voleybol üzrə 1303, atletika üzrə 2262 və şahmat üzrə 675 məktəb qoşulub.

 

Rayondaxili mərhələnin nəticələrinə uyğun olaraq hər idman növü üzrə növbəti mərhələyə vəsiqə qazanan məktəblər müəyyən edilib. Dekabrın 5-dən voleybol və basketbol idman növləri üzrə zona yarışlarına start verilib.

 

Məktəblər arasında respublika çempionatı cari ilin sentyabrın 26-da Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir.

 

Məktəblər arasında respublika çempionatının keçirilməsində məqsəd ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsidir. Eyni zamanda birgə əmri imzalayan hər bir qurumun potensialından və koordinasiya imkanlarından istifadə etməklə çempionatın keçirilməsi nəticəsində idmanda kütləviliyin təmin olunması, yüksək nailiyyət və uğurların qazanılmasıdır.

 

2018-2019-cu tədris ili ərzində keçiriləcək çempionatın əsasnamə və proqramına uyğun olaraq yarışlarda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün rayon və şəhər ümumtəhsil müəssisələrinin şagirdləri şahmat (2-4-cü siniflər), atletika (5-7-ci siniflər), voleybol (qızlar, 7-9-cu siniflər), basketbol (oğlanlar, 9-11-ci siniflər) idman növləri üzrə iştirak edəcəklər. Şahmat və atletika idman növü üzrə keçirilən yarışlar ölkədaxili xarakter daşıyır, voleybol və basketbol idman növləri üzrə keçirilən yarışlar isə məktəblərarası beynəlxalq yarışlara seçim mərhələsidir. Voleybol üzrə qalib məktəb komandası Xorvatiyanın Poreç, basketbol üzrə qalib məktəb komandası isə Yunanıstanın Heraklion şəhərində keçirilən məktəblərin dünya çempionatında ölkəmizi təmsil edəcək.