Noyabrın 30-da Gəncə Dövlət Universitetinin (GDU) fəaliyyətə başlamasının 80 ili münasibətilə yubiley mərasimi keçirilib.
Yubiley mərasimində təhsil naziri Ceyhun Bayramov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin deputatları, ali məktəb rektorları, ictimai-siyasi xadimlər və universitetin professor-müəllim heyəti iştirak edib.
Tədbir iştirakçıları Gəncə şəhərinin mərkəzində ümummiilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə əklil qoyublar.
Daha sonra universitetin ən böyük tədris binası olan 5-ci korpusunun əsaslı yenidənqurmadan sonra açılışı olub.
Mərasimdə çıxış edən təhsil naziri Ceyhun Bayramov son 5 ildə təhsil sahəsində aparılan islahatlardan və əldə olunan uğurlardan danışıb. Ölkədə ali təhsilin əhatəlilik səviyyəsinin əhəmiyyətli şəkildə artdığını qeyd edən nazir vurğulayıb ki, 2018-2019-cu tədris ili üzrə qəbul imtahanlarının nəticələrinə əsasən, rekord sayda - 41 min abituriyent tələbə adını qazanıb, 500 və daha artıq bal toplayan məzunlar arasında 2090 nəfər müəllimlik ixtisasını seçib.
Ceyhun Bayramov ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın ali təhsilin beynəlxalq standartlara uyğunlaşmasına səbəb olacağını deyib. Nazir bildirib ki, yeni Dövlət Proqramı rəqabət qabiliyyətli və dayanıqlı iqtisadi inkişafın təşkilində, milli təhsil sisteminin yüksək ixtisaslı kadrlarla təmin edilməsində mühüm töhfələr verəcək.
Universitetinin 80 illik yubileyi münasibətilə təhsil ocağının kollektivini bir daha təbrik edən Ceyhun Bayramov vurğulayıb ki, Gəncə Dövlət Universiteti böyük potensiala malik təhsil müəssisəsi olmaqla yanaşı, həm də qərb bölgəsində böyük mədəni mərkəzdir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov isə bildirib ki, Gəncə Dövlət Universitetinin istifadəyə verilən yeni tədris korpusu ölkə rəhbərliyinin təhsilin inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Niyazi Bayramov yalnız qərb bölgəsindən deyil, respublikanın müxtəlif guşələrindən yüksək ballı abituriyentlərin Gəncə Dövlət Universitetini seçməsinin diqqətəlayiq olduğunu deyib.
Universitetin rektoru Yusif Yusibov isə qeyd edib ki, GDU ötən 80 il ərzində təkçə ölkəmiz üçün yox, qonşu respublikalar üçün də peşəkar, səriştəli pedaqoji kadrlar hazırlayıb və qərb regionunda maarifçiliyin inkişafında öz xidmətlərini göstərib. Son illər tələbə qəbulu planının 97 faizə çatması ilə GDU ali məktəblər arasında ilk üçlüyə daxil olub.
Tədbirin sonunda ölkə Prezidentinin Sərəncamları ilə təhsilin inkişafındakı xidmətlərinə görə Gəncə Dövlət Universitetinin fəxri adlarla və “Tərəqqi” medalı ilə təltif olunan 23 əməkdaşına dövlət mükafatları təqdim edilib.