Azərbaycan müəllimlərinin XV qurultayı keçirilib
Noyabrın 28-də qapılarını müəllimlərin üzünə açan Bakı Konqres Mərkəzi Azərbaycan təhsil işçilərinin 1906-cı ildən bəri keçirdiyi növbəti - XV qurultayına ev sahibliyi etdi. Ümumi təhsil, orta ixtisas və peşə təhsili müəssisələrindən 1400-ə yaxın, ali təhsil müəssisələrindən isə 200-dən artıq nümayəndənin qatıldığı qurultayda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclis sədrinin müavini Bahar Muradova, təhsil naziri Ceyhun Bayramov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev, dövlət və hökumət rəsmiləri, millət vəkilləri iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qurultay iştirakçılarına ünvanlanmış təbrik məktubunu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.
Müstəqillik dövründə artıq 5-ci olan qurultayda təhsil naziri Ceyhun Bayramov hesabat məruzəsi ilə çıxış edib.
Müəllimlərin XV qurultayı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunduğu bir dövrə təsadüf edib. Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik ənənələrinin inkişafında müstəsna rolunu xatırladan təhsil naziri, ömrünün qısa olmasına baxmayaraq, o dövrdə milli təhsil quruculuğu sahəsində tarixi qərarlar qəbul edildiyini vurğulayıb: “Xüsusi iftixar hissi ilə qeyd etmək lazımdır ki, cümhuriyyətin müstəqillik ideallarını ulu öndər Heydər Əliyev gerçəkləşdirdi. Özünün böyük dühası, zəngin idarəçilik təcrübəsi, dönməz iradəsi ilə müstəqil və güclü Azərbaycanın möhkəm təməlini yaratdı”.
Həmin möhkəm təməl üzərində qurulan müasir Azərbaycan dövləti artıq Qlobal Rəqabətlilik Hesabatında 140 ölkə arasında 69-cu yerdə qərarlaşıb. Ölkəmizin mövqeyi 12 indikatordan 9-u üzrə yaxşılaşıb. Nazir təhsil indikatorları üzrə əldə edilən irəliləyişə diqqət çəkib: “Təkcə onu demək kifayətdir ki, Azərbaycanın göstəriciləri dünyanın bir sıra inkişaf etmiş ölkələrinin göstəricilərindən də yüksək olub. Belə ki, təhsilin kəmiyyət və keyfiyyət parametrlərinə əsaslanan “Bacarıqlar” indeksi üzrə ölkəmiz ümumilikdə 54-cü yerə, bu kateqoriyanın tərkib hissəsi olan rəqəmsal bacarıqlar üzrə 15-ci, tədrisdə tənqidi düşüncə üzrə 27-ci, bacarıqlı işçilər tapmaq asanlığı üzrə 31-ci, məzunların bacarıqları üzrə 32-ci, ibtidai təhsildə müəllim-şagird nisbəti üzrə 48-ci yerə yüksəlib”.
Hər bir uşaq üçün imkan...
Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə hazırlanan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na diqqət çəkən təhsil naziri bu sənədin əsas məqsədi üzərində xüsusi dayanıb. Keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sistemi yaratmaq strategiyanın məqsədlərdən sadəcə biridir. Təhsilin məzmununun, kadr hazırlığının, idarəetmə sisteminin və infrastrukturun qabaqcıl beynəlxalq təcrübəyə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun yenidən qurulması, ölkənin davamlı inkişafının təmin edilməsi məqsədi ilə hazırlanan Strategiyanın 5 strateji istiqamət - məzmun, müəllim, idarəetmə, infrastruktur və maliyyələşmə üzrə islahatların aparılması nəzərdə tutulub. Həmin islahatlar artıq öz nəticəsini verib. Məsələn, təhsil tariximizdə ilk dəfə olaraq dövlət büdcəsi hesabına ümumtəhsil məktəblərində 5 yaşlı uşaqların məktəbəhazırlığına başlanılıb. 2016-cı ildə həmin yaşda olan uşaqların 55 faizi, 2017-ci ildə 65 faizi, cari ildə isə 75 faizi məktəbəhazırlığa cəlb edilib.
Məktəbəhazırlıq qruplarında işləyən 10 minədək ibtidai sinif müəllimi təlimlərə cəlb edilib, yeni məzmun və tədris materialları hazırlanaraq tətbiq olunub. Həyata keçirilən tədbirlər nəticəsində tarixən məktəbəqədər təhsil müəssisələri olmayan yaşayış məntəqələrində, ucqar kəndlərdə də uşaqların məktəbəhazırlığı təmin edilib. Nazir təməl bacarıqların uşaqlıq dövründən əldə edildiyi, uşaqların erkən yaş dövründən inkişaf etdirilməsinin vacibliyi nəzərə alınaraq başlanan bu islahatda əsas hədəfi də açıqlayıb:“Hədəfimiz əhatə səviyyəsinin 2020-ci ildə 90 faizə çatdırılmasıdır, növbəti illərdə isə hər bir uşaq üçün belə imkanın yaradılması istiqamətində tədbirlər həyata keçiriləcək”.
3-5 yaşlı uşaqlar təhsilə cəlb edilir
Azərbaycana həyata keçirdiyi islahatlarda YUNİSEF və Avropa Birliyi xüsusi dəstək verib. Məsələn, adıçəkilən təşkilatların maliyyə dəstəyi ilə 2017-ci ildən “3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsilə cəlb olunması layihəsi”nə start verilib. Bakı şəhərində və 10 rayonda 2 min uşağı əhatə etməklə 100 icma qurulub. Məktəbəqədər təhsilin əhatə səviyyəsinin yüksəldilməsi ilə bağlı özəl təhsil müəssisələrinin fəaliyyəti daim təşviq edilib. Bunun nəticəsidir ki, son 5 ildə onların sayı 3 dəfədən çox artaraq 41-dən 132-yə çatıb.
Ümumi təhsil pilləsində keyfiyyət artır
Şəxsiyyətin formalaşmasında, zəruri həyati bacarıqlara yiyələnməsində, müstəqil fəaliyyətə hazırlanmasında müstəsna əhəmiyyətə malik ümumi təhsil pilləsində saysız-hesabsız yeniliklər bu sahəyə xüsusi diqqətin nəticəsidir. Elə götürək, idarəetmə sisteminin təkmilləşdirilməsi nəticəsində baş verən keyfiyyət dəyişikliyini. Nazir bu dəyişikliyi göstərən rəqəmlərə əsaslanaraq bildirib ki, ümumi təhsil müəssisələrində buraxılış imtahanlarının keyfiyyət göstəriciləri əhəmiyyətli şəkildə yüksəlib: “Bütün imtahan fənlərindən müsbət qiymət alan IX sinif məzunlarının sayı 50 faizdən 67 faizədək yüksəlib, imtahan nəticələri 17 faiz artıb.
Keyfiyyət yeni qaydada qiymətləndirilir
Təhsil naziri ümumi təhsil müəssisələrinin IX və XI siniflərində buraxılış imtahanlarının məzmununun müəyyənləşdirilməsi, yeni qiymətləndirmə vasitələrinin tətbiqi sahəsində Dövlət İmtahan Mərkəzi ilə birgə tədbirlərə diqqət çəkib. Bu tədris ilində XI sinfi bitirən şagirdlər yeni məzmun əsasında ümumi təhsili başa vuran ilk məzunlar olacaqlar. Bu səbəbdən də onların buraxılış imtahanlarının yeni formatda təşkili ilə bağlı DİM tərəfindən yeni qaydaların hazırlanmasında Təhsil Nazirliyinin yaxından iştirak etdiyini vurğulayıb: “Hesab edirik yeni imtahan modeli məktəbin və müəllimin həm məsuliyyətinin, həm də nüfuzunun artmasına əhəmiyyətli şəkildə təsir edəcək”.
Ali təhsil alma imkanları genişlənir
Təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərin daha bir nəticəsi ali təhsil müəssisələrinə tələbə qəbulunda özünü göstərib. Belə ki, son beş ildə keyfiyyət göstəricilərində davamlı artım dinamikası müşahidə edilib. Məsələn, qəbul imtahanlarında 300 baldan çox toplayanların sayı 26,5 faiz, 400 baldan çox toplayanların sayı 35,1 faiz, 500 baldan çox toplayanların sayı 51,5 faiz, 600 baldan çox toplayanların sayı isə 81,3 faiz artıb. Təkcə bu il 3127 nəfər abituriyent 600 baldan yuxarı nəticə göstərib ki, bu da 2013-cü ilə nisbətən təxminən 2 dəfə artım deməkdir. Bu rəqəmlərə əsaslanan təhsil naziri ölkədə ali təhsil alma imkanlarının genişləndirildiyini deyib. Bu il 41 min nəfərin tələbə adı qazandığını nəzərə alsaq, son 5 ilin təhlili 20.8 faiz artım göstərir.
Olimpiada bir hərəkata çevrilir
İstedadlı uşaqlarla sistemli işin təşkili nəticəsində ölkədə olimpiada hərəkatı genişlənib. İstedadlı uşaqlarla işə xüsusi yer ayıran təhsil naziri hesabat çıxışında bu məqsədlə yaradılan olimpiadaya hazırlıq mərkəzlərinin fəaliyyətinə də toxunub. Respublika fənn olimpiadalarında bu il 33 mindən çox şagirdin iştirakına diqqət çəkən nazir son 5 ildə bu istiqamətdə dəyişən rəqəmləri müqayisə edib. Müqayisə göstərib ki, iştirakçılar 2013-cü ilə nisbətən 5 dəfə çoxdur. Beynəlxalq fənn olimpiadalarında isə medalların sayı artıb. 2013-2018-ci illərdə beynəlxalq yarışlara qatılan məktəblilərimiz ölkəyə 3 qızıl, 28 gümüş və 100 bürünc medalla qayıdıb və beynəlxalq olimpiadalarda iştirak tariximizə ümumilikdə 131 medal yazdırıblar.
Bu ildən isə beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, Respublika fənn olimpiadaları qaliblərinin müvafiq ixtisas üzrə müsabiqədənkənar ali məktəblərə qəbulu mümkün olacaq.
Təhsil Nazirliyinin istedadlı uşaqlarla iş sahəsində yeni planları da var. Bu sahədə yeni ideya və təşəbbüslərin həyata keçirilməsi ilə bağlı “İstedadlı uşaq və gənclərin inkişafı üzrə Dövlət Proqramı” hazırlanaraq Azərbaycan hökumətinə təqdim edilib.
Şagirdlərin bacarıqları beynəlxalq qiymətləndirmə vasitələri ilə ölçülür
Azərbaycanda keyfiyyət artımı beynəlxalq qiymətləndirmə tədqiqatlarının nəticələrində də aydın görünür. PIRLS beynəlxalq qiymətləndirməsinin nəticələrinə görə, şagirdlərimizin 2016-cı ildə oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 10 bal, “mükəmməl” və “yüksək” səviyyəyə uyğun nəticə göstərmiş şagirdlərin sayı 2 dəfə artıb. Nazir əmin edib ki, növbəti illərdə ölkəmizin beynəlxalq qiymətləndirmə proqramlarında iştirakı təmin ediləcək.
Təmayülləşmədə yeni hədəf
Ümumi təhsilin keyfiyyətini yüksəltmək, şagirdlərə seçdikləri ixtisas istiqamətləri üzrə daha yüksək kompetensiyalara yiyələnmək imkanı yaratmaq məqsədi ilə 2015-ci ildən tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqinə başlanıb. Təhsil naziri Ceyhun Bayramov artıq 2140 sinifdə 47930 şagirdin təmayüllər üzrə təhsilə cəlb edildiyini vurğulayaraq, təmayülləşmənin X-XI siniflərdə təhsil alanların 28 faizini təşkil etdiyini qeyd edib: “İlkin təhlillər göstərir ki, təmayül siniflərini bitirən məzunlar ali məktəblərə qəbulda daha yüksək nəticələr nümayiş etdirirlər. Qarşıda ölkə üzrə təmayülləşmənin tətbiqi vəziyyətinin təhlili, əhatə dairəsinin genişləndirilməsi, təmayül sinifləri üçün yeni proqram və dərsliklərin hazırlanması, peşəkar və səriştəli müəllimlərin cəlb edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi vəzifəsi dayanır”.
Şagirdlərdə məntiqi, tənqidi, yaradıcı təfəkkürü inkişaf etdirmək, tədqiqatçılıq bacarıqları formalaşdırmaq, innovasiyaları mənimsəmək və tətbiq etmək, onların yüksək texnoloji ixtisaslara marağını artırmaq da son 5 ilin hədəflərindən idi. Odur ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə ötən tədris ilindən Bakı və Gəncə şəhərlərinin 71 ümumtəhsil məktəbində 26 min şagird cəlb edilməklə “Rəqəmsal bacarıqlar” layihəsinə start verilib. Elektron təhsil texnologiyalarının tətbiqi məqsədi ilə “Elektron məktəb” layihəsi 50 təhsil müəssisəsində davam etdirilib.
Təhsil müəssisələrində İKT əsaslı infrastrukturun və elektron idarəetmə sisteminin yaradılması, rəqəmsal şəbəkənin inkişafı, elektron tədris resurslarından istifadənin genişləndirilməsi, pedaqoji və inzibati heyətin potensialının gücləndirilməsi və digər hədəflər əhatə olunmaqla “Təhsil müəssisələrinin İKT infrastrukturunun inkişafı üzrə Dövlət Proqramı” hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub.
Müəllim peşəsinin nüfuzunun artırılması
Yüksək nüfuzlu təhsilverənlərin formalaşdırılması, müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində son illərdə əhəmiyyətli tədbirlərdən də danışan təhsil naziri 142 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsinin nəticələrinə toxunub. Ölkə Prezidentinin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Sərəncamına əsasən, onların həftəlik dərs yükünün 1.5 dəfə, vəzifə maaşının 2 dəfə artırıldığını deyib: “Müəllimin orta aylıq əməkhaqqı 500 manat civarında olmaqla, ölkə üzrə orta aylıq əməkhaqqına yaxınlaşıb. Həyata keçirilən tədbirlər müəllimin nüfuzunu artırıb, onların arasında sağlam rəqabəti və motivasiyanı gücləndirib, təhsilin keyfiyyət göstəricilərinin əhəmiyyətli şəkildə yüksəlməsinə səbəb olub”.
Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə mərkəzləşdirilmiş müsabiqə mexanizmi son illərdə şəffaflıq və obyektivlik baxımından daha da təkmilləşdirilib. Cari ildə işə qəbul üzrə müsabiqədə iştirak etmək üçün 51 min müəllim elektron ərizə ilə müraciət edib. Nazir bunu 2013-cü illə müqayisə edərək 3 dəfə artım olduğunu bildirib. Son 5 ildə 18136 müəllim işə qəbul olunub, onlardan kənd məktəblərində fəaliyyətə başlayan 11600 nəfərə (64 faiz) hökumətin qərarı ilə həvəsləndirmə tədbirləri tətbiq edilib.
Təhsil Nazirliyi tərəfindən “Gələcəyin müəllimi” layihəsi çərçivəsində davamlı olaraq stimullaşdırıcı tədbirlər həyata keçirilib, qəbul imtahanlarında 500 və daha artıq bal toplayan, müəllimlik ixtisasını ilk sıralarda seçən tələbələr üçün təqaüd müəyyənləşdirilib. Son 5 ildə bu təqaüddən 1500 tələbə faydalanıb.
Bütün bu tədbirlərin nəticəsində müəllim peşəsinə maraq əhəmiyyətli şəkildə artıb. Belə ki, 2018-ci ildə 500 və daha artıq bal toplayan məzunlar arasında müəllimlik ixtisasını seçənlərin sayı 2090 nəfər olub. Bu da 2013-cü ilə nisbətən 2.3 dəfə, ötən ilə nisbətən isə 53.6 faiz artım deməkdir.
Sadəcə müəllimlərin nüfuzunu deyil, nüfuzuna birbaşa təsir edən peşəkarlığını da artırmaq üçün addımlar atılıb. İxtisasartırma təlimlərinin səmərəli və peşəkar səviyyədə aparılmasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin qərarı ilə 2015-ci ildə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu yaradılıb. Beynəlxalq təcrübə nəzərə alınmaqla, ümumi təhsil müəssisələrinin pedaqoji heyəti üçün modul-kredit və rəqabətəsaslı təlimlər sistemi tətbiq edilib, 2015-2018-ci illərdə ümumilikdə 55 min nəfərə qədər müəllim modul-kredit sisteminə əsaslanan təlimlərə cəlb edilib.
Ümumi təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, peşəkar kompetensiyalara və idarəetmə bacarıqlarına malik menecerlərin hazırlanması, ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə səriştəli, peşəkar, yüksək idarəçilik qabiliyyətinə malik şəxslərin seçilib yerləşdirilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən yeni mərkəzləşdirilmiş müsabiqə mexanizmi tətbiq edilib. Son 5 ildə 700 nəfər direktor vəzifəsinə işə qəbul edilib. Bu istiqamətdə daha çevik mexanizmlərin tətbiqi, ehtiyat kadrların hazırlanması ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
İnfrastruktur
Strategiyada nəzərdə tutulmuş müasir tələblərə cavab verən və ömürboyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması hədəfinə nail olunması istiqamətində də mühüm tədbirlər həyata keçirilib. Son 5 ildə 500-dən çox, 2003-2018-ci illər ərzində isə ölkədə 3200-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib. Nəticədə 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb. Ölkə Prezidentinin təşəbbüsü ilə ilk dəfə olaraq ucqar kəndlərdə az şagird kontingenti olan qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsi tətbiq edilib: “2017-ci ildə 40 rayonda 6 min şagird yerlik 106 modul tipli məktəb quraşdırılıb. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Cari ilin sonunadək 43 regionda 8120 şagird yerlik daha 137 modul tipli məktəbin quraşdırılması işləri başa çatdırılacaq, azkomplektli və qəzalı vəziyyətdə olan kənd məktəblərinin problemi həll ediləcək”.
Təhsil üçün maneəsiz mühit
Sağlamlıq imkanları məhdud şəxslərin təhsili də əsas prioritetlərdən birini təşkil edir. Həmin kateqoriyadan olan uşaqların hüququnun təmin edilməsi və cəmiyyətə inteqrasiyası məqsədilə Heydər Əliyev Fondunun və YUNİSEF-in dəstəyi ilə “2018-2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” hazırlanaraq 2017-ci ilin sonunda təsdiq edilib. Təhsil naziri deyib ki, Proqramın məqsədi təhsilin bütün pillələri üzrə sağlamlıq imkanları məhdud şəxslərin təhsilini digər həmyaşıdları ilə bərabər səviyyədə təmin etməkdən və onların təhsili üçün maneəsiz mühit yaratmaqdan ibarətdir.
Məktəbdən kənarda məktəb
Nəinki məktəbdə, məktəbdənkənar fəaliyyətdə də təhsilin qürur duyacağı hərəkatlara start verilib. Nazir son illərdə məktəbdənkənar təhsil müəssisələri tərəfindən gənclərin yaradıcı və intellektual inkişafı ilə bağlı intellektual oyunlar, ayrı-ayrı idman növlərinin təbliği, perspektivli idmançıların aşkar edilməsi, onlarda idmana marağın artırılması, sağlam həyat tərzinin formalaşdırılması məqsədilə həyata keçirilən tədbirlərdən danışıb: “Hər il bu tədbirlərdə 100 minlərlə şagird və tələbə iştirak edib. Bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2013-2018-ci illərdə Təhsil Nazirliyinin idman və şahmat məktəblərinin yetirmələri beynəlxalq yarışlarda 537 qızıl, 468 gümüş, 681 bürünc medal qazanıblar.
Əldə edilmiş bu nailiyyətlərlə yanaşı, hesab edirəm ki, məktəbdənkənar və ümumi təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdən biri tərbiyə işinin sistemli təşkili, Azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət hissinin, milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması, Vətənə sədaqət, vətəndaşlıq mövqeyinin formalaşdırılması, vətənpərvərlik tərbiyəsi məsələləri olmalıdır”.
Peşə və orta ixtisas təhsilinin inkişafı
Ölkənin iqtisadi inkişaf strategiyasında peşə təhsilinin prioritet rolu nəzərə alınıb. Təhsil naziri 2016-cı ildə ölkə Prezidentinin Fərmanı ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması ilə ardıcıl xarakter alan tədbirlərə diqqət çəkib. 2016-2017-ci illərdə Bakı, Gəncə şəhərlərində və Qəbələ rayonunda yerləşən peşə təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılmasından, ümumilikdə 34 peşə təhsili müəssisəsinin bazasında yaradılan müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış 14 Peşə Təhsil Mərkəzindən danışıb. Bildirib ki, Təhsil Nazirliyi tərəfindən iri sənaye mərkəzlərində və regionlarda rasionallaşdırma və optimallaşdırma tədbirlərinin davam etdirilməsi ilə bağlı təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.
2016-cı ildən başlayaraq peşə təhsili müəssisələrinə qəbulda şəffaflığın və vətəndaşların rahatlığının təmin edilməsi üçün həyata keçirilən “ASAN Peşə” layihəsi hazırda ölkəni tam əhatə edir. İşəgötürənlərlə sıx əməkdaşlıq nəticəsində həyata keçirilən pilot layihələr çərçivəsində turizm-xidmət sektoru üzrə məzunların 62.3 faizi, informasiya texnologiyaları sektoru üzrə 73 faizi, xidmət sahəsi üzrə 68.4 faizi işlə təmin edilib.
Peşə təhsili müəssisələrində müəllimlik peşəsinin ictimai nüfuzunun yüksəldilməsi, yüksək hazırlıqlı peşəkar insanların bu peşəni seçməsinə stimulun yaradılması istiqamətində ölkə Prezidentinin Sərəncamına əsasən, 2017-2018-ci illərdə 60 peşə təhsili müəssisəsində çalışan 2 minədək müəllim və istehsalat təlimi ustasının bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılıb, onların həftəlik dərs yükü norması 1.5 dəfə, aylıq vəzifə maaşı orta hesabla 2 dəfə artırılıb.
Orta ixtisas təhsilinin inkişafı ilə bağlı addımlar da var. Nazirlər Kabinetinin qərarlarına əsasən 14 kollec birləşdirilərək 7 kollec, o cümlədən 3 regional kollec yaradılıb, 6 kollec profillərinə uyğun ali təhsil müəssisələrinin nəzdinə verilib. Bununla əlaqədar həmin kollec və ali təhsil müəssisələrinin ixtisasları unifikasiya olunub. Növbəti illərdə orta ixtisas təhsili sahəsində kadr hazırlığı və idarəetmə sisteminin qabaqcıl beynəlxalq təcrübəyə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun yenidən qurulması istiqamətində tədbirlər həyata keçiriləcək.
Ali təhsildə yeniliklər
İqtisadiyyatın dayanıqlı inkişafında ali təhsilin müstəsna əhəmiyyət daşıdığını vurğulayan təhsil naziri ötən qurultaydan sonrakı dövrdə olan yeniliklərdən sadəcə bir qisminə nəzər salıb. Yeni universitetlər - ölkə Prezidentinin sərəncamlarına əsasən ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını həyata keçirən Mingəçevir Dövlət Universiteti, mühəndis kadrlarının hazırlığını, bu sahədə ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan Bakı Mühəndislik Universiteti, yüksək ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil və ikili diplom almaq imkanı verən Fransız-Azərbaycan Universitetinin (UFAZ) yaradılmasına diqqət çəkib. Özü yeni olmasa da, standartları yenilənən 10 universitetdə ikili diplomların verilməsi təcrübəsi və beynəlxalq proqramlar tətbiq olunub, bununla əlaqədar tədris planları və proqramları tərəfdaş universitetlərin standartlarına uyğunlaşdırılıb. Hazırda həmin ali məktəblərdə 10 minədək tələbə ingilis dilində təhsil alır.
Təhsil naziri ali təhsildə inkişafdan danışarkən 2014-cü ildən ali təhsil sahəsində ilk dəfə olaraq yeni məzmun və tədris texnologiyaları əsasında həyata keçirilən SABAH layihəsini də unutmayıb. Artıq 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 39 ixtisas və 2300-dən çox tələbəni əhatə edən SABAH qruplarının 1572 məzunu var. İlkin təhlillərə əsasən, onların 37 faizi təhsillərini ölkədə, 17 faizi xaricdə magistratura səviyyəsində uğurla davam etdirir, qalan hissəsi isə ixtisasları üzrə əmək fəaliyyətinə başlayıb.
Azərbaycan gənclərinə sadəcə ölkədəki ali təhsil müəssisələrində deyil, həm də dünyanın ən qabaqcıl universitetlərində yüksək keyfiyyətli ali təhsil almaq imkanı yaradılıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3558 nəfər bu fürsətdən yararlanıb. Hazırda ayrı-ayrı ölkələrlə imzalanmış hökumətlərarası sazişlərə əsasən, ayrılmış kvotaya uyğun olaraq ümumilikdə 535 nəfər azərbaycanlı tələbə müvafiq ölkələrin büdcəsi hesabına mühəndislik, kompüter elmləri, nanotexnologiya, kənd təsərrüfatı və digər ixtisaslar üzrə təhsil alır.
Keyfiyyətli təhsil almaq üçün dünyanın dörd bir yanına üz tutan yalnız azərbaycanlı gənclər deyil. Ötən 5 il ərzində Azərbaycan da keyfiyyətli təhsilin ünvanına çevrilib. Ali təhsil sahəsində keyfiyyət göstəricilərinin yüksəlməsi nəticəsində ölkəmizdə təhsil alan əcnəbi tələbələrin sayında müsbət dinamika müşahidə edilir. 2017-2018-ci tədris ilində Azərbaycanda ali təhsilin bütün səviyyələri üzrə təhsil alan əcnəbilərin sayı 76 ölkədən olmaqla 5871 nəfər təşkil edib, bu isə əvvəlki illə müqayisədə 17 faiz artım deməkdir.
Elmi fəaliyyətin stimullaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər də nəticə verib. Nazir 2015-ci ildə dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı olan Clarivate Analytics şirkəti və Təhsil Nazirliyi arasında bağlanmış Sazişi xatırladaraq, ölkəmizin ali təhsil müəssisələrinin “Web of Science®” elmi məlumat platformasına çıxışının təmin edildiyini vurğulayıb. Nəticədə qlobal elmi bazadan istifadə aktivliyinin dinamikasında 2017-ci ildə əvvəlki illə müqayisədə 75 faiz artım müşahidə olunub. İmpakt faktorlu jurnallarda çap olunmuş məqalələrin sayında isə son 4 ildə 68 faiz artım qeydə alınıb. Nəşr aktivliyinin son 3 ildə artım dinamikasına görə Azərbaycan regionda birinci yerə çıxıb. 2017-ci ildə nəşrlərin sayı 1160 olmaqla son 25 ilin ən yüksək göstəricisi qeydə alınıb, onların təxminən 43 faizi ali təhsil müəssisələrinin payına düşüb. Nazir hesab edir ki, bu sahədə mövcud olan imkanlardan daha səmərəli istifadə istiqamətində səylər daha da gücləndirilməlidir.
Təhsil Nazirliyi sistemində olan universitetlərin professor-müəllim heyəti tərəfindən ixtiraların patentləşdirilməsinə dair son 5 ildə 216 sifariş verilib. İxtiralara alınan patentlərin sayı isə 164 olub. Onlardan 98-i Azərbaycanda, 66-sı isə ölkə hüdudlarından kənarda alınıb: “Universitetlərin mövcud elmi potensialı patentlərin sayının əhəmiyyətli şəkildə artırılmasına imkan verir. Bu baxımdan mövcud elmi potensialdan səmərəli istifadə edərək elmi tədqiqatların keyfiyyət əmsalının artırılması, nüfuzlu beynəlxalq nəşrlərdə elmi məqalələrin çapının genişləndirilməsi, tədqiqat nəticələrinin daha geniş tətbiqinə nail olunması ali təhsil və elmi tədqiqat müəssisələri qarşısında duran əsas vəzifələrdəndir”.
Son illərdə elmi kadr hazırlığını təmin edən doktorantura təhsilinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar da nazirin çıxışının əsas ştrixlərindən olub. O, Təhsil Nazirliyi, AMEA, ölkəmizin 9 və Avropa Birliyinin 5 ali təhsil müəssisəsi tərəfindən “Azərbaycanda doktorantura təhsilinin təkmilləşdirilməsi və vahid Avropa təhsil məkanının tələblərinə uyğun strukturlaşdırılması” NİZAMİ layihəsi çərçivəsində görülən işlərdən danışıb. “Təcrübə göstərir ki, elmi-texnoloji tərəqqi, innovasiyalar və modernləşmə nəticəsində praktiki bilik və bacarıqlarla zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir. Bu baxımdan təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bacarıqların, səriştənin vacibliyi önə çəkilməlidir. Təhsilin məzmunu texnoloji yenilikləri nəzərə almaqla inkişaf etdirilməlidir. Ümumi təhsil pilləsində şəxsiyyətin hərtərəfli formalaşdırılması prioritet olduğu halda, peşə və ali təhsildə əmək bazarının cari və gələcək tələbləri əsas götürülməlidir. Əmək bazarında iş təklif edən bütün subyektlər, dövlət və özəl olmasından asılı olmayaraq, maraqlı tərəfə çevrilməlidir” deyən təhsil naziri təhsilin standart və kurikulumları, cəmiyyətin tələblərinə uyğun səriştə əsaslı ümumi təhsil, peşə və orta ixtisas təhsili standartları və kurikulumlarının məhz bu yanaşmadan çıxış edərək hazırlandığını deyib. Elə bu yanaşma əsasında ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən və rəqabətqabiliyyətli mütəxəssis hazırlığını təmin edən ali təhsil standartları hazırlanıb, onların təsdiqi və tətbiqi ilə bağlı işlər davam etməkdədir.
Növbəti qurultayadək...
“Ümumi təhsilin məzmununun təkmilləşdirilməsi, beynəlxalq qiymətləndirmə tədqiqatlarının meyarlarına və əmək bazarının gələcək tələblərinə uyğunlaşdırılması, o cümlədən innovasiyaların tətbiqi qarşıda duran başlıca vəzifələrdəndir”, - deyən təhsil naziri hesab edir ki, yaxın perspektivdə əmək bazarında yeni bacarıqlara, yeni ixtisaslara ehtiyac yaranacağını nəzərə alaraq, təmayülləşmənin daha erkən yaşlardan tətbiqi, xüsusilə riyaziyyat, informatika, təbiət fənləri, mühəndislik, o cümlədən robototexnika, süni intellekt, nano-texnologiyalar və bu kimi bir sıra innovativ məzmunun ümumi təhsildə tətbiqi prioritet hesab olunmalıdır: “Yeni məzmunun tətbiqi, ilk növbədə, yeni yanaşmaları mənimsəyən və tətbiq etməyi bacaran pedaqoji kadrlar tələb edir. Heç bir təhsil sisteminin potensialı həmin sistemdə çalışan müəllimlərin bacarıq səviyyəsindən yüksək ola bilməz. Məhz bu səbəbdən müəllim hazırlığı üzrə yeni məzmunun tətbiqi, təcrübə komponentinin əhəmiyyətli şəkildə artırılması, təhsil sistemi üçün vacib olan kurikulum, qiymətləndirmə, məktəb psixologiyası, təhsili idarəetmə sahəsində magistratura proqramlarının hazırlanması və tətbiqi bu istiqamətdə əsas hədəflər kimi müəyyən edilib”.
Peşə təhsili sahəsində son illərdə əldə edilən nailiyyətlərin davamı olaraq ixtisasların yeni məzmununun hazırlanması, əmək bazarının tələblərinin nəzərə alınması baxımından biznes subyektləri və işəgötürənlərlə səmərəli əməkdaşlıq münasibətlərinin qurulması və birgə proqramların həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda qeyri-formal və informal yolla əldə edilmiş səriştələrin qiymətləndirilməsi və tanınması mexanizminin hazırlanması və tətbiqi də bu sahədə əsas hədəflərdən biri kimi müəyyənləşdirilib.
“Ali təhsil sahəsində fəaliyyətimizin ən mühüm istiqamətləri əhatəliliyin və keyfiyyətin artırılmasıdır”, - deyən nazir ölkə başçısı tərəfindən təsdiq edilən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na diqqət çəkib: “Hesab edirəm ki, proqramın növbəti illərdə uğurlu icrası ali təhsilin keyfiyyətinin artırılmasına və kadr potensialının gücləndirilməsinə əhəmiyyətli töhfə verəcək. Əlavə olaraq, keyfiyyətin təminatı sistemi kimi akkreditasiya mexanizmlərinin təkmilləşdirilməsi, o cümlədən beynəlxalq akkreditasiyadan keçmiş ali təhsil proqramlarının sayının artırılması, ali təhsil sahəsində tədqiqatlar, innovasiyalar və inkişaf tədbirlərinin, habelə tələbə-sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi də başlıca hədəflərdəndir”.
Nazir hesab edir ki, sənaye və texnoloji inqilab ərəfəsində olan bir cəmiyyətdə təhsil sistemi bu reallığa hazır olmalı, gənc nəsli müasir dövrdən kəskin fərqlənəcək gələcək dövrə hazırlamaq üçün onlara yeni kompetensiyalar, ixtisaslar və peşələr verməlidir: “Dövlət və özəl sektor, təhsil orqanları, təhsil müəssisələri və bütün cəmiyyət səylərini bu məqsəd ətrafında cəmləşdirməlidir. Yalnız birgə təşəbbüslər və fəaliyyətlər nəticəsində keyfiyyətli və rəqabətqabiliyyətli insan kapitalı formalaşdırmaqla ölkəmizin tərəqqisinə, ölkə Prezidenti tərəfindən qarşımıza qoyulmuş məqsədlərə nail olmaq olar”.
“Təhsilə sərmayə qoyan dövlətlər inkişaf edirlər”
Daha sonra çıxış edən Baş nazirin müavini Əli Əhmədov Azərbaycan təhsilində son illər ərzində həyata keçirilən islahatlara diqqət çəkib. Onun sözlərinə görə, sadəcə, məktəb tikintisində son 15 ilin göstəricisi Azərbaycanın bütün dövrlərində inşa edilən məktəblərin 70 faizini təşkil edir. Bu illər ərzində Azərbaycanda müəllimin cəmiyyətin, dövlətin inkişafına öz töhfəsini verdiyini deyən baş nazirin müavini hesab edir ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən islahatlar Azərbaycan təhsilinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində atılan ən cəsarətli addımdır: “Bu islahatlar gələcəkdə Azərbaycan təhsilini yeni səviyyəyə qaldıracaq”.
O bildirib ki, dövlətin təhsilə qayğısı nəticəsində müəllimin həyat şəraiti, təhsilin məzmun və keyfiyyətinin yaxşılaşdırılması müşahidə edilir: “Təhsilin məzmununda keyfiyyət dəyişikliyi ilə əlaqədar islahatlar öz bəhrəsini verir”.
Ancaq qarşıda duran vəzifələr də çoxdur. Bunun üçün isə qarşılıqlı fikir mübadiləsinin aparılmasına ehtiyac var: “İlk növbədə yeni texnologiyaların yaranması və həyatımızda tətbiqinə imkan yaradılmalıdır. Təhsilin milli sərvətə çevrilməsi qarşımızda duran əsas vəzifələrdəndir. Bununla yanaşı, təhsilin rəqabət qabiliyyətinin artırılması da vacib şərtdir. Bu gün təhsilə, yeni texnologiyaların tətbiqinə sərmayə qoyan dövlətlər inkişaf edirlər”.
Ə.Əhmədov təhsilin səviyyəsinin yüksəlməsi ilə məşğulluq arasında bağlantı qurub: “Təcrübə göstərir ki, yüksək ali təhsil alanlar digərlərinə nisbətən 3 dəfədən çox əməkhaqqı alırlar. Hər il əmək bazarına təhsilini başa vuran 100 mindən çox yeni işçi qüvvəsi gəlir. Araşdırmalar göstərir ki, işlərini daha tez-tez itirənlər yüksək təhsil səviyyəsi olmayanlardır. Bu mənada, təhsilin səviyyəsinin yüksəlməsinin məşğulluğun yüksəlməsi ilə birbaşa əlaqədar olduğunu deyə bilərik”.
Baş nazirin müavini hesab edir ki, bu gün ölkəmizdə hər bir təhsil alan gənc öz imkanlarının 60 faizini reallaşdıra bilir, inkişaf etmiş ölkələrdə isə bu göstərici 75 faizdən yüksəkdir.
İmkanlı ailələrin təhsil xərclərinə maliyyə vəsaiti ayırmasının qanunverici əsası yaradılmalıdır
Azərbaycan Müəllimlərinin XV qurultayının keçirilməsini cəmiyyət üçün çox əlamətdar hadisə kimi dəyərləndirən Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, bəşəriyyət hər zaman qazandığı uğurlara görə təhsilə və elmə borclu olub. Təhsil sistemində bir çox uğurları qeyd edən B.Muradovanın fikrincə, bu, Azərbaycan dövlətinin iqtisadi imkanlarının artmasının, regionda və dünyada mövqeyinin möhkəmlənməsinin nəticəsidir.
B.Muradova təhsil sahəsində qanunvericiliyin hər zaman diqqət mərkəzində olduğunu, bu sahə üzrə qanunvericlik aktlarının daim təkmilləşdirildiyini də vurğulayıb: “Xüsusən, son çağırış parlamentdə peşə məktəbləri, orta ümumtəhsil məktəbləri, ali təhsil ilə bağlı qanunvericilik aktlarına bir sıra dəyişikliklər edilib. Bu, həm də millət vəkillərinin təhsil sahəsinə verdikləri önəmlə bağlıdır”.
Milli Məclis sədrinin müavini təhsildə inkişaf üçün təhsilverənlərlə yanaşı, ailənin, cəmiyyətin bu işə cəlb edilməsinin mütləq olduğu qənaətindədir: “Övlad yetişdirən valideynlərin müasirləşməsi, hətta övladları ilə birlikdə təhsil almasına diqqət etməliyik”.
B.Muradova təhsil müəssisələrinə ailələr tərəfindən edilən maddi yardımların qanuniləşdirilməsini təklif edib: “Hər hansı imkanlı ailənin övladının təhsil xərclərinə maliyyə vəsaiti ayırmasında qəbahət yoxdur. Bunun qanunverici əsasını yaratmaq olar. İmkanlı ailələrin təhsil sahəsinə dəstəyinin olması təbii haldır. Hər bir imkanlı valideyn övladının təhsilinə vəsait ayırmaq istəyər”.
DİM-müəllim əməkdaşlığı öz töhfəsini verir
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov Muxtar Respublikada təhsil sahəsində görülən işlər barədə geniş məlumat verib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev vurğulayıb ki, hər bir ölkənin gələcəyi təhsil sisteminin uğuru ilə ölçülür. Azərbaycan təhsilinin inkişaf göstəriciləri bu sahədə geniş islahatlar aparıldığını əyani sübut edir. Ölkədə təhsilin və müəllimin inkişafına sevinənlərdən və bunun üçün əlindən gələni edənlərdən biri də AHİK-dir: “Bu gün əminliklə demək olar ki, strateji sahə olan təhsil cəmiyyətin bütün sahələrinə nüfuz edib”.
Səttar Möhbalıyev AHİK üzvü olan təhsil işçilərinin hüquq və mənafelərinin qorunması, onların və ailələrinin sağlamlığına qayğı, istirahətlərinin təşkili istiqamətində həyata keçirilən işlərdən danışıb. Bu məsələdə əsas tərəfdaşı olan Təhsil Nazirliyi ilə qarşılıqlı razılaşmalara toxunub. AHİK sədri bundan sonra da Azərbaycan müəllimlərinə diqqət və qayğını davam etdirəcəklərini, onların asudə vaxtını səmərəli təşkil etməyə çalışacaqlarını deyib.
“Ölkəmizdə gedən sosial-iqtisadi inkişaf bütün sahələr üzrə bacarıqlı mütəxəssislərin hazırlanmasını tələb edir. Ölkə rəhbərliyinin böyük diqqət və qayğısı nəticəsində təhsil və mütəxəssis hazırlığı dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bu isə öz növbəsində DİM-in işinin keyfiyyətinə müsbət təsir göstərir” - deyən Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan müəllimlərinin XV qurultayında rəhbərlik etdiyi qurumun müəllimlərlə əməkdaşlıqlarından, müəllimlərin onların işinə verdiyi töhfədən xüsusi danışıb.
DİM sədri təbrik nitqini Azərbaycan təhsil sisteminin aparıcı təhsil sistemlərindən birinə çevriləcəyinə ümid notları ilə yekunlaşdırıb: “İnanıram ki, müasir dövrün çağırışlarına, təhsilin inkişafı üzrə Dövlət Strategiyasına və ölkəmizin inkişaf konsepsiyasına uyğun olaraq növbəti illərdə Azərbaycan təhsili keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabətqabiliyyətliliyinə görə aparıcı təhsil sistemlərindən birinə çevriləcək”.
Qurultayda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov Dünya İqtisadi Forumunun 2018-ci ildə dünya ölkələrinin inklüziv inkişaf barədə hesabatına toxunub. Azərbaycan bu hesabatda keçid iqtisadiyyatı ölkələri arasında 3-cü yeri tutub. Bu sənəddə daha önəmli bir məqam inklüziv inkişaf səviyyəsi ilə bağlıdır. Qrupda Azərbaycanın iqtisadi imkanına görə, 26-cı yerdə olmasına baxmayaraq, inklüziv inkişaf göstəricisinə görə 3-cü yeri tutduğunu deyən rektor bunu təhsil sisteminin inkişafının nəticəsi kimi dəyərləndirib və bu məsələdə Azərbaycan müəllimlərinin rolunu xüsusi qiymətləndirib.
McKinsey şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Kadir Sinan Köksoy hesab edir ki, keyfiyyətli təhsil milli hökumətlər üçün önəmlidir. Azərbaycan, təhsil sahəsi də daxil olmaqla, bir çox istiqamətlərdə aparılan islahatlar üzrə dünyada lider ölkələrdən biridir. Təhsildə qoyulan hədəflərə nail olmaq üçün Təhsil Nazirliyinin həyata keçirdiyi islahatlar və vacib istiqamətlər üzrə əldə edilən uğurlara toxunan Köksoy müəllimlərin nüfuzunun artırılmasını Azərbaycanın gələcəyi üçün önəmli məsələlərdən sayıb.
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev ölkə təhsilinin əldə etdiyi uğurlarda Cəbrayıl rayonunun payına düşən rəqəmlərə diqqət çəkib.
Daha sonra çıxış edən gənc müəllim Nigar Əliyeva yüksək balla müəllimlik ixtisasını seçənlərdəndir. O, 670 balla riyaziyyat müəllimi olmağı seçib və artıq bu arzusuna çatıb. Nigar müəllim bu peşəni seçməsində sadəcə riyaziyyata olan həvəsi deyil, riyaziyyat müəlliminə olan sevgisinin də payı olduğunu deyib. Təhsil sahəsində qazanılan uğurlardan, müəllim nüfuzunun artırılması istiqamətində atılan addımlardan danışıb. Bir müəllim kimi görülən tədbirlərdən həvəsləndiyini diqqətə çatdırıb.
Qurultay çərçivəsində ölkə Prezidentinin sərəncamlarına əsasən “Əməkdar müəllim” fəxri adı verilmiş və “Tərəqqi” medalı ilə təltif olunmuş 127 təhsil işçisinə dövlət təltiflərinin təqdimetmə mərasimi keçirilib.
Qurultay öz işini panel müzakirələrlə davam etdirib. Panel iclasları “Ümumi təhsil: bu günə və gələcəyə baxış. Ümumi təhsilin məzmunu”, “Ümumi təhsil: bu günə və gələcəyə baxış. Şagird nailiyyətlərinin qiymətləndirilməsi”, “Ümumi təhsil: bu günə və gələcəyə baxış. Müəllim və cəmiyyət”, “Ümumi təhsil: bu günə və gələcəyə baxış. Ümumi təhsilin idarə olunması”, “Peşəyönümü işinin təşkili və peşə təhsilinin təbliği”, “Ali təhsil: mövcud vəziyyət, perspektivlər”, “Təhsildə innovasiyalar” mövzularında aparılıb.
Daha sonra qurultayın qətnaməsi qəbul olunub.
Ruhiyyə DAŞSALAHLI