Xanım Yelena Brızqalina tələbələrə iki gün mühazirə oxuyub


Lomonosov adına Moskva Dövlət Universitetinin “Fəlsəfə tədrisi”  kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Yelena Vladimirovna Brızqalina Naxçıvan Dövlət Universitetinə  mühazirə demək üçün dəvət olunub. Universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində təşkil edilən mühazirələrin hər biri 90 dəqiqə olmaqla iki gün davam edib.

 

Mühazirənin birinci günündə “XXI əsr elminin xüsusiyyətləri: fəlsəfə aspektləri” mövzusundan bəhs edilib. XXI əsrdə elmin texnikanın inkişafı ilə bağlı elm qarşısında duran vəzifələr, yeni dövrdə elmin başlıca məqsədləri, cəmiyyətin tənzimlənməsindən danışılıb. Qeyd olunub ki, müasir dövrdə  dünya haqqında obyektiv biliklərin toplanması tələbi artır, həqiqi biliklərin əldə olunması yolları müəyyən olunur. Nəzəri nöqteyi-nəzərdən dünyaya bütöv bir varlıq kimi baxılması, fəlsəfə elmi çərçivəsində cəmiyyət və təbiət haqqında bütöv məlumatların ümumiləşdirilməsi məsələsi durur.

 

“Müasir universitet müəllimlərinin və tələbələrin fəlsəfi düşüncələri” adlanan ikinci mühazirədə universitet təhsilinin xüsusiyyətləri, məqsədi, vəzifələri, cəmiyyətin müxtəlif sahələrində tətbiqi vurğulanıb. Nəzərə çatdırılıb ki, müəllim-tələbə ünsiyyəti, tələbələri müasir dövrün tələblərinə uyğun səviyyədə hazırlamaq, müəllim və tələbələrin öz üzərində çalışma metodları, qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirmək gələcək üçün savadlı kadr yetişməsinin ən başlıca göstəricisidir.

 

Yelena Vladimirovna Brızqalina Naxçıvana səfəri çərçivəsində Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbində olaraq müəllim və şagirdlərlə görüşüb, şagirdlərin vətənpərvərlik ruhunda səsləndirdiyi şerləri dinləyib. Qeyd olunub ki, muxtar respublikada rus dili yüksək səviyyədə tədris olunur.

 

Universitet şəhərciyini gəzən xanım buranın maddi-texniki bazası,  Media Mərkəzi, korpuslar ilə tanış olub, tələbələrin səliqəli və vahid formada olmalarının bəxş etdiyi xoş auradan danışıb.