Şagirdlərə hüceyrənin bölünməsi izah olunub
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın 221 ümumtəhsil müəssisəsi üçün interaktiv üsulla növbəti “açıq dərs” keçirilib.
AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Biokimyəvi tədqiqatlar laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Ələkbərovun apardığı dərsdə şagirdlərə hüceyrənin bölünməsi barədə ətraflı məlumat verilib, orqanizmlərin çoxalma formaları şərh edilib. Bildirilib ki, hüceyrə və onun struktur elementləri orqanizmlərin çoxalmasının maddi əsasını təşkil edir.
Məruzəçi diqqətə çatdırıb ki, hüceyrənin tədqiqi 1590-cı ildə Yanson qardaşlarının işıq mikroskopunu ixtirasından sonra mümkün olub. İlk dəfə olaraq Robert Huk 1665-ci ildə bioloji toxumanın-Quercus suber ağacından hazırlanmış tıxacın kəsiyinə mikroskop altında baxarkən, tıxac kəsiyinin çoxlu sayda hücrəciklərdən ibarət olduğunu görüb və onlara hüceyrə adı verib.
Qeyd olunub ki, 1933-cü ildə müasir elektron mikroskoplarının icad edilməsi ilə hüceyrə quruluşunun öyrənilməsində yeni dövr yaranıb və artıq bu mikroskoplarla 4 A ölçüdə hüceyrə komponentlərini tədqiq etmək mümkündür.
Ramiz Ələkbərov hüceyrə nəzəriyyəsindən də bəhs edərək bildirib ki, bu, təkamül baxışlarının meydana çıxmasına səbəb olan bir nəzəriyyədir və XIX əsrin ortalarında təşəkkül tapıb. Hüceyrə nəzəriyyəsinin əsası 1839-cu ildə alman alimləri Teodor Şvann, Mattias Şleyden və Rudolf Virxov tərəfindən qoyulub. Teodor Şvann və Mattias Şleyden ilk dəfə olaraq hər bir orqanizmin quruluş vahidinin hüceyrə olduğunu sübut edərək “hüceyrəsiz həyat yoxdur” ifadəsini elmə gətiriblər.
Dərsdə çoxalmanın növləri, Mitoz və Meyoz bölümündə xromosom və DNT-dəki dəyişikliklər, o cümlədən Mitozla meyozu Venn diaqramında müqayisəsi videogörüntü vasitəsi ilə əhatəli şəkildə şagirdlərin diqqətinə çatdırılıb.