Azərbaycan İdman Akademiyasında Müəllimlər Günü təntənəli şəkildə qeyd edilib.

 
"Azərbaycan müəllimi" xəbər verir ki, Azərbaycan İdman Akademiyasında 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə müəllimlərin təhsildəki əvəzsiz rolu vurğulanıb, təltif olunma mərasimi baş tutub.
 
Tədbiri giriş sözü ilə açan Azərbaycan İdman Akademiyasının Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru Ülkər Babayeva təqdimat edərək, müəllimlərin gənc nəslin formalaşmasında göstərdiyi xidmətlərin dəyərinin əvəzsiz olduğunu qeyd edib.
 
Tədbir çərçivəsində müəllimlərin fəaliyyətini və Akademiyanın inkişafında göstərdikləri töhfələri əks etdirən video nümayiş olunub. Eyni zamanda 22 aprel-14 sentyabr 2024-cü il tarixlərində Azərbaycan İdman Akademiyasında Strateji İnkişaf Planı çərçivəsində professor-müəllim heyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə keçirilmiş “İdman təhsili: Tədris və təlimə fərqli baxış” təkmilləşmə təlimlərini uğurla başa vuran müəllimlərə xüsusi sertifikatlar təqdim edilib.
 
Sonda Azərbaycan İdman Akademiyasının Rektoru Fuad Hacıyev çıxış edərək, müəllimlərin Akademiyanın uğurunun təməlində dayandığını vurğulayaraq onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.