“Bu gün Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində ADA Universitetində keçirilən "İqlim keçidlərində ali təhsilin rolu" mövzusunda tədbirdə iqlim dəyişikliyi üzrə universitetlər arasında şəbəkənin yaradılması təklif olunub. Təklif çox müsbət qarşılandı, ümumi razılıq var”.
Bunu “ Azərbaycan müəllimi”nə açıqlamasında ADA Universitetinin prorektoru Fariz İsmayılzadə deyib.
O bildirib ki, noyabradək universitetlərin iqlim dəyişiklikləri ilə bağlı xüsusi şəbəkəsinin sturukturu, məzmunu, gələcək iş planları ilə bağlı rektorlar ilə görüşlər təşkil ediləcək.
"Ümumi müzakirələr aparılıb. Rektorların çoxu bu təşəbbüsü dəstəkləyir. Biz həmin şəbəkənin formatını razılaşdırıb COP sammiti zamanı elan edəcək və bununla bağlı bəyanat verəcəyik:
“Şəbəkənin fəaliyyəti çərçivəsində iqlim dəyişiklikləri ilə bağlı tələbələrin birgə fəaliyyəti, birgə elmi işlər, konfranslar, simpoziumlar təşkil oluna, kurikulumda yeniliklər edilə bilər. Burada çoxşaxəli bir əməkdaşlıqdan söhbət gedir”.
O qeyd edib ki, şəbəkə təkçə ölkənin universitetlərini deyil, elmi tədqiqat müəssisələrini də əhatə edəcək. Həmçinin təhsil sahəsində fəaliyyət göstərən şirkətlər də bu şəbəkədə təmsil oluna bilər.
Yetər KƏRİMLİ