Macarıstan Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetinin (MATE) rektoru Csaba Gyuriczanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texnologiya Universitetinə (ATU) səfər edib.
 
Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən məlumat verilib.
 
Nümayəndə heyətinin tərkibində Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma, səfirliyin mədəniyyət və təhsil məsələləri üzrə diplomatı Monika Felföldi, iqtisadi və ticarət məsələləri üzrə attaşesi Daniel Brenner, MATE-nin Beynəlxalq əlaqələr üzrə direktoru David Bekeşi təmsil olunub.
 
Nümayəndə heyətini ATU-nun rektoru v.m.i.e. dos. Yaşar Ömərov qəbul edib. Görüş zamanı Y.Ömərov Azərbaycan və Macarıstanın partnyor ölkələr olduğunu vurğulayaraq bu gün ATU ilə MATE arasında təməli qoyulan əlaqələrin hər iki ölkənin elm və təhsil sahəsinə töhfə verəcəyinə əminlik ifadə edib. Geniş tərkibli görüşdə universitetlər arası əməkdaşlıq imkanları ətraflı müzakirə edilib.  
 
Görüşün sonunda hər iki universitet arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəddə tələbələrin və akademik heyətin mübadiləsi, birgə konfrans, seminar və təlimlərin keçirilməsi, elmi əməkdaşlıq və s. öz əksini tapır. 
 
Səfər çərçivəsində nümayəndə heyəti universitetin laboratoriyaları, tədris mərkəzləri, maddi-texniki bazası ilə yaxından tanış olub.   
 
Qeyd edək ki, MATE dünya universitetlərinin reytinqi (QS World University Rankings) sıralamasında 1001-1200 aralığında, Avropa universitetləri arasında 615-ci yerdədir.