"Ölkəmizdə kitaba, nəşriyyat işinə dövlət tərəfindən ciddi diqqət yetirilir. Kitab sənayesi, nəşriyyat işi inkişaf etməkdədir. Bütün bunlar həm də onun üçündür ki, bu sahənin peşəkar iştirakçıları, naşirlər daha çox kitab nəşr etsin və bizim oxucularımızın sayı artsın". 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli bu gün keçirilən 10-cu Bakı Beynəlxalq Kitab Sərgisində jurnalistlərə açıqlaması zamanı deyib.
 
Onun sözlərinə görə, builki sərgi əvvəlkilərdən fərqlənir. Biz çalışırıq ki, sərgini daha da zənginləşdirək. İctimaiyyət üçün maraqlı məzmun və formada təqdimatlar nümayiş etdirək. 
 
"Builki sərgidə iştirakçıların sayı da ötənilki ilə müqayisədə çoxdur. Bu il 18 ölkəni əhatə edən 56 xarici və 110 yerli naşir sərgidə iştirak edir. Sərgi bugündən öz işinə başlayır və 8 oktyabra qədər davam edəcək. Sərgi günlərində görkəmli yazıçılar ilə görüşlər də təşkil olunacaq".
 
Nazir əlavə edib ki, bu il Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri qonağı İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatıdır (İSESKO).
 
"Bu il İSESKO tərəfindən Şuşa İslam dünyasının mədəniyyət paytaxtı elan edilib. Bu çərçivədə bir çox layihələr təqdim olunur. İSESKO Azərbaycanla əlaqələrini inkişaf etdirir. Xüsusilə də, elm, təhsil və mədəniyyət sahəsində əsas fəaliyyət istiqaməti olaraq əlaqələrin genişlənməsində bu təzahürlər özünü büruzə verir. 10-cu Bakı Beynəlxalq Kitab Sərgisində yaş kateqoriyasından asılı olmayaraq bütün oxucu kontingenti üçün maraqlı tədbirlər olacaq".
 
Yetər KƏRİMLİ