Maarifçi insanlar yeniliyə açıq və çalışqan olurlar. Bu gün haqqında söz açacağım maarifçi, müəllim Ziba Məmmədova çətin və şərəfli peşəsinə böyük sevgi və xüsusi diqqətlə yanaşan, yaradıcı, əsil zəhmətkeş müəllimlərimizdəndir.
Dərs dediyi şagirdlərin hər biri Ziba müəllimi öz anası, sevimli müəllimi və həyatda örnək götürə biləcəyi bir nümunə kimi xarakterizə edir. Ziba müəllimə həyatının 40 ildən artıq bir dövrünü təhsilə, təlim-tərbiyəyə, o cümlədən gələcək Azərbaycan vətəndaşlarının formalaşmasına sərf edən bir ziyalıdır. Həssas qəlbə malik olduğundan uşaqların ən kiçik problemlərinə diqqətlə yanaşıb dəyərli pedaqoq. İşlədiyi kollektivdə olduqca dolğun, səmərəli pedaqoji fəaliyyəti və yüksək əxlaqi keyfiyyətləri ilə həmkarlarının və şagirdlərin dərin hörmət və etimadını qazanmağa nail olub. Xüsusi ustalıqla nümayiş etdirdiyi açıq dərslər məktəb kollektivinin və şagirdlərin diqqətini öz üzərinə çəkərək uzunmüddətli müzakirələrə səbəb olub. Bununla yanaşı “İnnovativ müəllim 2018” müsabiqəsinin qalibidir.
Ürəyimdə Kəndoba kəndindən başlayan böyük bir Azərbaycan sevgisi var
Məmmədova Ziba Əziz qızı - 17 noyabr 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində, ziyalı ailəsində doğulub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetində Kimya Biologiya ixtisası üzrə ali təhsil alıb. 1985-ci ildən etibarən Ağsu rayon Kəndoba kənd orta məktəbinə təyinat alaraq müəllim işləyib. Həmin ildən etibarən Kəndoba kənd Tam orta məktəbində kimya-biologiya müəllimi, müxtəlif illərdə isə tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
“Mənim üçün Azərbaycanın dörd bir yanı – həm doğulub boya-başa çatdığım Tovuz rayonu, həm də 40 illik müəllimlik etdiyim və yaşadığım, sakini olduğum Ağsu rayonu əzizdir, doğmadır. Ürəyimdə Kəndoba kəndindən başlayan böyük bir Azərbaycan sevgisi vardır” – deyir Ziba müəllim.
- Qrant müsabiqələrinə bir neçə dəfə layihə təqdim etmisiniz. Xüsusən “Bizə qoşul və xilas et” adlı layihədə müraciət etdiyiniz mövzu son dərəcə aktual problemlərin həllinə yönəlib. Bu layihə necə ərsəyə gəldi?
- 2017-ci idə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə l qrant müsabiqəsində “Bizə qoşul və xilas et!” məktəblərarası əməkdaşlıq layihəsi ilə qalib gəldim. Sosial mediada, həmçinin ətrafımızda tez-tez qarşılaşdığımız azyaşlıların evləndirilməsi, erkən nikaha təhrik edilməsi faktlarının günü-gündən artması biologiya müəllimi olaraq məni daha çox narahat edirdi. Düşündüm ki, problemin həlli istiqamətində vaxtında səy göstərməsək, daha ciddi fəsadlar özünü göstərər, təhsilimizin göstəriciləri daha da aşağı səviyyəyə enə bilər. Bilirdim ki, problem ilə mübarizədə təlim tərbiyə ocaqları olan məktəblərin üzərinə böyük vəzifə düşür. Məktəb şagirdlərin valideynləri, ailə və ictimaiyyət ilə çox geniş miqyaslı iş aparmalı, məktəblilərin sosial mövzularda olan problemlərin müzakirəsinə qoşulmasını təmin etməlidir. Şagird özünü dərk etdiyi ilk vaxtlardan ümumbəşəri problemlərin varlığını və nədən qaynaqlandığını bilməli, bunlara qarşı mübarizə tədbirlərini həyata keçirmək üçün həll yollarını öyrənməlidir.
Şagirdlər erkən evliliyin fəsadları barəsində tam məlumatları olsalar, onlar potensial qurban olmaq riskindən uzaq qalarlar. Ona görə də “Bizə qoşul və xilas et!” adlı layihə təklifi ilə çıxış etdim və layihəmə dövlət dəstəyi alaraq uğurla icra etdim. Həmçinin də bilirdim ki, rayonumuzun ümumtəhsil məkətəblərində mövzu ilə bağlı seminarların və müsabiqənin keçirilməsi üçün real mühit mövcuddur. Biz layihə çərçivəsində təlimlər təşkil edərək yeniyetmələrə izah etdik ki, məişət zorakılığı, təhsildən yayınma halları, öz insanların öz hüquqlarını bilməməsi və müdafiə edə bilməməsi üzündən erkən evliliyin qurbanları arasında intihar halları da gün-gündən artmaqdadır. Erkən evliliklər çox vaxt uğursuz olur və boşanmaların sayını kəskin şəkildə artırır. Boşanma halları zamanı nikah qanunsuz olduğundan və yaxud da heç bir nikah şəhadətnaməsi olmadığına görə qadın məhkəmədə müdafiəsiz qalır, heç bir əmlaka sahib ola bilmir, hətta övladlarını saxlamaq üçün də aliment ala bilmir. Bu da özlüyündə ailə tragediyalarını yaradan səbəblərdəndir.
- Layihə gözlədiyiniz kimi nəticələndimi?
- Layihənin nəticəsi olaraq şagirdlər erkən evliliklərin fəsadları və mübarizə yolları barədə məlumatlandırıldı, həmçinin könüllü şagird və müəllimlərdən ibarət şəbəkəmiz yarandı. Könüllülərimiz həmyaşıdlarının da bu mövzuda maarifləndirilməsinə nail olurlar. Həmçinin layihənin sosial media hesabları vasitəsi ilə, öyrədici və paylayıcı vəsaitlər hesabına daha çox insanın maariflənməsinə, valideynlərin övladlarına qarşı məsuliyyətsizlik və nöqsanların aradan qaldırılması haqqında geniş informasiya əldə etməsinə nail olduq. Ümumilikdə layihəni həyata keçirməkdə məqsədim erkən evliliklərə qarşı mübarizədə hüquqi maarifləndirməni gücləndirmək, potensial qurbanların sayının azalmasına kömək etmək, erkən evliliyin fəsadlarını diqqət mərkəzində saxlamaqla mübarizə yollarının məktəblilərə öyrədilməsindən ibarət idi. Hesab edirəm ki, məqsədimə nail oldum.
- Müsabiqədə nə üçün ikinci dəfə eyniadlı layihə ilə iştirak etdiniz?
- Əslində bir layihə ilə cəmiyyətdə çox geniş yayılmış bu kimi problemlərin həllini gözləmək real olmazdı. Problemin çıxış yolları barədə müzakirələri, ümumilikdə maarifləndirmə işlərini çoxaltmaq, daha fərqli auditoriyalara çatdırmaq lazım idi. Onun üçün də layihəmizi bir qədər də təkmilləşdirərək növbəti dəfə müsabiqəyə qoşuldum. Çünki layihənin icası zamanı problemin aktuallığı bir daha ortaya çıxdı və buna görə də eyni adlı layihə təklifi ilə IV qrant müsabiqəsində iştirak etdim və layihəm uğur qazandı. Biz artıq layihənin ikinci fazasını icra edirdik. Bu dəfə daha geniş arealda. Bu dəfə hədəf qrupunu da genişləndirdik və icra planını şaxələndirdik. Belə ki, layihə çərçivəsində mövzu ilə əlaqədar məktəblilər arasında 25 gün müddətində inşa yazı müsabiqəsi elan olundu və inşa yazı müsabiqəsi nəticəsində şagirdlər mövzu ilə əlaqədar daha çox araşdırmalar apararaq daha geniş informasiyalar əldə etdilər, mübarizə yuollarını birlikdə müzakirə etdik.
Birinci layihə zamanı könüllü olaraq bizə qoşulan gənc biologiya müəllimlərinin fasilitator dəstəyini hss etdik. Belə ki, biz layihə çərçivəsində Ağsu rayonunun 20-ə yaxın ümümtəhsil məktəbinin şagirdlərinə erkən evliliklərin fəsadlarını və problemlə mübarizə yollarını müzakirə edə bildik. Layihə çərçivəsində məktəblilər arasında Sosial çarx müsabiqəsi təşkil olundu və yeniyetmələr artıq erkən evliliyin sadəcə bir sosial problem deyil, olduqca ciddi bioloji problem olduğunu bildikləri üçün müsabiqəyə bir-birindən maraqlı, siosial mesajlar öterə bilən, düşündürücü videoçarxlar hazırlayıb göndərdilər. Layihə çərçivəsində təşkil olunmuş həm inşa yazı, həm sosial çarx müsabiqəsinə təqdim olunan işlər ekspert qrupu tərəfindən qiymətləndirildi, qalib gəlmiş məktəblilərə müvafiq olaraq diplom və fəxri fəranlar təqdim olundu. Müsabiqələrin bütün iştirakçılara isə iştirakçı sertifikatı təqdim olundu.
- “Sağlam qidalan sağlam ol!” deyirsiniz...
- Qida zəhərlənmələri, uşaqların düzgün qidalanmaması nəinki Azərbaycanda, eləcə də bütün dünyada narahatlığa səbəb olan məsələlərdən biridir. Məktəb illəri uşaqlarımızın intensiv əqli və fiziki inkişafı dövrüdür, bilməliyik ki, qidalanma şagirdlər və onların valideynləri üçün əsas məsələlərdən biri kimi daim diqqət mərkəzində olmalıdır. İxtisasca kimya-biologya müəllimi olduğum üçün bilirəm ki, məktəblilərin qidalanmasının düzgün təşkili məhz yeniyetmə dövrdə meydana çıxan bir çox problemlərin həllində kömək edə bilər.
Əfsuslar olsun ki, məktəblilər düzgün qidalanmanın sağlam həyat tərzinin tərkib hissəsi olması barədə zəif təsəvvürə malikdirlər. İnformasiya azlığı üzündən Azyaşlıların qidalanma rejimini pozmaları, çipslər, fast-fud yeməkləri, suxarilər, konfetlər, şokoladlı batonlar və s-dən sui-istifadə etmələri əsas problemi kütləvi şəkil almış nəticələridir. Bu isə adətən valideynlər və uşaqlar arasında məlumatın yetərincə olmaması ilə əlaqədardır. Mən də müəllim olaraq dərs prosesində hər zaman şagirdlərimə düzgün qidalanmanın əhəmiyyətindən söz açmışam. Amma daha geniş kütlənin maariflənməsi, qeyri-formal təlim metodları vasitəsi ilə məktəblilərə təlimlərin keçilməsinə ehtiyac duyduğum üçün ideyamı layihəyə çevirdim.
2022-ci tədris ilində məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə təhlükəsiz qidalanma vərdişlərinin aşılanması məqsədi ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsində iştirak etdim və “Sağlam qidalan sağlam ol!” adlı layihəm qalib gəldi.
Layihənin fəaliyyət planına uyğun olaraq mövzu barədə daha geniş informasiya ilə təmin edilməsi məqsədi ilə “Sağlam qidalan sağlam ol!” adlı maarifləndirici bukletlər hazırlandı və rayon ümumtəhsil məktəblərinə təqdim olundu. Ağsu rayon ümumtəhsil müəssisələrinin şagirdləri və onların valideynləri üçün “Zərərli qidalar və onların fəsadları” mövzusunda tematik seminarlar keçirildi, şagirdlər arasında 30 gün müddətində “Sağlam qidalanma necə olmalıdır" adlı esse müsabiqəsi təşkil olundu. Layihə nəticəsində Məktəblilərin qida təhlükəsizliyi ilə bağlı işin təkmilləşdirilməsi yolları mövzusunda qabaqcıl təcrübənin yayılmasına nail olduğumuzu deyə bilərəm. Psixoloji-pedaqoji təsir metodlarının köməyi ilə yeniyetmələr arasında yanlış zərərli qida vasitələrinə qarşı meyillilik halları azalıbdır. Məktəblilər arasında sağlam qidalanmanın təşviqi genişləndirilib, təlimlərimizdə iştirak edən azyaşlılar qida təhlükəsizliyi anlayışını dərindən dərk edir mübarizə yollarını birlikdə araşdırıb, sağlam və faydalı qidalanmanı vərdişlərini möhkəndiriblər.
- İcra etdiyiniz layihələrdə çox təsirli məqamlar olubmu?
- Bir layihənin icrası hər hansı bir mövcud problemin həllinə yönəldiyindən təbiidir ki, təsirli məqamlar yaşanır. Layihə problemin qismən də olsa aradan qaldırılmasına xidmət edir. ”Bizə qoşul və xilas et!” layihəsinin təlimi zamanı benefisiarlardan olan bir valideynin səmimi etirafı bizi çox təsirləndirmişdi. İllər əvvəl öz azyaşlı qızını steriotiplərə baş əyərək məktəb yaşlarında erkən evliliyə təhrik etmiş valideynin etirafı və göz yaşları bu gün də yadımdadır. O övladının uğursuz həyat hekayəsini danışmışdı.
- Ziba müəllim, bir qədər də tədris metodikanızdan bəhs edərdiniz.
- Fasilitasiya prosesində dərslərimi təlim metodları olaraq fəal təlimin forma və üsullarından istifadə edərək qururam. Düşünürəm ki, bir müəllim konkret halda vəziyyəti düzgün təhlil edib, uğurlu çıxış yolu tapmalı, məsələlərə müstəqil və yaradıcı yanaşma, qeyri-standart qərarlar qəbul etməyi bacarmalı, ümumilikdə fasilitasiya qaydalarına tam əməl etməlidir. Çalışdığım məktəb ucqar kənd məktəbi olsa da işlədiyim illər ərzində ixtisasım ilə əlaqədar biologiya gecələri və Vətənpərvərlik mövzusunda böyük tədbirlər təşkil etmişəm, tədbirlərimiz vaxtaşırı olaraq mətbuatda işıqlandırılıb. 2017-2018-ci tədris ilində isə pedaqoji mühazirə müsabiqəsinin rayon mərhələsində qalib gələrək finala yüksəlmişəm. Vaxtaşırı olaraq dövrü mətbuatda pedaqoji məqalələrim dərc edilir.
- Necə düşünürsünüz, əməyiniz yetərincə qiymətləndirilibmi?
- Müəllim işlədiyim ilk vaxtlardan etibarən təhsilimə, dünyagörüşümə güvənərək atdığım hər bir addımımda inamla irəliləmişəm. Elə bu inamın nəticəsidir ki, çalışdığım ilk illərdən bu günə qədər rayon təhsil şöbəsinin, regional rəhsil idarəsinin və rayon icra hakimiyyətinin təşəbbüsü ilə bir neçə dəfə qabaqcıl müəllimi kimi fəxri fərman və diplomlarlar təltif edilmişəm. Hesab edirəm ki, bir müəllimin ən böyük qazancı şagirdlərinin sevgisi, cəmiyyətin hörmət və diqqətidir.
Pedaqoji fəaliyyyəti dövründə hər zaman rayonun qabaqcıl müəllimi kimi sayılıb-seçilən Ziba Məmmədova təhsil sahəsində əvəzsiz xidmətlər göstərmişdir. Dərs dediyi şagirdlər arasında bu gün də onun peşəsini seçən, onun yolunu davam etdirənlər az deyil.
Elnarə QASIMOVA,
Dağlıq Şirvan regionu üzrə təmsilçi