Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) alimləri “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı monoqrafiya dərc ediblər.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, bu günlərdə UNEC-in professor-müəllim heyətinin “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Yaşıl iqtisadiyyat: Ekoloji və iqtisadi krizlərə qarşı antiböhran idarəetmə modeli (elmi-populyar nəşr)” adlı monoqrafiyası dərc olunub. Monoqrafiyanın elmi məsləhətçisi UNEC-in rektoru professor Ədalət Muradovdur. Kitab UNEC-in  professor-müəllim heyətinin dəstəyi və iştirakı ilə ərsəyə gəlib. Redaksiya heyətinin sədri Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri dosent Sadiq Qurbanov, baş redaktoru iqtisad elmləri doktoru, professor, Əməkdar müəllim Zahid Məmmədovdur. 
 
Monoqrafiyada S.Qurbanovun Heydər Əliyev və ekoloji siyasət, Zahid Məmmədovun  yaşıl universitet və dünya təcrübəsi, Səadət Qəndilovanın ekoloji, sosial məsuliyyət və keyfiyyətli korporativ idarəetmə sistemi, İlqar Xəlilovun ekoloji böhranlar və yaranma səbəbləri, Fuad İbrahimovun  Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində törətdiyi ekoloji terror, Aybəniz Qubadovanın yaşıl maliyyə, Lalə Məmmədova, Elfanə Qasımovanın yaşıl dizayn, yaşıl şəhər, Çinarə Qəhrəmanovanın ekokommunikasiya, Arzu Hüseynovanın yaşıl bacarıqlar və məşğulluq, Firuzə Cəfərovanın Azərbaycanda yaşıl turizm, faydaları, perspektivləri mövzularına həsr olunmuş maraqlı məqalələri yer alıb. 
 
Elmi-populyar nəşrdə yaşıl iqtisadiyyat paradiqmasının formalaşması və inkişafı istiqamətləri, tullantısız, tsiklik iqtisadiyyat, yaşıl inkişafa əsaslanan iqtisadiyyat, bioiqtisadiyyat, aşağı karbonlu iqtisadiyyat, ekosistem və dayanıqlı iqtisadiyyat kimi bir-biri ilə sıx əlaqəli anlayışlar təhlil olunub. Eyni zamanda bu anlayışların formalaşma tarixi, mahiyyəti və məzmunu tədqiq edilib, həmçinin Azərbaycan və xarici ölkələrin prioritet sektorlarında yaşıl iqtisadiyyat prinsiplərinin tətbiqi təcrübəsinin təhlili aparılıb. Tədqiqatın nəticələri davamlı inkişafın qlobal və milli problemləri kontekstində yaşıl iqtisadiyyat prinsiplərinin tətbiqi perspektivlərini əsaslandırmaq üçün istifadə edilə bilər. 
 
Monoqrafiyanın mövzusu dünya ictimaiyyətinin artan narahatlığı ilə əlaqədar müzakirə olunan yaşıl iqtisadiyyata keçid məsələləridir. Kitab 11 bölmədən, geniş istinadlar siyahısından ibarətdir. Beləliklə, publistik elmi nəşr hərtərəflidir. Müəlliflər qeyd olunan məsələlər üzrə nəzəri, praktiki və normativ-hüquqi bazanın sistemli təhlilini aparıb, əldə onunan nəticələrə əsasən, Azərbaycanın yaşıl artım modelinə keçidinin problemləri və alınan dərslər haqqında nəticə çıxarır, habelə iqtisadiyyatın yaşıllaşdırılmasına nail olmaq üçün əsaslandırılmış elmi təkliflər irəli sürürlər. 
 
Elmi nəşr  "İqtisadiyyat”, “Maliyyə və kredit" ixtisasları üzrə təhsil alan tələbələr,  qanunverici orqanlarda çalışanlar, tədqiqatçılar, müəllimlər, sahibkarlar, maliyyəçilər, eləcə də bu sahə ilə maraqlanan hər kəsin  istifadəsi üçün nəzərdə tutulub. 
 
Qeyd edək ki, kitabın hazırlanmasında və ərsəyə gəlməsində "Rabitəbank ASC"nin Müşahidə Şurasının sədri Zakir Nuriyev "yaşıl maliyyə" və "yaşıl bankçılıq" sahəsində uzun müddət əldə etdiyi nəzəri və praktiki bilik və məlumatları müəlliflərlə bölüşməklə dəyərli məsləhətlər verib.
 
 
Oruc MUSTAFAYEV