Bu gün Bakı Ekspo Mərkəzində Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgidə mədəniyyət naziri Adil Kərimli, mədəniyyət nazirinin müavini Səadət Yusifova, AMEA-nın Prezidenti akademik İsa Həbibbəyli, Milli Məclisin sədr müavini akademik Rafael Hüseynov, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev, xalq yazıçısı Elçin Əfəndiyev, millət vəkilləri, 200-ə yaxın yerli və xarici təşkilatın nümayəndəsi, 90-dan çox tanınmış ədəbiyyat xadimi iştirak edib. Eyni zamanda sərgidə azərbaycanlı yazıçı və şairlər, o cümlədən gənc yazarlar və tanınmış xarici yazıçılar iştirak ediblər.
 
Açılış mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev sərginin əhəmiyyətindən danışıb və 6 gün davam edəcək sərginin işinə uğurlar arzulayıb.
 
Tədbir çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərslər, aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları təşkil ediləcək.
 
Qeyd edək ki, sərgi 8 oktyabra kimi davam edəcək.