Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təsis etdiyi “Azərbaycan məktəbi” jurnalının 3-cü nömrəsi işıq üzü görüb.
 
Təhsil İnstitutundan "Azərbaycan müəlliminə bildirilib ki, “Yaşıl dünya naminə həmrəylik ili”ndə, COP29 ərəfəsində işıq üzü görən bu sayda jurnal oxucularını yaşıl dünya çağırışlarını şüardan şüura keçirməyə çağırır.
 
Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilati dəstəyi ilə işıq üzü görən jurnalın bu sayında da məqalələrin məzmun və formaca müasir dövrün tələblərinə uyğunlaşdırılması prinsipi gözlənilib. Bu məqsədlə müasir standartlara, monitorinq və qiymətləndirməyə, müəllim hazırlığında innovativ yanaşmalara, informasiya savadlılığının təhsilin keyfiyyət səviyyəsinin artırılmasına təsirinə, müəllim peşə standartlarına, kadr hazırlığı üzrə beynəlxalq təcrübədən istifadənin əhəmiyyətinə, pedaqoji özünüdərketmənin inkişafı yollarına dair elmi-nəzəri, pedaqoji məzmunlu məqalələrə üstünlük verilib.
 
Jurnalda pedaqogika, psixologiya elmlərinin praktikaya tətbiqi, klassik pedaqoji fikir və məktəb tariximizin tədqiqi və öyrədilməsi məsələlərinə dair nəzəri-pedaqoji yazıların, təhsilin bütün pillə və səviyyələrinin müasir standartlar əsasında yenilənməsi, habelə təhsil sahəsində dövlət siyasətinin və təhsilə aid qəbul olunan dövlət proqramlarının icrası, fasiləsiz təhsilin həyata keçirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və təbliği, təhsil strategiyası, təhsil proqramları, insan kapitalının stimullaşdırılması və s. ilə bağlı məqalələrin nəşri zəruri hesab olunur.
 
“Azərbaycan Məktəbi”ndə dərc olunması planlaşdırılan məqalələrə qoyulan tələblərlə jurnalın saytında (https://as-journal.edu.az/) tanış olmaq mümkündür.