Şirvan-Salyan Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə bildirilib ki, Biləsuvar rayonu R.Şirinov adına Təzəkənd kənd  tam orta məktəbin direktorunun müəllimlərdən dərs saatlarına görə rüşvət alması barədə sosial mediada yayılan məlumat həqiqəti əks etdirmir. 
 
İdarə əməkdaşları tərəfindən məktəbdə monitorinq aparılmış, direktordan, direktor müavinlərindən və müəllimlərdən müvafiq izahatlar alınmışdır.  Araşdırmanın nəticəsinə əsasən, qeyd edirik ki,  Biləsuvar rayon R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbində 2024-2025-ci tədris ilində dörd ibtidai sinif komplektində  (bir məktəbəhazırlıq qrupu)  mövcud olan dərs saatları 7 nəfər ibtidai sinif müəllimi arasında qiymətləndirmə nəticələrinə uyğun olaraq bölünmüşdür. Dərs saatlarından narazılığını ifadə edən  ibtidai sinif müəllimi Zəkiyyə Bayramova təhsilverənlərin sertifikatlaşdırma imtahanında mümkün 60 baldan 33 bal toplamış və 12 saat dərs yükü ilə təmin olunmuşdur. Məktəbdə ondan az bal toplamış, lakin daha çox dərs yükü ilə təmin olunmuş ibtidai sinif müəllimi yoxdur. 
 
Hazırda Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən təhsil müəssisələrində “Təhsilverənlərin etik davranış Qaydaları”na əməl edilməsi, əmək fəaliyyətində yol verilən nöqsan, hüquq pozulmalarının aşkarlanması, qarşısının alınması və aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə monitorinqlər davam edir.
Bütün təhsilverənlərdən “Təhsilverənlərin etik davranış Qaydaları”na riayət etməklərini xahiş edirik.