UNESCO tərəfindən nəşr olunan "Müəllimlər üçün süni intellekt bacarıqları çərçivəsi" müəllimlərə süni intellektin (Sİ) tədris təcrübələrinə inteqrasiyası üzrə əhatəli təlimat təqdim edir. Bu çərçivə müəllimlərin Sİ-nin təsirli istifadəsi üçün lazımi bacarıqlarla təmin edilməsinin vacibliyini vurğulayır. Eyni zamanda təhsil mühitində etik standartlara riayət olunmasını, kadr heyətinin qorunmasını hədəfləyir.
 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, Təhsil İnstitutunun "Beynəlxalq Təhsil İcmalı" bülleteninin sentyabr nömrəsində sözügedən hesabatla bağlı təhlil yer alıb.
 
Məqsəd və hədəf auditoriyası
Çərçivə müəllimlərin süni intellektlə bağlı təlimlərində mövcud olan boşluğu aradan qaldırmağı hədəfləyir və süni intellekt dövründə təhsil dinamikasında baş verən dəyişikliklərə diqqət yetirir. Süni intellekt müəllim və tələbə münasibətlərini ənənəvi modellərdən çıxarır. Lakin bir çox ölkədə müəllimlərin süni intellekt bacarıqlarını inkişaf etdirmək üçün milli proqramların olmaması bu dəyişiklikləri idarə etmək üçün müəllimləri uyğun alətlərdən məhrum edir.
Çərçivə əsasən siniflərində süni intellekti tətbiq edən müəllimlər üçün nəzərdə tutulub. Lakin bu təlimat siyasətçilər, təhsil mütəxəssisləri və təhsil birlikləri üçün də faydalıdır. Çərçivə müəllimlərin süni intellekt alətlərini təhlükəsiz və səmərəli şəkildə mənimsəməsi, qəbul etməsi və tətbiq etməsi üçün strukturlaşdırılmış yanaşma təqdim edir.
 
Çərçivənin əsas prinsipləri
Bu sənəd insan mərkəzli düşüncə tərzini vurğulayır və süni intellektin təhsildə insan potensialını azaltmaq əvəzinə artırması üçün xidmət etməsini təmin edir. Çərçivə süni intellektin təhsil prosesində etik aspektlərin önə çəkilməsini, müəllimlərin öyrənməni asanlaşdırması üçün dəstəkçi rolunu gücləndirir. Bu yanaşma süni intellektin məxfilik hüququna hörmət etməsini, inklüzivliyi təşviq etməsini və empatiya, əməkdaşlıq kimi sosial dəyərlərin qorunmasını təmin edir. Çərçivədə vurğulanan əsas məsələlərdən biri də süni intellekt etik istifadəsidir. Müəllimlərə süni intellekt alətlərini məsuliyyətlə və şəffaf şəkildə istifadə etmək tövsiyə edilir. Sənəddə müəllimlərin hüquqlarının qorunmasının və peşəkar müstəqilliyin təmin edilməsinin vacibliyi də öz əksini tapır. Belə ki, süni intellekt alətləri müəllimlərə köməkçi rolunu oynamalı və onları əvəz etməməlidir.
 
Çərçivənin strukturu
Çərçivə müəllimlər üçün süni intellekt bacarıqları ətrafında qurulmuş beş əsas aspektə əsaslanır: İnsan mərkəzli düşüncə tərzi: Müəllimlər süni intellektin insan inkişafına və təhsilə xidmət etməsini təmin etməlidir.
Süni intellekt etikası: Müəllimlər süni intellektin etik nəticələrini, o cümlədən məlumatların məxfiliyini, bərabərliyi və məsuliyyətli istifadəsini təmin etməlidirlər. Süni intellektin əsasları və tətbiqləri: Müəllimlər süni intellekt texnologiyalarını və onların təhsil mühitində necə tətbiq ediləcəyini mənimsəməlidirlər.
Süni intellekt pedaqogikası: Süni intellektin dərsin planlaşdırılmasında, tədrisdə və qiymətləndirmədə necə inteqrasiya olunacağına dair təlimatlar təqdim olunmalıdır.
Peşəkar inkişaf üçün süni intellekt: Süni intellekt müəllimlərin davamlı peşəkar inkişafını dəstəkləyən bir vasitə kimi təqdim edilməli və əməkdaşlıq yolu ilə daimi inkişaf təşviq olunmalıdır.
 
Bu beş aspekt üç səviyyəyə bölünür:
* Əldə etmək: Süni intellekt haqqında minimal biliyi olan müəllimlər üçün təməl səviyyə.
* Dərinləşdirmək: Müəllimlərdən tədris təcrübələrinə süni intellektin inteqrasiyasını və etik nəticələrin dərin təhlilini gözləyən orta səviyyə.
* Yaratmaq: Müəllimlərin süni intellekti innovativ təhsil təcrübələrində tətbiq etdiyi qabaqcıl səviyyə.
 
Tətbiq strategiyaları
Süni intellektin uğurlu inteqrasiyasını təmin etmək üçün çərçivə bir neçə strategiya təklif edir:
1. Süni intellekt alətlərinin tənzimlənməsi: Təhsil mühitində süni intellekt alətləri diqqətlə yoxlanılmalı, eyni zamanda onların etik və təhlükəsizlik standartlarına cavab verdiyi təmin edilməlidir.
2. Yerli çərçivələrin hazırlanması: Ölkələr və təşkilatlar öz yerli kontekstlərinə uyğunlaşdırılmış süni intellekt bacarıqları çərçivələrini yaratmalıdırlar.
3. Davamlı peşəkar inkişaf: Müəllimlərin müxtəlif bacarıq səviyyələrində davamlı təlim çox vacibdir.
4. Performans əsaslı qiymətləndirmə: Müəllimlərin süni intellekt bacarıqlarını qiymətləndirmək və inkişaflarını izləmək üçün diaqnostik alətlər yaradılmalıdır.
 
Nəticə:
Müəllimlər üçün süni intellekt bacarıqları çərçivəsi təhsildə süni intellektin rolu haqqında davam edərək, etik müzakirələrə mühüm töhfə verir. Həmçinin müəllimlər süni intellektdən səmərəli istifadə məsuliyyətlərini qorumaq üçün lazım olan bilik və bacarıqları aydınlaşdırır. Bundan əlavə, sənəd süni intellektin qarşılıqlı əlaqəsini gücləndirmək və müəllimlərin davamlı təhsil prosesini dəstəkləmək üçün bir alət kimi xidmət etməsini, müəllimlərin isə əvəzolunmaz rolunun qorunmasını müdafiə edir.
Bu çərçivə qlobal səviyyədə qəbul edilən bir yanaşmanın əsasını qoyur. Bunula da ölkələri təşkilatları bu təlimatları qəbul etməyə və müəllimləri təhsilin gələcəyinə hazırlamağa təşviq edir.