İqlim dəyişikliyi bu gün bəşəriyyətin qarşılaşdığı ən böyük qlobal problemlərdən biridir. Bu problemlə bağlı 2024-cü ildə Dünya Bankı tərəfindən "Gələcəyimizi seçmək: İqlim dəyişikliyi üçün təhsil" adlı hesabat nəşr olunub.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, Təhsil İnstitutunun "Beynəlxalq Təhsil İcmalı" bülleteninin sentyabr nömrəsində sözügedən hesabatla bağlı təhlil yer alıb.
 
Hesabatda əsas diqqət təhsilə yönəlib. Belə ki, hesabatda təhsilin iqlim dəyişikliyi ilə mübarizədə oynadığı mühüm rol və onun vasitəsilə əldə edilə biləcək nəticələr ətraflı şərh edilib. Həmçinin qeyd olunur ki, təhsil iqlimə qarşı tədbirlərin təşviqində güclü vasitə ola bilər. Eyni zamanda araşdırmada bu sahədə mövcud olan boşluqlar nəzərdən keçirilərək təhsilin yalnız iqlim məlumatlılığını artırmaqla kifayətlənmədiyini, həm də yaşıl bacarıqların inkişafına və cəmiyyətlərdə davranışların dəyişdirilməsinə kömək edə biləcəyi əsaslandırılır. Bütün bunlara baxmayaraq, hesabatın mühüm narahatlıq doğuran məsələlərindən biri də təhsilin qlobal iqlim dəyişməsi fonunda zəif maliyyələşdirilməsidir.
 
Təhsilin iqlim tədbirləri üçün katalizator rolu
 
Hesabatda təhsilin qlobal miqyasda iqlim dəyişikliyi ilə bağlı məlumatlılığın və tədbirlərin genişləndirilməsində güclü vasitə olduğu vurğulanır. Qeyd olunur ki, təhsilə düzgün və məqsədyönlü investisiya edilməklə, iqlim tədbirlərinin miqyasını genişləndirmək mümkündür. Lakin bütün bu cəhdlərə baxmayaraq, 2021-ci ildə iqlim maliyyəsinin yalnız 1.5%-i təhsilə ayrılmışdır ki, bu da narahatlıq doğurur. Təhsilin həm düşüncələri, yanaşmaları formalaşdırmaq, həm davranışları dəyişmək, həm də innovasiyaları stimullaşdırmaq qabiliyyəti yüksəkdir. Lakin aşağı səviyyəli maliyyələşdirmə ilə təhsilin potensialı tam reallaşdırıla bilməz. Həmçinin, hesabat əlavə bir il təhsilin iqlim məlumatlılığını 8.6% artırdığına diqqət çəkir.
 
Bundan əlavə iqlim tədbirlərinə yönəlmiş təhsil proqramları da mühüm əhəmiyyət kəsb edir. Belə ki, təhsil proqramları vasitəsilə şagirdlərə iqlim haqqında məlumatların çatdırılması, cəmiyyətdə ekoloji davranışların təşviq edilməsi kimi addımların vacibliyi vurğulanır. Avropada aparılan araşdırmalar göstərir ki, təhsildə əlavə bir il iqlim dostu davranışlarını 5.8% artıb. Bu da təhsilin cəmiyyətin ekoloji şüurunun formalaşmasında əvəzolunmaz rol oynadığını bir daha təsdiqləyir.
 
İqlim dəyişikliklərinin təhsil sistemlərinə təsiri
 
İqlim dəyişikliyinin təhsil sistemlərinə mənfi təsirləri xüsusilə aşağı gəlirli ölkələrdə daha qabarıq şəkildə müşahidə olunur. Hesabatda vurğulanır ki, iqlimlə əlaqəli hadisələr məktəblərin fəaliyyətində ciddi pozulmalara səbəb olur. Bu da təhsilalanların öyrənmə prosesinə mənfi təsir göstərir. Eyni zamanda hesabatda aşağı gəlirli ölkələrdə hər il orta hesabla 18 gün dərs iqlimlə bağlı pozulmalar nəticəsində itirilir, halbuki yüksək gəlirli ölkələrdə bu rəqəm cəmi 2.4 gündür.
 
Bundan əlavə hesabatda Braziliya nümunəsi də əks olunur. Qeyd olunr ki, burada aşağı gəlirli ailələrdən olan şagirdlər iqlim səbəbindən öyrənmə vaxtlarının orta hesabla 0.5 ilini itirirlər. Məhz itirilən vaxtlar təhsil nailiyyətlərinə ciddi təsir göstərir ki, bu da gələcək əmək bazarına hazırlığın zəifləməsi kimi nəticələrə gətirib çıxara bilər. Bu səbəbdən də hesabatda itkilərin qarşısını almaq üçün təhsil sistemlərinin bu cür təsirlərə aşağı maliyyə ilə uyğunlaşması ilə bağlı tədbirlər tövsiyə olunur.
 
Bu tədbirlər arasında məktəblərdə temperaturun tənzimlənməsi, infrastrukturun dayanıqlılığı və məktəblərin bağlanması hallarında məsafədən təhsilin təşkil edilməsi kimi təkliflər yer alır. Həmçinin bu uyğunlaşma tədbirləri hər bir təhsilalan üçün 18.51 ABŞ dollarından 101.97 ABŞ dollarına qədər maliyyə tələb etməsi hesabatda qeyd olunur.
 
Təhsilin davranış dəyişikliklərinə təsiri
 
Təhsilin iqlim dostu davranışlarını necə təşviq etdiyi də hesabatda mühüm mövzulardan biridir. Vurğulanır ki, təhsil yalnız iqlim haqqında məlumatlılığı artırmaqla qalmır, həm də iqlimlə əlaqədar fəaliyyətləri təşviq edir. Əlavə bir il təhsilin iqlim dostu davranışlarının 5.8% artırması Avropada aparılan tədqiqatlar yer alır. Bu da təhsilin ekoloji davranışları formalaşdırmaqda əsas vasitələrdən biri olduğunu sübut edir.
 
Bununla yanaşı Hindistanda aparılan təsadüfi nəzarət sınaqları nəticəsində uşaqlara iqlim dəyişikliyi ilə bağlı təhsil verildikdə, onların valideynlərinin iqlim dostu davranışlarında 13% artım müşahidə edilmişdir. Bu da uşaqların cəmiyyətdə və ailədə dəyişiklik agentləri kimi çıxış etmə potensialını vurğulayır. Eyni zamanda təhsilin yalnız fərdi səviyyədə deyil, həm də icmalar və siyasi səviyyədə iqlim siyasətlərini formalaşdıra biləcəyi də hesabatda vurğulanır. Məsələn, Avropada hər əlavə il təhsil yaşıl siyasətləri dəstəkləyən seçkilərdə 3.6% artıma səbəb olur ki, bu da sistemli, məqsədyönlü iqlim siyasəti dəyişikliklərinə yol açır.
 
Yalan məlumatlar və məlumat boşluqları
 
Hesabatda qeyd olunan başqa bir vacib məsələ isə yalan məlumatların yayılmasıdır. Bu vəziyyət, xüsusilə aşağı və orta gəlirli ölkələrdə iqlim tədbirlərinin qarşısını alan əsas faktorlardan biridir. Məsələn, Banqladeşdə müəllimlərin 47%-i və Uqandada 41%-i iqlim dəyişikliyinin media tərəfindən şişirdildiyini düşünür. Bu da həmin ölkələrdə iqlim məlumatlılığında ciddi boşluqların olduğunu göstərir.
 
Bundan əlavə, aşağı və orta gəlirli ölkələrdə insanların yalnız 65%-i iqlim dəyişikliyindən xəbərdardır. Bu da onu göstərir ki, bu ölkələrdə insanların iqlim tədbirlərinə dair məlumatlılığında ciddi çatışmazlıqlar var. Məlumat boşluğu isə daha çox gənclər arasında nəzərə çarpır. Məsələn, Banqladeşdə təhsilalanların 88%-i iqlim dəyişikliyinə qarşı tədbirlərdə iştirak etmək istəsələr də, yalnız 32%-i iqlimlə bağlı verilən sualları düzgün cavablandıra bilmişdir. Məhz bu boşluğun aradan qaldırılması təhsilin iqlim tədbirlərində rolunu daha da gücləndirə bilər.
 
Yaşıl bacarıqlar və əmək bazarı
 
Yaşıl iqtisadiyyata keçid hesabatın əhəmiyyətli hissələrindən biridir. Odur ki, hesabatda yaşıl bacarıqların inkişafı ilə bağlı məsələlərə geniş yer ayrılmışdır. Belə ki, qlobal miqyasda yaşıl keçidlərin 2030-cu ilə qədər 100 milyon yeni iş imkanlarının yaranmasına səbəb olacağı, eyni zamanda 78 milyon mövcud iş yerinin ixtisar olunacağı proqnozlaşdırılır. Bu isə ciddi təlim və bacarıq artırılmasına ehtiyac olduğunu göstərir.
 
Bununla belə aşağı və orta gəlirli ölkələrdə yaşıl bacarıqların yalnız ali təhsil və ya STEM sahələri ilə məhdudlaşdırıldığına dair yanlış təsəvvürlər mövcuddur. Halbuki yaşıl bacarıqlar texniki, sosial, emosional və sektorlararası bacarıqları əhatə edir. Həmçinin, yalnız STEM sahələrində deyil, bir çox sənaye sahələrində mövcuddur.
 
Təhsil sistemlərinin uyğunlaşma çətinlikləri
 
Hesabat təhsilin iqlim dəyişikliyinin mənfi təsirlərindən qorunması üçün dərhal tədbir görməyi tövsiyə edir. Təkliflər arasında infrastrukturun dayanıqlılığını gücləndirmək, məsafədən təhsil imkanlarını genişləndirmək, müəllimlərin iqlim mövzularında bilik və bacarıqlarını artırmaq yer alır. Hesabatda qeyd olunur ki, 2022 ilə 2024-cü illər arasında 81 ölkədə 404 milyon tələbə iqlimlə bağlı məktəb bağlanmalarından təsirlənib. Bu isə geniş miqyaslı pozuntuların qarşısını almaq üçün təcili tədbirlərin görülməsini tələb edir.
 
Nəticə
 
"Gələcəyimizi seçmək: İqlim dəyişikliyi üçün təhsil" hesabatı iqlim dəyişikliyi ilə mübarizədə təhsilin mühüm rolunu vurğulayır. Eyni zamanda, hesabat sübutlar və statistikalara əsaslanan arqumentlər vasitəsilə, hökumətləri təcili olaraq təhsilin iqlim strategiyalarına inteqrasiya edilməsinə çağırır. Bu yolla milyonlarla gəncin potensialı açılacaq, yaşıl iqtisadiyyata keçid üçün işçi qüvvəsi hazırlanacaq və təhsil sistemləri iqlim dəyişikliyinin mənfi təsirlərindən qorunacaq.