“Azərbaycan müəllimi” olaraq ölkəmizin bütün bölgələrindən istedadlı şagirdlərlə tanış olub onları oxucularımıza tanıtmaqda davam edirik.
 
Elşadın xarici dil sevgisi 
Budəfəki həmsöhbətimiz Qusar rayonu Yasab kənd tam orta məktəbinin II sinif şagirdi Elşad Ağayevdir. 7 yaşlı Elşad olduqca istedadlı və bacarıqlıdır. Yüksək təlim-tərbiyəsi, dillərə, təhsilə, idmana və incəsənətə olan marağı ilə yaşıdları arasında seçilməkdədir. Dərs əlaçısı olan məktəbli ilə söhbət əsnasında öyrəndik ki, ingilis dilində sərbəst danışır və xarici dili heç bir müəllimin köməyi olmadan 5-6 yaşlarından özü öyrənib. “Mən balacalıqdan cizgi filmlərinə ingilis dilində baxırdım və getdikcə bu dildə daha yaxşı başa düşürdüm. Daha sonra onlayn dil öyrənmək üzrə “YouTube”da videolar izləməyə başladım”. 
 
 
 
Sürətli hesablama bacarığı
Elşad kağız, qələm, hesab maşını olmadan beyni vasitəsilə mürəkkəb hesablamalar apara bilir. Mental arifmetika üzrə çox gözəl bacarıqlara sahib azyaşlı bu istedadını da internet üzərindən videolar izləyərək qazandığını deyir. Valideynlərinin köməyi ilə zehni arifmetika üçün nəzərdə tutulmuş bir çox onlayn resurs və proqramlardan istifadə edən Elşad bu istiqamətdə özünü inkişaf etdirməkdə israrlıdır. İkinci sinfə hələ təzəcə qədəm qoyan məktəbli artıq toplama, çıxma, vurma və bölmə kimi əsas riyazi əməliyyatları tam mənimsəyib və çox sürətlə müxtəlif hesablamalar edir.
 
Dünyanı kəşf etmək həvəsi 
Eyni zamanda Elşad astronomiya ilə maraqlanır, planetləri, səma cisimlərini tanıyır. 7 yaşlı balamız bütün kimyəvi elementlərin adlarını bilir, hətta evdə təcrübələr həyata keçirdiyini deyir. Elşad etdiyi kimyəvi təcrübələr zamanı iki element birləşdikdə başqa rəng alması, müxtəlif proses baş verməsi haqqında danışdıqca əl-qol hərəkətləri edir, üzündə təbəssüm, gözlərində parıltı yaranır. Bu mövzunun onu nə qədər həvəsləndirdiyi, maraq doğurduğu hərəkətlərindən açıq-aydın sezilir. Danışdıqca Elşadın nə dərəcədə öyrənməyə iştahlı olduğunun, dünyanı kəşf etməyə can atdığının bir daha şahidi oluruq.
 
 
Gələcəyin ürək cərrahı
Elşad Azərbaycan, rus, ingilis dili fənlərinə böyük maraq göstərsə də, ən sevdiyi dərsin fiziki tərbiyə olduğunu bildirir. “Atam idmançı olduğu üçün idmanı, fiziki tərbiyəni çox sevirəm”, - deyir Elşad. Sinif rəhbəri Sənan müəllimi və rus dili müəllimi olan Nadir müəllimi çox istədiyini deyən məktəbli böyüyəndə həkim olmaq niyyətindədir. Niyə məhz həkim olmağı arzuladığını soruşduqda isə cavab verir: “Nənəm xəstədir və nənəmi müalicə etmək lazımdır. Mən ürək əməliyyatı etmək üçün həkim olacağam. İngilis dilini bildiyimə görə həkimliyi Almaniyada oxuyacağam”. 
 
Müasir dövrümüzdə uşaqların telefon və planşetlərlə çox vaxt keçirdiyindən, zamanlarını virtual oyunlara sərf etməsindən şikayətlənən valideynlərə Elşadın uğurlu təcrübəsi bir örnək ola bilər. Demək, valideynlər övladlarını texnologiyalardan istifadədə düzgün istiqamətə yönəltsələr, internet resuslarından doğru-düzgün istifadə etsələr ancaq fayda görə bilərlər. 
 
 
İstedadlı balacamıza müvəffəqiyyət dolu gələcək arzulayırıq. Onu da qeyd etmək istərdik ki, Elşadın uğurlu olmasında valideynlərinin rolu danılmazdr. Təhsilə, incəsənətə, idmana diqqətlə yanaşan Ağayevlər ailəsi övladlarının təlim-tərbiyəsinə, fiziki-mənəvi inkişafına, yeni bilik və bacarıqlar əldə etməsinə xüsusi maraq göstərir, onun irəlidəki nailiyyətlərinə işıqlı yol açır.
 
 
Lamiyə Əlimərdanova