Azərbaycan xalqı əsrlər boyu düşmən təcavüzünə qarşı mübarizə aparmış, haqqını və torpaqlarını qorumaq üçün canından keçmişdir. 1990-1994-cü illərdə əbədi və əzəli torpaqlarımız olan Qarabağ erməni işğalına məruz qaldı. Lakin haqq-ədalət gec-tez öz yerini tapır. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi bizim haqq savaşımız idi. Bu müharibədə igid oğullarımızın canı, qanı bahasına torpaqlarımız işğaldan azad edildi. Şəhidlərimizin ruhu şad olsun! Onların xatirəsi ürəklərdə əbədi yaşayacaq, Vətənimiz isə bu cür oğulları ilə hər zaman qürur duyacaqdır.
 
Mingəçevir Turizm Kollecinin müəllimləri, şəhid məzunlarını qürur və kədərlə xatırlayırlar. Onların igidliyi, fədakarlığı və Vətən sevgisi hər zaman dillərdə dolaşır, qəlblərdə yaşayır.
 
Müəllim Dürdanə Nurəddinova şəhid tələbələrindən danışarkən sözlərinə haradan başlayacağını bilmir. Gözləri dolur, ürəyi həsrət və məhəbbətlə döyünür. "Hamısı mənim üçün əzizdir, hamısı doğmadır. Tələbə müəllimin də övladıdır axı", - deyə kədərlə sözə başlayır. Əsgər İsmayılzadədən başlayır, Rüfət Musayevə keçir, sonra Şahin Tahirlinin adını çəkir. Onların hər biri haqqında danışarkən sözləri boğazında düyünlənir, gözləri dolur.
 
Otaqdakı digər müəllimlərin də ürəyi həsrət doludur şəhid tələbələrinə. Onlar da söhbətə qoşulurlar. Hamısı bu gənc igidlərin yaraşığından, seçilən xarakterlərindən, tərbiyəli, təlimli, parlaq düşüncəli tələbələr olduqlarından danışırlar. Onlar şəhadətləri ilə seçilib, əbədi olaraq Azərbaycan xalqının qəlbinə köçdülər. Şəhidlər doğulduğu gündən seçilir deyirlər axı. "Onlar bizim əzizimiz idi, indi isə qürurumuz olaraq yaşayacaqlar," - deyə əlavə edir Dürdanə müəllim. Sözlər müəllimlərin boğazında düyünlənərək, həsrətə, nisgilə çevrilir bir anda. Otağı sükut alır, dərin bir səssizlik çökür. Hər kəs öz düşüncələrinə dalır, ürəklərindəki şəhid həsrətini dilə gətirmək üçün ən gözəl cümlələri qurur müəllimlər.
 
"İndi o şəhidlərimizin ruhları azad olunmuş torpaqlarımızdamı dolaşır, yoxsa kollecin dəhlizlərində, sinif otaqlarında, çırağı sönmüş, övlad dağı görmüş valideynlərinin yanındamı?", - deyə Dürdanə müəllim pıçıldayır. "Şəhid hər yerdədir", - deyə digər müəllimlər təsdiqləyirlər: "Onların ruhu bizimlədir, qəlbimizdə, düşüncələrimizdə, gündəlik həyatımızda".
 
Əsgər İsmayılzadə: Vətənə həsr olunmuş şərəfli ömür
 
Məmmədəliyev Faiq müəllim 10 ildən çoxdur ki, kollecdə fəaliyyət göstərir. O, Əsgər haqqında qürurla sözə başlayır:
 
"Əsgər İsmayılzadə kollecin ən yaxşı oxuyan tələbələrindən idi. Hər zaman dərslərini yüksək nəticələrlə qiymətləndirirdik. Sakit, utancaq, tərbiyəli, lakin bir o qədər də ağıllı və savadlı idi. O qədər həssas qəlbli idi ki, nəinki dostlarını, qrup yoldaşlarını, hətta çöldəki gülü-çiçəyi belə incitməzdi.
 
22 yanvar 2002-ci ildə Yevlax rayonunun Gülövşə kəndində dünyaya gələn Əsgər İsmayılzadə, 2014-cü ildə Mingəçevir Turizm Kollecinin "Nəqliyyatda daşımaların təşkili" ixtisasına daxil olmuşdu. Kolleci 2019-cu ildə müvəffəqiyyətlə bitirdikdən sonra Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başladı.
 
Vətən müharibəsində Kəlbəcər və Füzulinin azadlığı uğrunda döyüşlərdə iştirak edən Əsgər, 2 oktyabr 2020-ci ildə Füzuli rayonu ərazisində şəhid olub. O, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
 
Əsgər hər zaman Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edəcəyini deyirdi: "Aprel döyüşlərində yaşım çatmırdı, müəllim, amma hiss edirəm ki, müharibə başlayacaq və mən o müharibədə şəhadətə ucalana qədər düşməni məhv edəcəyəm" - deyirdi. Onun bu sözləri indi qulaqlarımdan getmir. O, dediyini etdi, Vətən uğrunda canını fəda etdi. Onun itkisi bizə böyük ağrı yaşatdı, lakin eyni zamanda onunla qürur duyuruq".
 
Müəllim üçün ən ağırı isə dərs dediyi tələbənin diplomunu ondan sonra ailəsinə təqdim etməkdir: "Biz bunları yaşadıq. 30 illik torpaq həsrətinin sonunda yaşadığımız qürurun böyük ağrı və kədərini heç vaxt unutmayacağıq. Əsgər ata-anasının tək oğul övladı idi, hərbi xidməti bitirdikdən sonra valideynləri toy büsatı quracaqdı Əsgər balasına. Vaxtsız beli bükülən valideynlər çoxdur indi aramızda. Əsgər əsgərliyini bitirməyə az müddət qalmış şəhadətə ucaldı, adını Zəfər tariximizə yazdırdı. Bu oğullarımızın hər birinin itkisi amansız, ağır, onlara duyduğumuz qürur isə sonsuzdur".
 
Rüfət Musayev: Gənc yaşında böyük şücaət
 
8 oktyabr 2001-ci ildə Şəki rayonunda anadan olan Rüfət Musayev Mingəçevir Turizm Kollecində təhsil alıb. Vətən müharibəsində Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, 12 oktyabr 2020-ci ildə şəhid olmuşdu. O, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
 
Dürdanə müəllim onun haqqında danışarkən gözləri dolur, çətinlik çəkir danışmağa, əllərini bərk-bərk sıxır ki, şəhid tələbəsindən danışmağa güc tapsın. Sözə başlayır:
 
"Rüfət seçilən, yaraşıqlı, ucaboy bir tələbə idi. Dərslərdə fəallığı, nizam-intizamı ilə fərqlənirdi. Heç vaxt bizi incitməzdi. Həyat dolu idi. Onun kimi tələbələri itirmək bizləri çox sarsıtsa da, bu gün biz hər birimiz gənclərimizə şəhid məzunlarımızın qəhrəmanlıqlarından bəhs edir, onların əziz xatirəsini daim yaşatmağı özümüzə borc bilirik. Onun gülüşü, davranışı hələ də gözümün önündən getmir".
 
Şahin Tahirli: Şuşanın azadlığı uğrunda canından keçən igid
 
20 sentyabr 2001-ci ildə Lerik rayonunda anadan olan Şahin Tahirli Mingəçevir Turizm Kollecinin fəxrli tələbələrindən biri olub. Vətən müharibəsində Füzuli, Qubadlı və Şuşa istiqamətlərində gedən döyüşlərdə böyük şücaət göstərmiş, 7 noyabr 2020-ci ildə Şuşanın Daşaltı kəndi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuşdu.
 
"Şahinin dərin baxışları vardı. Bu baxışlarda Vətən həsrətini görməmək mümkün deyildi. İyul hadisələrindən sonra Şahin də bütün Azərbaycan gəncliyi kimi orduda xidmət etməyi qərarlaşdırmışdı. Bunu açıq danışmağı da xoşlamazdı, hər şeyi içində həll etməyə çalışırdı, sanki onun öz dünyası vardı. Hər zaman düşüncəli və fikirli olurdu. Şahin çox vətənpərvər, cəsur bir gənc idi. Onun gözlərindəki Vətən sevgisi hər zaman diqqətimi çəkirdi. Dərslərdə fəal, intizamlı, dostlarına qarşı mehriban idi. Şahin, Vətən üçün ən uca zirvəyə - şəhadətə ucaldı".
 
Zamanlı Əhməd: Vətən sevgisi ilə yoğrulmuş gənc ömür
 
Atası Birinci Qarabağ müharibəsinin iştirakçısı, qardaşı Zamanlı Murad Azad oğlu isə Vətən müharibəsi iştirakçısı olan Əhmədin də Vətənə olan bağlılığı ailədən ötürülmüşdü.
 
Əhməd Şəmkir rayonu Könüllü kəndi Zakir Namazov adına tam orta məktəbdə təhsil almışdır. 2022-ci ildə Mingəçevir Turizm Kollecinə qəbul olmuş, lakin həmin ilin iyul ayında hərbi xidmətə yollanmışdır.
 
19 sentyabr 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə rayonunda şəhid olmuş, Şəmkir rayonunun Könüllü kənd qəbiristanlığında dəfn edilmişdir.
 
"Əhməd çox sakit, lakin bir o qədər də məsuliyyətli bir tələbə idi. Dərslərə həmişə hazırlıqlı gələr, hər zaman özünə qarşı tələbkar olardı. Onun Vətənə olan sevgisi gözlərindən oxunurdu. Onu mərd, yardımsevər, dostcanlı, ailəcanlı, səmimi, mehriban, vətənpərvər, igid, qorxmaz, gülərüz və istiqanlı bir insan kimi xatırlayırlar. Əhmədin itkisi bizi dərindən sarsıtdı, lakin onunla qürur duyuruq. Belə bir tələbənin müəllimi olmaq hər birimiz üçün böyük şərəfdir".
 
Aydın müəllimin unudulmaz tələbələri
 
18 ilini Mingəçevir Turizm Kollecində tələbələrə həsr etmiş Rəhimov Aydın müəllim həsrətlə danışır igid tələbələrindən:
 
Rəşad Mirzəli: Qələbənin ilk sülhməramlılarından biri
 
26 may 1995-ci ildə Tərtər rayonunda anadan olan Rəşad Mirzəli Mingəçevir Turizm Kollecində təhsil almış, hərbi xidmətini isə Əfqanıstanda sülhməramlı qüvvələrdə keçmişdir. Vətən müharibəsində Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə iştirak etmiş və 1 oktyabr 2020-ci ildə şəhid olmuşdur. O, "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilmişdir.
 
Aydın müəllim onun haqqında da danışır:
 
"'Qoca'" ləqəbli Rəşad Mirzəlini xatırlayıram. O, qrupun ən böyüyü olmaqla yanaşı, həm də hərbçi idi. Ona görə ona "Qoca'"deyirdilər. Rəşadın tələbələrlə hər zaman vətənpərvərlikdən danışdığını xatırlayıram: "Bu torpaqlar bizimdir, əvvəl-axır müharibə olmalıdır və hər birimiz torpaqlarımızın azadlığı uğrunda son damla qanımıza qədər savaşmalıyıq" - deyirdi. Sanki tələbə yoldaşlarını da döyüşə ruhlandırırdı Rəşad. Tələbələrimin şəhid məzarlarına getmək, bir müəllim üçün ən ağır qəlb yüküdür. Amma tez-tez onların məzarlarını ziyarət edir, valideynləri ilə görüşürük, amma bu, ürəyimizdəki boşluğu doldurmur. Şəhidlərimizin xatirəsi bizə əmanətdir".
 
"Rəşad tələbələrə böyük qardaş kimi yanaşırdı. O, hərb yolu keçmiş bir tələbə idi. O deyirdi: "Sizin yaşda əsgərlər analarının yanından gəliblər, darıxırlar. Onları başa salıram ki, hər birimizin borcudur, Vətənə xidmət etmək. Biz güclü olmalıyıq, hələ qarşıda işğal altında qalan torpaqlarımızın azadlığı uğrunda döyüşlərə başlayacağıq. Bunun üçün hər zaman hazır olmalıyıq".
 
Onun kimi igidlərimizin xatirəsi ürəklərdə əbədi yaşayacaq".
 
Bu vətən, torpağının qara bağrında,
Sıra dağlar kimi duranlarındır!
Bir tarix boyunca onun uğrunda,
Özünü tarixə verənlərindir.
 
Əkbər Tağıyev: Həmişə bizim qəlbimizdə yaşayacaq digər şəhidimiz
 
Mustafayeva Sənubər müəllim Əkbər haqqında xatirələrini bölüşür:
 
"Əkbər Tağıyevi heç vaxt unutmayacağam. Şəhərdə, yolda görəndə həmişə üstümə gələr, xoş sözlərlə salamlaşar, hal-əhval tutardı. Hər dəfə sağollaşanda "Müəllim, haqqınızı halal edin" deyərdi. Bu sözləri təkcə mənə deyil, bütün müəllimlərinə deyirdi. Onun bu nəcib davranışı ürəyimdə dərin iz buraxıb. O, döyüşlərə hamımızdan halallıq alıb getdiyi üçün ürəyimdə bir narahatlıq vardı. Müharibə vaxtı hər şəhid xəbəri gələndə Əkbərin şəhid olacağı düşüncəsi məni rahat buraxmırdı. Müəllim üçün tələbəsinin xatirəsindən danışmaq çox çətindir. Lakin biz onunla hər zaman qürur duyuruq. Şəhidlik elə bir zirvədir ki, onu hər insan fəth edə bilmir".
 
Əkbər hər birimizdən halallıq alıb getdiyi döyüş meydanında adını tariximizin ən şanlı səhifələrinə yazdıraraq əbədiyyət qazandı. Sıralarımızdan, ürəklərimizə köçüb orada əbədi məskən saldı.
 
Bəxtiyar İdrisov: Sakitliyin arxasında gizlənən mərdlik
 
Müəllimi Samir Zamanlı Bəxtiyar haqqında belə danışır:
 
"Mingəçevir Turizm Kollecində ətraf rayon və şəhərlərdən təhsil alan gənclər çoxdur. Şəhidlərimizin də çoxu ətraf rayonlardan idi. İlk dəfə sinfə girdiyim zaman öz kəndimdən olan bir gənci gördüm. Mən də Şəkinin Aşağı Laysqı kəndində böyümüşəm. İndi fəxr edirəm ki, şəhid Bəxtiyarla eyni kənddə yaşamışam. Ona dərs demək isə mənim üçün böyük bir qürurdur. Şəhid müəllimi olmaq, bu şəhidlərin şücaətini, qəhrəmanlığını gələcək nəsillərə ötürmək üçün bizlərin qarşısına böyük bir missiya qoydu. İndi hər girdiyim sinif otaqlarında qürurla danışıram Bəxtiyardan. Çox sakit, lakin bir o qədər də məsuliyyətli idi. Dərslərə həmişə hazırlıqlı gələrdi. Onun itkisi bizi dərindən sarsıtdı. İndi düşünürəm ki, onun dünyası mərdlik salnaməsini yazan, igid ərənlərin şəhadətə ucaldığı dünyadır".
 
Xalid Kamranlı: Talışın azadlığı uğrunda şəhid olan igid
 
23 sentyabr 1999-cu ildə İmişli rayonunda anadan olan Xalid Kamranlı, Mingəçevir Turizm Kollecinin məzunu idi. Vətən müharibəsində Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, 15 oktyabr 2020-ci ildə şəhid olmuşdur. O, "Vətən uğrunda", "Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
 
Aydın müəllim "Qaqani" ləqəbli Xalidin hər kəsin xatirəsində ucaboylu, yaraşıqlı və dürüst tələbə olaraq qaldığını deyir: "Onun Vətən sevgisi və fədakarlığı biz müəllimləri həmişə qürurlandırırdı. Onun itkisi bizi çox sarsıtdı". Bütün müəllimlər şəhid tələbələrini xatırlayarkən sanki ürəklərində bir sıxıntı yaranır. Onların yoxluğu ilə barışmadıqları gözlərindən ifadə olunur. Danışdıqca danışır, daha sonra sözlərin yerini acı təbəssümlər alır. Bu əsl təbəssüm deyil! Dolan gözlərindən qəlblərinin hönkürtüsünü duymamaq mümkün deyildi.
 
Sırada Mingəçevirdən olan iki tələbə qardaşın hər ikisinin şəhadətindən danışmaq vardı, müəllimlər bir-birinin gözlərinə baxır, susurdular.
 
Həsənov Qardaşları: Vətən uğrunda canlarından keçən qardaşlar
 
Mingəçevir Turizm Kollecinin məzunları olan Tural və Musa Həsənov qardaşları Vətən müharibəsində şəhid olmuşlar. Tural Həsənov 2 oktyabr 2020-ci ildə, qardaşı Musa Həsənov isə ondan üç gün əvvəl şəhid olmuşdur. Hər ikisi "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.
 
Müəllimləri Faiq müəllim onların haqqında danışarkən səsi titrəyir:
 
"Bu igidlərin itkisi biz müəllimlər üçün sözlə ifadə olunmayacaq qədər ağırdır. Nəhayət ana, hər iki övladını Vətən müharibəsində itirdi. Musanın atasız qalan qızı Rüqəyya, Turalın isə iki oğul balası Tapdıq və Hüseyn ata həsrəti ilə yaşayırlar. Onların həsrətinə öz kədərimizi ifadə etmək sözlərlə mümkün deyil. Onların Vətən uğrunda göstərdikləri fədakarlıq bizə və gələcək nəsillərə örnəkdir".
 
Fuad Xankişiyev: İdman və Vətən sevgisi ilə yoğrulmuş ömür
 
12 aprel 1996-cı ildə Mingəçevirdə anadan olan Fuad Xankişiyev, cüdo üzrə idmançı olmuş, Mingəçevir Turizm Kollecində təhsil almışdır. Vətən müharibəsində Füzuli, Xocavənd və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak etmiş, 3 noyabr 2020-ci ildə şəhid olmuşdur. O, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü", "Vətən uğrunda" medalları və III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
 
Müəllimləri onu sevgi və qürurla xatırlayırlar:
 
"Fuad təkcə idmanla deyil, həm də yaradıcılığı ilə fərqlənirdi. Kollecin bütün tədbirlərində Fuad fəal iştirak edir, dekorativ əl işləri hazırlayır, dərslərdən sonra tədbirlərin təşkili üçün lazım olan səhnə dekorlarını qururdu. Onun Vətənə olan sevgisi və fədakarlığı gənc nəsillərə örnəkdir. Onun itkisi hər birimiz üçün böyük itki oldu".
 
Gökhan Səfərov: Şəhadəti ilə məşhurlaşan gənc igid
 
20 mart 2005-ci ildə Mingəçevirdə anadan olan Gökhan Səfərov, Mingəçevir Turizm Kollecinin ən sonuncu şəhid məzunudur. 20 sentyabr 2023-cü ildə Ağdərə rayonu Sırxavənd kəndi istiqamətində şəhid olmuşdur. O, "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
 
Gənc müəllimə Rzazadə Atlas Gökhan haqqında danışarkən həm qürur, həm də kədər hiss edir:
 
"Özümü qürurlu hiss edirəm. Gökhan kimi bir tələbənin müəllimi olmaq bu hissi mənə bəxş edir. Gökhan çox ağıllı, təmkinli bir tələbə idi. Bir gün mənə yaxınlaşıb dedi ki, "Müəllim, izn versəniz, qrupun qızlarına oğlanlarla birgə jest edək, onu sosial şəbəkələrdə paylaşacağam". Mən də izn verdim. Gökhan bütün qızlara gül buketi bağlatdırmışdı. Sinifdə təqdimatı videolentə aldı və mən o videonun Gökhan şəhid olanda sosial mediada paylaşıldığını gördüm. Sosial şəbəkələrdə aktiv idi və hər zaman deyirdi ki, "Müəllim, gün gələcək, bütün media səhifələrində məni görəcəksiniz". O gün gəldi, lakin biz onun şəhidlik xəbərini eşitdik. Bu gün mən qürur hissi ilə hər kəsə deyirəm ki, şəhid Gökhanın müəllimi olmuşam".
 
Şəhidlərin xatirəsi əbədi yaşayacaq
 
Mingəçevir Turizm Kollecinin direktor müavini Aynurə Abbasova müəllimə şəhidlərin xatirəsinin hər zaman əziz tutulmasının və bu missiyanın gənc nəsillərə ötürülməsinin vacibliyini vurğulayır:
 
"Kollecimizin sinif otaqlarına şəhidlərimizin adları verilmiş, onların barelyefləri qoyulmuşdur. Burada onların keçdiyi igidlik, mərdlik və qəhrəmanlıq yolu haqqında yazılar var. Bu, bir daha sübut edir ki, Azərbaycan xalqı bu igidləri daim yaşadacaqdır. Onların xatirəsi bizim üçün müqəddəsdir. Biz müəllimlərin vəzifəsi isə bu xatirəni gənc nəsillərə ötürməkdir. Təki Vətən sağ olsun".
 
Bu igidlərin həyat yolu, onların qəhrəmanlıq salnaməsi gələcək nəsillərə vətənpərvərlik ruhunu aşılayacaqdır. Onların xatirəsi ürəklərdə əbədi qalacaq, Vətənimiz isə bu cür oğulları ilə qürur duyacaqdır.
 
Vətən sağ olsun!
 
Adın dalğalanır vətən boyunca,
Bir ovuc torpağın gözləri gülür.
O qızın gözündən məzarın üstə
Köynəyi islanmış Zəfər tökülür.
Torpağın alnında möhür yeridir,
Şəhid imzasını daşıyan məzar.
Ayaq altda qoyub bir igid ömrün,
Vətəni çiynində daşıyan məzar.
 
 
Aynur ARAZ,
Mərkəzi Aran üzrə regional təmsilçi