Qəhrəmanlıq dastanının başlandığı gün...

 

Bu gün ölkəmizdə Anım Günüdür. Xalqımız 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edir. 30 il işğal altında olan  torpaqlarımızın  azad edilməsi məqsədilə ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  başlanan Vətən müharibəsində haqq və şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm, iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. Və 2020-ci il Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm ZƏFƏRİ tariximizə qızıl hərflərlə yazıldı. 44 günlük müharibə Müzəffər Ordumuzun işğal altında olan torpaqlarımızı azad etməsi ilə nəticələndi. İgid oğullarımızın misilsiz qəhrəmanlığı sayəsində biz doğrudan da, bütün dünyaya səs salan, ümumiyyətlə bəşər tarixində xüsusi yeri olan bir QƏLƏBƏ qazandıq. Vətən müharibəsinin iştirakçıları arasında paytaxt məktəblərinin, həmçinin respublikamızın müxtəlif bölgələrinin təhsil ocaqlarının məzunları, eləcə də təhsil müəssisələrində dərs deyən müəllimlərimiz çoxluq təşkil edir. Belə ki, təhsil işçilərimiz II Qarabağ müharibəsi başlayan gündən könüllü olaraq döyüşə qatılaraq, şanlı qələbənin qazanılmasında öz töhfələrini veriblər.

 

Bu qəhrəmanlıq dastanının başlandığı gündə belə təhsil işçilərimizdən biri ilə - uzun illərdir ki, dərslərində şagirdlərində hərbi-vətənpərvərlik tərbiyəsini formalaşdıran, onların dövlətçiliyimizə sadiq bir gənc olaraq yetişməsində mühüm rolu, eləcə də 44 günlük Vətən müharibəsinin iştirakçısı olan Bakı şəhəri 326 nömrəli tam orta məktəbin çağırışaqədərki hazırlıq rəhbəri mayor Şahin Hüseynovla həmsöhbət olduq.

 

Ən  böyük arzusu hərbi sahədə çalışmaq olub

 

Şahin Hüseynov Lerikdə anadan olub. Orta təhsilini Çayrud kənd tam orta məktəbində alıb. Ən böyük arzusu hərbi sahədə çalışmaq olduğundan sənədlərini Bakı Ali Hərbi Dənizçilik Məktəbinə (BAHDM) verir və “Siyasi-sosial iş” ixtisasına qəbul olunur. 1998-ci ildə BAHDM-ni bitirdikdən sonra Müdafiə Nazirliyinin respublikanın müxtəlif bölgələrində yerləşən “N” saylı hərbi hissələrində bölük komandirinin siyasi-sosial iş üzrə müavini, tərbiyəvi iş üzrə bölməsində baş təlimatçı, tabor komandirinin müavini, divizion komandirinin tərbiyəvi işlər üzrə müavini, şəxsi heyət bölməsinin zabiti (şəxsi heyətin uçotu üzrə), kadrlar bölməsinin rəisi vəzifələrində çalışıb. 2015-ci ildə Silahlı Qüvvələr sıralarından mayor rütbəsində ehtiyata buraxılıb. 2016-ci ildən isə Bakı şəhəri 326 nömrəli tam orta məktəbdə çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsində çalışır. Təcrübəli hərbçi artıq neçə illərdir ki, şagirdlərinin orduya hazırlanmasında öz bilik və bacarığını əsirgəmir.

 

Hərbi-vətənpərvərlik tərbiyəsi məktəbdən başlayır

 

Şahin müəllim deyir ki, gənclərin milli-mənəvi dəyərlərə hörmət, vətənpərvərlik tərbiyəsi məktəbdən başlayır. Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində milli-mənəvi dəyərlərə hörmət ruhunda,Vətənə, torpağa bağlı gənc nəslin formalaşmasında, ilk növbədə, ailənin və Azərbaycan məktəbinin rolunu xüsusi qeyd edib. Ölkə başçısı çıxışında vurğulayıb ki, məktəblərdə uşaqlara aşılanan dəyərlər, müstəqilliklə, milli ləyaqətlə, əsrlər boyu bizə qarşı edilən ədalətsizliklə, - təkcə son 30 il ərzində yox - torpaqlarımızın müxtəlif dövrlərdə əlimizdən alınması ilə  və bizim qəhrəmanlıq tariximizlə bağlı uşaqlara verilən tərbiyə və biliklər çox böyük önəm daşıyır.

 

Dövlət başçısının bu fikirlərinin olduqca dəyərli olduğunu qeyd edən Şahin Hüseynov bir müəllim kimi düşünür ki, gənclərdə vətəndaşlıq hisslərinin, hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması, daim ayıq-sayıq olması, daha ardıcıl, davamlı işlərin aparılması ilə bağlı, xüsusilə məktəbin və təhsil işçilərinin  üzərinə mühüm vəzifələr düşür.

 

Şahin müəllimə ünvanladığımız “Siz yeniyetmələrlə işləyirsiniz. Bugünkü şagirdlərimiz, bütövlükdə gənclərimiz hansı xüsusiyyətlərinə görə daha fərqlidirlər?- sualına, cavabı belə oldu: Əslində Azərbaycan gəncliyi hər zaman mərd və öz vətəninə bağlı olub. 44 günlük Vətən müharibəsi, eləcə də ötən il 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirilən antiterror tədbirləri nəticəsində qazanılan əzəmətli Qələbə yeniyetmə və gənclərimizdə özgüvən hissini formalaşdırmaqla yanaşı, onların mübariz ruhda böyüməsinə xüsusi təkan oldu. Mən qürur hissi keçirirəm ki, son illər hərb sahəsini seçən şagirdlərimizin sayı artmaqdadır. Yeniyetmələrimiz Vətənin müdafiəsində durmağı özləri üçün şərəf  bilirlər”.

 

“Qələbədə mənim də payımın  olması gözəl bir duyğudur...”

 

Döyüş cəbhəsini sinifdən üstün tutaraq ölüm-dirim savaşına tərəddüd etmədən yollanan həmsöhbətimiz həmin tarixi günləri yada salır: “Əslində  o vaxt mən bir qədər əvvəl, yəni 21 sentyabr  2020-ci il tarixində  Silahlı Qüvvələrdə keçirilən təlim toplanışlarına  qatılmışdım. Təlimin növbəti həftəsi, yəni sentyabrın 27-si səhəri  bizim üçün qeyri-adi başladı. Həmin gün xain düşmən yenidən ərazilərimizi işğal etmək üçün hücuma keçmişdi. Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən bütün cəbhəboyu əkshücum əməliyyatlarının keçirilməsi barədə əmr veriləndə sevincimizin hədd-hüdudu yox idi. Nəhayət ki, 30 illik Vətən, torpaq həsrətinə son qoyulacaqdı. Mənfur qonşularımızın öz layiqli cəzalarını almaq vaxtı gəlmişdi. Və  Azərbaycan xalqının igid oğulları işğal olunmuş torpaqlarımızı geri almaq üçün səfərbər oldu. Uzunillik vətən, yurd nisgilini artıq gələcək nəsillərə saxlamaq istəmirdik. Bu, bizim üçün bir şans idi.

 

Bizim bölmələrimiz Füzuli -Cəbrayıl rayonu istiqamətində döyüş əməliyyatları həyata keçirirdi. Mən də bölmələrimizlə bərabər Cəbrayıl rayonunun Nüzgar kəndi uğrunda gedən döyüşdə iştirak etmişəm. Dövlət başçısı İlham Əliyevin cəsarəti, qətiyyəti xalqımızda misilsiz mübarizə aparmaq əzmi yaratmışdı. Bilirsiniz, qazanılan Qələbədə mənim də payımın olması gözəl bir duyğudur...”.

 

Hərbi rəhbər deyir ki, Azərbaycan Ordusu vahid komandanlıq altında, şücaətlə vuruşur, müasir döyüş taktikası tətbiq edirdi. Düşmən bunu gözləmirdi. Onların fikri ötən əsrin doxsanıncı illərinə getmişdi. Amma ermənilər ordumuzun gücü, qüdrəti qarşısında aciz qalaraq  baş əydilər. Hər birimiz Vətən uğrunda canımızdan keçməyə hazırdıq. Xüsusilə gənclərimiz döyüş meydanında öz mərdliyi, hünəri ilə düşmənə meydan oxuyurdu. Bu, böyük qəhrəmanlıq, hünər, vətənpərvərlik nümunəsidir.

 

Torpaq sevgisi, Vətənin müdafiəsi hər birimizin namus, şərəf məsələsi idi...

 

Qarşıda onları ölümün gözlədiyini bilsələr də bu Vətən savaşından üzüağ çıxmaq istəyi hər şeyi üstələmişdi: “Torpaqlarımızın bir qarışının belə düşmənlərdə qalmasını istəmirdik. Sonu ölüm olsa belə, Torpaq sevgisi, Vətənin müdafiəsi hər birimizin namus, şərəf məsələsi idi. O ordu yenilməz və güclüdür ki, əsgəri düşünmədən Vətən naminə ölümə hazırdır. Və Müzəffər Azərbaycan Ordusu da hər an hər şeyə hazır idi.

 

Dövlət başçısı İlham Əliyevin qətiyyəti, əzmi, diplomatik arenadakı möhtəşəm fəaliyyəti Azərbaycana böyük qələbə bəxş etdi. Bu zəfər yüzminlərlə məcburi köçkünü doğma torpağına qovuşdurdu, həsrətimizə son qoydu.

 

Bilirsiniz, Azərbaycan əsgərlərinin qəhrəmanlığı həm də onu təsdiq etdi ki, Vətən, torpaq, şücaət kimi tarixən xalqımıza məxsus olan anlayışlar yaddaşlara gömülməyib. Əksinə, Azərbaycan var olduqca, zərurət yaranacağı təqdirdə hər zaman belə qəhrəmanlıqların şahidi ola bilərik. Bu gün Azərbaycan Ordusunun adı çəkiləndə hər bir azərbaycanlı qürur duyur. Azərbaycan gənci orduda qulluq etməsini özünə şərəf, müqəddəs bir vəzifə  sayır. Vətən borcunu ödəməyi ən böyük amalı olaraq qəbul edir. Doğma torpaqları uğrunda ölümün gözünə dik baxaraq sevə-sevə şəhidlik zirvəsinə ucalmağa hazırdır”. 

 

Şahin Hüseynov 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra yenidən doğma məktəbində fəaliyyətini hərbi rəhbər kimi  davam etdirir: “Sinfə daxil olanda şagirdlərimə ilk sözüm, “Salam, əsgər!” olur. Axı onlar gələcəyin əsgərləridir”. O, şagirdlərində Vətənə, torpağa bağlılıq, azərbaycançılıq ideyalarının formalaşdırılması, qəhrəmanlıq, mübarizlik ruhunda tərbiyə olunması,  ordu quruculuğunda onların fəal iştirakının yüksək  səviyyədə təmin edilməsi üçün daim öz üzərində çalışır, ordunun komplektləşdirilməsi, ən müasir silahlarla təchiz olunması ilə bağlı   dünya təcrübəsini öyrənir, bu sahədə biliklərini təkmilləşdirir, eyni zamanda yeniyetmələrimizi məlumatlandırır, keçdiyi  fənnin müasir tələblərə uyğun tədrisinə nail olur. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında hərbi bilik və bacarığını əsirgəmir, üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir.

 

Hərb sənəti ilə bağlı nəzəri bilikləri yeniyetmələrə ətraflı şəkildə çatdıran Şahin müəllim  deyir ki, şagirdlərimə Zəfər tariximiz haqqında danışmaqdan qürur duyuram”.

 

Şərəfli missiya

 

Bəli, bu gün məktəblərimizdə təhsil alan şagirdlərimiz həm respublikamızda, eyni zamanda ölkəmizin hüdudlarından kənarda keçirilən müxtəlif bilik yarışlarında, olimpiadalarda uğurlu nəticələr əldə edərək Azərbaycan təhsilinin yetirmələri olaraq nəyə qadir olduqlarını nümayiş etdirirlər. 44 günlük Vətən müharibəsi isə bizim igidlərimizin necə vətənpərvər, mübariz və qəhrəman olduqlarını bütün dünyaya göstərdi.Vətənpərvərliyin bünövrəsi isə göründüyü kimi, ilk növbədə, ailədə və məktəbdə qoyulur. Azərbaycan təhsilinin yetirmələri vətənpərvər, torpağa bağlı igidlər olaraq işğal olunmuş şəhər və rayonlarımızı qanı və canı bahasına geri almaqla öz hünər və şücaətlərini bir daha təsdiqlədilər.

 

Ölkə başçımız İlham Əliyev də çıxışında məhz bu cür vətənpərvər gəncləri formalaşdıran müəllimlərə yüksək qiymət verərək deyir: “Mən bu gün bizim müəllimlərimizi, onların işini xüsusilə qeyd etmək istəyirəm,   çünki bizim gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında onların çox böyük rolu olmuşdur, bu gün də var.

 

Müəllimlər uşaqların, gənclərin biliklərini artırmaq, eyni zamanda onların vətənpərvərlik ruhunda tərbiyəsi üçün fəal və səmərəli işləyirlər. İkinci Qarabağ müharibəsi bunu göstərdi. Heç vaxt Qarabağı görməyən gənclər Qarabağ uğrunda ölümə gedirdilər, ölümə getməyə hazır idilər, şəhid oldular, yaralandılar. Ancaq yenə də bu Zəfəri təmin etmək üçün dayanmadılar.

 

...Sinəsini qabağa verən gənclər o qədər vətənpərvərlik ruhunda tərbiyə olunmuşdur ki, onlar üçün Vətən torpaqlarını azad etmək ən şərəfli missiya olmuşdur”.

 

Samirə KƏRİMOVA