Sentyabrın 25-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə nazirliyin Uşaq və gənclərin inkişafı siyasəti şöbəsinin əməkdaşları, məşqçi-müəllimlər, fiziki tərbiyə müəllimlərindən ibarət heyətin Füzuli rayonuna səfəri təşkil olunub.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, səfər çərçivəsində Füzuli rayonu Ağamoğlan Cəbrayılov adına Aşağı Alıxanlı kənd tam orta məktəbinin pedaqoji kollektivi və şagirdləri ilə görüş keçirilib. Görüşdə gənc nəslin fiziki və mənəvi cəhətdən inkişafı, onların sağlamlığının təmin edilməsində idman və bədən tərbiyəsinin mühüm rol oynadığı vurğulanıb.
 
Daha sonra sözügedən məktəbdə baş tutan idman festivalı çərçivəsində məktəblilərin iştirakı ilə futbol, badminton idman növləri üzrə yarışlar keçirilib, TOPs proqramına uyğun estafet oyunları təşkil edilib, məktəblilərə hədiyyələr təqdim olunub.
 
Qeyd edək ki, festivalın keçirilməsində məqsəd təhsilalanlar arasında sağlam həyat tərzinin təbliği, idmana olan marağın artırılması, vətənpərvərlik ruhunun yüksəldilməsindən ibarət olub.