Xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçiriləcək.
 
Bu barədə "Azərbaycan müəllimi" Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
 
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur.
 
Peşə tanınması üzrə növbəti imtahan oktyabrın 6-da DİM-in elektron imtahanlar korpusunda keçiriləcək.
 
İmtahan saat 13:00-da başlanır. Saat 12:45-dən sonra gələn iştirakçılar imtahana buraxılmırlar. İmtahan vermək üçün qeydiyyatdan keçmiş ərizəçilər oktyabrın 1-dən etibarən DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap etməlidirlər. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib.
 
İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
 
-Şəxsiyyəti təsdiq edən sənədin əsli;
 
-İmtahana buraxılış vərəqəsi.
 
Ərizəçilər ixtisasları üzrə proqramla DİM-in saytında tanış ola bilərlər.
 
Təqdim edilən proqram əsasında ərizəçilərin ixtisas biliklərinin yoxlanılması ilə yanaşı, onların peşə üzrə ümumi biliklərinin müəyyən edilməsi, məntiqi düşünmə və situasiya-mühakimə test tapşırıqları vasitəsilə davranış səriştələrinin qiymətləndirilməsi də nəzərdə tutulur.
 
İmtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunur. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün azı 15 bal toplaması tələb olunur. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr, həmçinin növbəti gün DİM-in saytına yerləşdirilir.