Sentyabrın 25-də Təhsil Tələbə Krediti Fondu və Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri arasında görüş keçirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə Şura üzvlərinə Fond tərəfindən 3 il ərzində görülən işlər barədə məlumat verilib. Bildirilib ki, əsas məqsədi əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək olan TTKF-in fəaliyyət göstərdiyi dövr ərzində elektron portala 54 minə yaxın müraciət daxil olmuş, 42 mindən çox TTK müqaviləsi rəsmiləşmişdir. 
 
TTKF-in İdarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov qeyd edib ki, Fondun fəaliyyətinin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi istiqamətində mütəmadi təhlillər aparılır, beynəlxalq təcrübə öyrənilir. Təhsil tələbə kreditindən yararlanmış tələbə və məzunların bilik və bacarıqlarının artırılması məqsədilə təcrübə və təlim proqramlarına qoşulmasına dəstək göstərmək üçün müxtəlif özəl və dövlət təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan işlər haqqında da məlumat verilib. 
 
Ardınca Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvlərinin sualları cavablandırılıb, təhsil tələbə kreditlərinin müxtəlif aspektləri üzrə təkliflər səsləndirilib və mövzu ətrafında fikir mübadiləsi aparılıb.