Oyunla başlayan maraq onu robotexnika və proqramçılıq sahəsinə gətirdi.
 
Naxçıvan Dövlət Universitetinin nəzdində İngilis dili Təmayüllü Gimnaziyanın 10-cu sinif şagirdi Hüseyn Tahirov ölkəmizi Beynəlxalq Robot Olimpiadasında təmsil edəcək. O, təəssüratlarını "Azərbaycan müəllimi" ilə bölüşüb.
 
Hüseyn deyir ki, kompüterlə ilk tanışlığı 5 yaşında olub. İlk vaxtlar sadəcə oyun oynasa da, zamanla onda proqramlaşdırma və robot texnologiyalarına maraq yaranıb:
 
"İnternetdə də müxtəlif resurslardan istifadə edərək proqramlaşdırma və robotexnika sahəsini daha dərindən öyrənməyə başladım. 7-ci sinifdə oxuyarkən Respublika Fənn Olimpiadasında 4-cü yeri qazandım. STEAM təhsilinə ilk addımımı da elə bu sinifdə atdım. Ordubad rayonu komandası ilə birlikdə "STEAM Naxçıvan" çərçivəsində "Sərbəst Layihə" və "Katapult Robot" kateqoriyalarında 2-ci yeri qazandıq, həmçinin STEAM Təhsil Festivalında 3-cü yerə layiq görülmüşəm".
 
 
"Ailəm ən böyük dəstəkçim olub, öyrənməyim üçün lazım olan şəraiti yaradıblar".
 
Hüseyn bütün uğurlarında valideynlərinin və müəllimlərinin payı olduğunu bildirir. O hesab edir ki, əgər valideynləri onun üçün lazımi şərait yaratmasa və müəllimləri diqqət göstərməsəydi, bu nəticəni əldə edə bilməzdi.
 
"Müəllimlərim bu sahə üzrə inkişafımda mühüm rol oynayıblar. Xüsusilə mentorum Hüseyn İmanov mənə robot texnologiyaları və proqramlaşdırma sahəsində yön verərək, bu yolda irəliləməyimə kömək edir. Onun dəstəyi olmadan bu uğurları qazanmağım çətin olardı".
 
 
"VII Respublika Robot Olimpiadası mənim üçün xüsusi əhəmiyyət kəsb edir".
 
Naxçıvan məktəblisi Gənclər və İdman Nazirliyi, Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) birgə təşkilatçılığı ilə sentyabrın 20-22-də keçirilən bu yarışda birinciliyi qazanmağın elə də asan olmadığını və həmyaşlarının da kifayət qədər maraqlı layihələrlə çıxış etdiklərini bildirdi:
 
"Olimpiadanın məqsədi gənclərin robot texnologiyaları və mühəndislik bacarıqlarını inkişaf etdirmək və onları beynəlxalq səviyyəyə hazırlamaqdır. Bu olimpiadada "RoboSports" kateqoriyasında iştirak edərək 1-ci yerə layiq görüldüm. Tapşırıq "Double tennis" oyununda iki robotla qarşı komandaya qarşı mübarizə aparmaq idi. Yarış zamanı robotlar arasında strategiya qurmaq, dəqiq hərəkətlər etmək və qarşı tərəfin taktikalarını qabaqlamaq çox vacibdir. Naxçıvanı təmsil etmək mənim üçün böyük bir məsuliyyət və qürurverici bir təcrübə oldu. Qazandığım bu mükafat mənə 2024-cü ilin noyabr ayında Türkiyənin İzmir şəhərində keçiriləcək Dünya Robot Olimpiadasında Azərbaycanı təmsil etmək hüququnu qazandırdı. Bu beynəlxalq yarış mənim üçün yeni bir çağırış və robot texnologiyaları sahəsində daha böyük nailiyyətlər əldə etmək üçün bir fürsətdir".
 
 
Hüseyn Tahirov bu günədək proqramlaşdırma və robotexnika sahəsində 50-dən çox diplom, sertifikat və fəxri fərman, həmçinin 9 medal qazanıb. Gələcəkdə ölkəmizin innovativ inkişafına böyük töhfələr verəcəyinə inanır və məktəblimizə çıxdığı bu yolda uğurlar arzulayırıq.
 
Aygün HÜSEYN
Naxçıvan bürosu