Naxçıvanda ölkə üzrə mərkəzləşmiş qaydada ilk dəfə olaraq 29 iyul-14 sentyabr tarixlərini əhatə edən 2024- 2025-ci tədris ili üzrə peşə təhsil müəssisələrinə tələbə qəbulu da artıq başa çatıb.
Bu barədə "Azərbaycan müəllimi"nə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, peşə təhsili müəssisələrinə bu il 453 nəfər qəbul olub. Qəbul olunan tələbələrin 95%-i dövlət sifarişi əsasında, 5%-i isə ödənişli əsaslarla təhsil almağa başlayıb.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda əsas proritet hədəflərdən biri də muxtar respublikada peşə təhsilinin əhatəsinin genişləndirilməsidir. Proqramda muxtar respublikada əmək bazarının tələblərinə cavab verən müasir tipli peşə təhsili müəssisələrinin təşkili də nəzərdə tutulub. Bu istiqamətdə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müvafiq Fərmanı ilə Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi publik hüquqi şəxsi və Naxçıvan Şəhər Peşə Liseyi birləşdirilərək, onların bazasında Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxsi yaradılıb.
Əlavə olaraq Şərur və Ordubad Texniki Peşə və Sürücülük məktəbləri peşə liseylərinə çevrilib. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən əmək bazarının tələbləri nəzərə alınaraq peşə təhsili müəssisələrində 600-ü dövlət sifarişi, 100-ü ödənişli olmaqla, müxtəlif ixtisaslar üzrə 2024-2025-ci tədris ili üçün 700 yerlik qəbul planı tərtib olunub. Peşə təhsili müəssisələrinə ilk dəfə ölkə üzrə mərkəzləşdirilmiş qaydada ixtisas fənn müəllimləri və istehsalat təlim ustaları müsabiqə yolu ilə işə qəbul olunub.
2024-2025-ci tədris ilində muxtar respublikanın peşə təhsil müəssisələrində yeni ixtisaslar da tədris olunacaq.
Aygün HÜSEYN
Naxçıvan bürosu