Elm və Təhsil Nazirliyi ilə “Alqoritmika” beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsinin 2024-2025-ci tədris ilində əhatə dairəsi daha da genişləndirilib. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, yeni tədris ilindən işğaldan azad olunmuş ərazilərdə də tətbiqinə başlanılan layihə çərçivəsində ölkə üzrə məktəb sayı 762-yə çatdırılıb, onlardan 230-u layihəyə yeni cəlb olunub. Yeni tədris ilində layihə ölkənin 57 şəhər və rayonunda 6000 müəllimi,  500 000 şagirdi əhatə edir. 
 
Bundan başqa, bu il 30-dan çox məktəbdə informatika fənninin dərindən tədris olunduğu, ixtisaslaşdırılmış “Rəqəmsal bacarıqlar” təmayüllü 10-cu siniflərə qəbul imtahanı keçirilib. 826 şagird yeni tədris ilində bu siniflərə qəbul olunub. Ümumilikdə, bu il “Rəqəmsal bacarıqlar” təmayüllü 10-11-ci siniflərdə 1370 şagird təhsilinə davam edəcək.
 
Qeyd edək ki, layihənin məqsədi şagirdlərə alqoritmik və məntiqi təfəkkür, layihə hazırlama bacarıqları, həmçinin proqramlaşdırmanın əsaslarını öyrətməkdir.