Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Gürcüstanın azərbaycandilli orta məktəblərinə 2024-2025-ci tədris ili üçün dərslik və metodik vəsaitlər göndərib.
 
"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, dərs vəsaitləri sentyabrın 24-də Azərbaycanın Gürcüstandakı səfirliyinin vasitəsilə bu ölkənin Təhsil və Elm Nazirliyinə təhvil verilib.
 
Xatırladaq ki, Azərbaycan qonşu ölkədəki soydaşlarımızı dərsliklərlə 1994-cü ildən etibarən təmin edir. Bu günədək Gürcüstana 650 mindən çox dərslik və digər metodik vəsaitlər çatdırılıb.
 
Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramiz Hacızadə jurnalistlərə açıqlamasında bildirib ki, Gürcüstanda Azərbaycan dilində təhsil alan şagirdlər üçün dərsliklər Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildən etibarən göndərilir. Ümummilli Liderimizin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanın Elm və Təhsil Nazirliyi tərəfindən bu il də Gürcüstana yeni dərsliklər göndərilib. Bu il 18 adda 23 min 960 nüsxə Ana dili və ədəbiyyatı dərsliyi, müəllimlər üçün metodik vəsait göndərilib. Bu dərslik və metodik vəsait Gürcüstanın Təhsil və Elm Nazirliyinin xətti ilə azərbaycandilli məktəblərə paylanacaq.
 
Gürcüstan Təhsil və Elm Nazirliyinin məsul əməkdaşı Kaxa Xandolişvili jurnalistlərə müsahibəsində deyib ki, bu gün hər iki ölkənin müvafiq nazirlikləri arasında sıx əməkdaşlıq mövcuddur.
 
Əldə olunmuş razılığa əsasən Azərbaycanın Elm və Təhsil Nazirliyi Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycan dili və ədəbiyyat dərslikləri, eləcə də metodik vəsaitlər göndərir.
 
Onun sözlərinə görə, Azərbaycan Prezidenti Gürcüstanda yaşayan soydaşlarımızın problemlərinin həlli üçün Gürcüstan dövləti ilə müvafiq işlər görür. Dərsliklərin göndərilməsi də soydaşlarımıza dəstəyin və birgə əməkdaşlığımızın nümunəsidir.