"Qarabağ Universiteti komandasının bir üzvü olmaq olduqca qürurverici bir hissdir. Universitetin simasının yaradılması istiqamətində mənə göstərilən etimad həm olduqca məsuliyyətlidir, həm də hədsiz sevindiricidir. Bütün dünyanın diqqət mərkəzində olan bir universitetdə çalışdığımız və belə tarixi anlara şahidlik etdiyimiz üçün çox şanslıyıq".
Bunu "Azərbaycan müəllimi"nə açıqlamasında Qarabağ Universitetinin mətbuat xidmətinin müdiri Aytən Quliyeva deyib.
Əslən Şuşadan olan A.Quliyeva deyir ki, bir qarabağlı kimi Qarabağ Universitetində çalışmaq və Xankəndidə yaşamaqdan böyük qürur hissi keçirir: "Uzun illərden sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq bu gün biz öz torpaqlarımızdayıq və bu anların qürurunu yaşayırıq. Xankəndi şəhəri olduqca gözəldir. Havası, suyu, təbiəti isə bir ayrı ecazkardır. Biz komanda olaraq bir aydan çox müddətdir ki, Xankəndiyə köçmüşük".
O bildirib ki, universitetin mətbuat xidmətinə seçiləndə böyük həyəcan hissi keçirib: "Çünki görəcəyim işin məsuliyyətini dərk edirdim. Bütün komanda olaraq qarşımızdakı məqsəd ondan ibarətdir ki, Qarabağ Universiteti dünyaya səs salmalıdır. Komandamızın gücünə çox əminəm. Universitetin həm inzibati, həm professor, həm də müəllim heyəti olduqca peşəkardır. İşini bilən, savadlı insanlarla çiyin-çiyinə çalışaraq universitetimizi qısa zamanda daha da yüksəklərə qaldıracağıq".
Aytən Quliyeva qeyd edib ki, ailə üzvlərindən bir müddətdir ayrı qalsa da, tələbələrlə bir yerdə olmaq, onların suallarını cavablandırmaq onu darıxmağa qoymur: "Övladlarım Bakıda məktəbə və bağçaya gedir, lakin qısa zamanda onların da Xankəndiyə köçməyini nəzərdə tutmuşam. Bildiyiniz kimi, Xankəndi şəhərində 4 nömrəli məktəb fəaliyyətə başladı. Övladlarım həmin məktəbdə təhsillərinə davam edəcəklər".
Günel ABBAS