“Quacquarelli Symonds” (“QS”) Reytinq Agentliyinin Şərqi Avropa və Orta Asiya üzrə regional direktoru Sergey Xristolyubovun Sumqayıt Dövlət Universitetinə (SDU) səfəri baş tutub.
 
Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən məlumat verilib. Bildirilib ki, SDU-nun rektoru Rüfət Əzizov qonağa son bir ildə universitetin həyatında baş verən yeniliklər barədə ətraflı məlumat verib. Reytinqlərdə iştirakın universitetin strateji inkişaf üçün önəmini və ali məktəbin tələbəyönümlü siyasəti barədə danışan rektor universitetdə aparılan islahatların tələbələrin yüksəksəviyyəli mütəxəssislər kimi yetişməsinə xidmət etdiyini və artıq bu istiqamətdə ilkin nəticələr qazanıldığını vurğulayıb. Bu nəticələrdən biri kimi SDU-nun cari ildə “QS”-nin Avropa Universitetlərinin Reytinqində 483-cü yerdə qərarlaşdığı qeyd olunub. Əlavə olaraq, cari ildə Oksford Universiteti tərəfindən təşkil olunan “İqlim Dəyişikliyi Müsabiqəsi" adlı qlobal müsabiqənin SDU-nun dəstəyi ilə həyata keçirildiyini bildirən rektor bununla bağlı müqavilənin imzalandığını qeyd edib və bu istiqamətdəki gələcək planlar barədə danışıb.
 
Rektor həmçinin “Times Higher Education” (THE) Beynəlxalq Reytinq Agentliyi, SDU-nun və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə təşkilatçılığı çərçivəsində "Qlobal ali təhsil gündəliyində iqlim dəyişikliklərinə qarşı mübarizə" mövzusunda həyata keçirilən Forum və xaricdən dəvət olunmuş alimlərin tələbə və əməkdaşlarla olan görüşlərindən və SDU-nun digər təşəbbüs və tədbirlərindən bəhs edib.
 
Sergey Xristolyubov öz növbəsində “QS” reytinqlərində Azərbaycan universitetlərinin inkişaf dinamikasından bəhs edib, xüsusən SDU-nun regional universitetlər arasında ilk və tək universitet olaraq digər universitetlərə nümunə olduğunu və dinamikanın artan xətlə gedəcəyinə əminliyini ifadə edib. “QS”-in Makao və Almatıda keçirilməsi planlaşdırılan tədbirlərindən söz açan qonaq QS Dünya Universitetləri Reytinqinin növbəti il üçün nəticələrinin Sinqapurda EduData sammitində açıqlanacağını bildirib.
 
Daha sonra “QS Stars” proqramı, iştirak şərtləri və metodologiyası haqqında fikir mübadiləsi aparılıb.
 
Görüşün sonunda rektor Rüfət Əzizov və regional direktor Sergey Xristolyubov SDU ilə “QS” arasında əməkdaşlığa dair müqavilə imzalayıb.