Onlar Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim ixtisası üzrə təhsil alırlar


Heç kimə sirr deyildir ki, ölkənin təhsil sistemində aparılan davamlı islahatlar, dövlətin təhsil sisteminə  olan diqqət və qayğısı nəticəsində müəllimlik peşəsinə maraq son illərdə daha da artmaqdadır. İşə qəbul  prosesinin şəffaflaşdırılması, müəllimlərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər gənclərin bu peşəyə üz tutmasında vacib rol oynayır. Ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin müəllimlik peşəsini ilk sıralarda qeyd etməsi artıq təəccüb doğurmur. 600-dən artıq bal toplayan çoxsaylı abituriyentin müəllimlik ixtisaslarını seçməsi son illərdə ənənəyə çevrilib. Ölkəmizin peşəkar müəllim kadrlarının hazırlanması üzrə ixtisaslaşmış əsas ali məktəb olan Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) də hər il olduğu kimi, bu il də yüksək bal yığan abituriyentlərin seçim zamanı üstünlük verdikləri universitetlərdəndir. Nümunə üçün qeyd edə bilərik ki, 2024-2025-ci tədris ilinin bakalavriat səviyyəsinə qəbulun  nəticələrinə əsasən, ayrılan 2655 plan yeri üzrə universitetə qəbul olunmuş tələbələrin 48%-i 400 12%-i isə 500 baldan yuxarı nəticə göstərənlərdir.  600-dən yuxarı bal toplayan  13 nəfər ADPU-ya qəbul olunub. Onlardan 5 nəfəri ADPU-nun  filiallarını seçib. 8 nəfər isə universitetin müxtəlif fakültələrinə təhsil alır.

Fatimə Nəcəfzadə Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbin məzunudur. Qəbul imtahanlarında 663.9 bal toplayaraq ADPU-nun  “Riyaziyyat və informatika” müəllimliyi ixtisasını seçib. 2024-2025-ci tədris ili üçün Pedaqoji Universitetinə ən yüksək balla qəbul olunan tələbədir.

 

- Sevincliyəm, uğurlu nəticəyə çatdığım üçün özümü xoşbəxt hiss edirəm.

 

- İstərdik, səni daha yaxından tanıyaq.

 

- Mən Sumqayıt şəhərində anadan olmuşam. Elə orta təhsilimi də doğma şəhərdə almışam. Məktəb dövründən dünyada baş verən müasir proseslərlə yaxından maraqlanıram. Xüsusən də elm və texnologiyada baş verən sürətli dəyişikliklərə böyük marağım var. Elə bu marağıma görə Elm və Təhsil Nazirliyinin təşkil etdiyi “Sabahın alimləri” müsabiqəsində iştirak edərək II yerə sahib olmuşam. Həmçinin dil öyrənməyi çox sevirəm. Boş vaxtlarımda ingilis və yapon dillərini öyrənməyə çalışıram.

 

- Qəbul imtahanlarında 663.9 bal yığmısan. Bu cür yüksək nəticə üçün hansısa xüsusi bir formulun varmı? 

 

- Bu nəticəni göstərmək üçün, məncə, məqsədli olmaq, vaxtı düzgün şəkildə bölüşdürməyi, idarə etməyi bacarmaq və çox keyfiyyətli çalışmaq lazımdır. Yəni çox oxumaqla yanaşı, necə oxumağı da bilmək vacibdir.

 

- Belə yüksək nəticə ilə başqa ixtisasları da seçə və asanlıqla qəbul ola bilərdin. Niyə məhz müəllimliyə yönəldin?

 

- Bu, məncə, ailədən gələn bir sevgidir. Mənim anam, bibim və xalam müəllimdir. Bu, məndə müəllimliyə xüsusi maraq oyadıb. Həm də bildiyim nələrisə başqasına öyrətməkdən zövq alıram. Bu səbəbdən də müəllim olmağa qərar verdim.

 

Mənim anam da illər əvvəl ADPU-nu bitirib. “Kimya və biologiya müəllimliyi” ixtisasının məzunudur. Anamdan universitet haqqında xoş xatirələr eşitmişəm. Fikrimə təsir edən digər amil ADPU-nun sırf müəllim hazırlığı üzrə ixtisaslaşmış olmasıdır. Düşünürəm ki, bu səbəbdən də tədris daha keyfiyyətlidir. Mənim həm riyaziyyata, həm də informatikaya böyük marağım var və burada hər iki ixtisasın sirlərinə yiyələnə biləcəyim də seçimimdə əsas rol oynadı.

 

- Gələcəklə bağlı planın nədir?

 

- Təbii ki, təhsilimi uğurla başa vurduqdan sonra gələcək karyeramı sevdiyim peşə olan müəllimlik peşəsində davam etdirəcəyəm. Öyrənəcəyim bilik və bacarıqları bu sahədə sevə-sevə tətbiq edəcəyəm.

 

- Səncə, müəllim necə olmalıdır? Sən necə bir müəllim olmağı hədəfləmisən?

 

- Məncə, yaxşı müəllim səbirli, anlayışlı, şagirdlərlə həm dost, həm sirdaş olmağı bacarmalıdır. Mən özüm də çalışacağam ki, bunları öz fəaliyyətimdə tətbiq edim.

 

- Sənin kimi müəllim olmağı qarşısına məqsəd qoymuş şagirdlərə nə tövsiyə edərdin?

 

- Bu peşənin ciddiliyini, məsuliyyətini dərk edib, sevərək seçəcəklərsə, bu yolda addımlamaqda məqsədləri qətidirsə əzmlə çalışsınlar və arzusunda olduqları ixtisası seçsinlər.

 

Aysu Qasımova Bakı şəhəri 295 nömrəli tam orta məktəbin məzunudur. Qəbul imtahanlarında 635.2 bal toplayaraq ADPU-nun “Azərbaycan dili və ədəbiyyat” müəllimliyi ixtisasına qəbul olunub. Əslən Ağsu rayonundan olan Aysu  2007-ci ildə  anadan olub. Bir müddət sonra ailəsi ilə  birgə Bakı şəhərinə köçüb, orta təhsilini Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada alıb. Daha sonra təhsilini 295 nömrəli tam orta məktəbdə davam etdirib. 2023-2024-cü tədris ili üzrə  Respublika Fənn Olimpiadalarının Azərbaycan dili və ədəbiyyat fənni üzrə bürünc medalçısıdır. Həmçinin orta məktəbi gümüş medalla bitirib. Hobbiləri müxtəlif janrlı kitablar oxumaq və dil öyrənməkdir. Yüksək nəticə əldə etməsinin sirrini isə belə izah edir:

 

- Düzü, əvvəllər 600 bal yığmaq mənə xəyal kimi gəlirdi. Səbirlə, təmkinlə, yorulmadan çalışaraq buna nail ola bildim. Məndən uğurlu nəticə gözləyən ailəmi, müəllimlərimi, yaxınlarımı sevindirdim. Buna görə özümü çox xoşbəxt hiss edirəm.

 

Aysunun müəllimliyə yönəlmə səbəbi elə öz müəllimləridir. Daha da dəqiq desək, müəllimlərindən gördüyü dəstək, güvən və ona öz övladları kimi yanaşmaları həmsöhbətimizə müəllimliyə yönəlmək  üçün ilham mənbəyi olub. Aysu gələcəkdə öz müəllimləri kimi şagirdlərin yoluna işıq tutaraq onların cəmiyyətdə düzgün mövqeyə çatmalarına kömək etmək istəyir.

 

- Seçdiyin ixtisas üzrə  bir çox universitetdə təhsil almaq şansın var idi. Niyə ilk yerdə  ADPU-nu seçdin?

 

- ADPU haqqında əvvəlcədən məlumatım var idi. Çox geniş araşdırma etmişdim. Bu nəticəyə gəldim ki, bu universitet müəllimliyin ocağı olduğu üçün burada tədris yüksək keyfiyyətlə aparılır. Bu səbəbdən də tərəddüd etmədən ilk sıraya ADPU-nu yazdım.

 

O, gələcəkdə karyerasını müəllimlik üzrə qurmağı planlaşdırır. Hesab edir ki, bir insana təhsil verərək, nələrisə öyrədərək onu yüksək pillələrə qaldırmaq qürurverici bir hissdir.

 

- “Peşəkar müəllimin şagirdə  yanaşması necə olmalıdır? ” sualına cavabı isə belədir:

 

- Mən düşünürəm ki, əsl müəllim şagirdlərinə sadəcə hansısa biliyi mənimsədən kəs deyil. Əsl müəllim səbir və qayğı ilə yanaşaraq onlara düzgün yol göstərən, cəmiyyətə layiqli şəxsiyyət olmağı, uğurlu karyera qurmağı öyrədən şəxsdir.

 

Gərgin və yorucu marafondan uğurla çıxmağı bacaran növbəti qəhrəmanımız Gülnur Rzayevadır.

 

Gülnur Rzayeva  Masallı rayonundandır. 9 illik təhsilini rayonun Təkdam kənd məktəbində alıb. X və XI siniflərdə təhsilini Həsənli kənd tam orta məktəbində davam etdirib. Qəbul imtahanlarında 632.8 bal toplayaraq ADPU-nun “Riyaziyyat və informatika müəllimliyi” ixtisasını seçib.

 

- Ona bəslənilən ümidləri doğrultduğu üçün sevincli olan Gülnur belə yüksək nəticə əldə etməyi çətin hesab etmir.

 

- Məncə, 600 və daha artıq bal yığmaq çətin deyil. Çətin olan bu yolda əziyyət çəkməyi bacarmaqdır. Mənim bu cür nəticə göstərməyimin səbəbi məsuliyyətlə çalışmağım olub. Əlbəttə ki, düzgün plan qurub çalışan hər kəs yüksək nəticə göstərə bilər.

 

Həmsöhbətimiz müəllim olacağına 1 il öncədən qərar verdiyini qeyd edir. Bu peşəyə marağının da hər mövzuda özünə nümunə saydığı atası sayəsində yarandığını deyir. O da atası kimi riyaziyyat müəllimi olmaq istəyir.

 

- Gülnurun ADPU-nu seçməsinin xüsusi səbəbi var. O, seçimini belə izah edir:

 

- Qeyd etdiyim kimi, atam da riyaziyyat müəllimidir. Pedaqoji Universitetin məzunudur. Mən də qarşıma riyaziyyat və informatika müəllimi olmağı məqsəd qoyduğum zaman həm ondan fikirlərini öyrəndim, həm də universitet haqqında internet resursları və sosial şəbəkələr üzərindən araşdırmalar apardım. Yekun nəticə olaraq,  mən də ADPU-nu seçmək qərarına gəldim. İxtisas üzrə ən yaxşı tədrisi burada ala biləcəyimi düşünürəm.

 

“Səncə, yaxşı müəllim olmaq üçün hansı xüsusiyyətlərə sahib olmaq lazımdır?”, - sualına cavabında əsl müəllimin  fənni ilə şagirdlər arasında körpü olmağı bacarmalı olduğunu qeyd edir. O, hesab edir ki, şagirdin fənni hansı dərəcədə sevməsi, necə qavraması birbaşa müəllimə olan münasibətindən asılıdır. Əsl müəllim şagirdlərə qarşı diqqətli, mehriban, qayğıkeş olmalıdır.

 

Söhbətimizə yüksək balla tələbə adını qazanmış daha bir istedadlı gəncimiz Sehri Məmmədova ilə davam edirik.

 

Sehri Məmmədova 2007-ci ildə Sabirabad rayonunun Qaragüney kəndində anadan olub. Sabirabad rayonu İlqar Qasımov adına Qaragüney kənd tam orta məktəbin məzunudur. Orta məktəbi fərqlənmə attestatı ilə bitirib. Qəbul imtahanlarında 619.8 bal toplayaraq ADPU-nun “Riyaziyyat və informatika müəllimliyi” ixtisasını seçib.

 

 Bizə yüksək nəticə əldə etməsinin sirlərindən danışan Sehri əvvəlki həmsöhbətlərimizdən fərqli olaraq hər kəsin yüksək bal yığa biləcəyi fikri ilə razı deyil.

 

- Əlbəttə, yüksək bal yığmaq olduqca çətindir. Yüksək iradə, dözüm və səbir tələb edir. Fikrimcə, heç bir uğurun xüsusi bir gizli formulu, düsturu yoxdur. Bütün uğurların bünövrəsində sadəcə çox çalışmaq durur. Bu nəticə üçün insanda  bir çox xüsusiyyətin birləşməsi vacibdir.

 

Müəllimlik peşəsini seçdiyi üçün qürur duyduğunu bildirir. Sehrinin də Pedaqoji Universiteti seçməsinin özünəməxsus hekayəsi var:

 

- Müəllim olmaq öz arzum idi. Bacım da bu universitetin III kurs tələbəsidir. “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasında təhsil alır. ADPU haqqında bacımdan eşitdiyim xoş sözlər seçimimdə həlledici rol oynaıb.

 

Nərmin Məmmədova 2007-ci ildə Ağdam rayonunda anadan olub. Ağdam rayonu Səfərli kənd tam orta məktəbin məzunudur. Məktəbdaxili bilik yarışlarında dəfələrlə qalib olub. Qəbul imtahanlarında 601.6 bal toplayaraq ADPU-nun “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” ixtisasını seçib.

Nərmin uğurunu daha çox müəllimlərindən və ailəsindən aldığı dəstəklə əlaqələndirir. O, inanır ki, hər kəs qarşısına məqsəd qoysa, bu nəticəyə çatmağı bacarar.

 

Həmsöhbətimiz qeyd edir ki, müəllimliyə böyük sevgisi olub. Hər zaman müəllimliyin qürur duyulacaq bir peşə olduğunu düşündüyü üçün seçim zamanı üstünlüyü bu peşəyə verdiyini qeyd edir.

 

O, Pedaqoji Universiteti geniş araşdırmalardan sonra seçdiyini bildirir.

 

Düzünü desəm, ADPU haqqında daha öncədən o qədər də çox məlumatım yox idi. İxtisas seçimi zamanı daha yaxşı araşdırdım və doğru qərarın ADPU olduğunu anladım.

 

“Sizdən ilhamlanıb müəllim olmaq istəyəcək şagirdlərə, abituriyentlərə nələri məsləhət görərdin?”, - sualını  belə cavablandırır:

 

- Bu sahəni seçmək istəyənlərə  müəllimliyin nə qədər önəmli olduğunu vurğulayardım, çünki öyrənmək qədər öyrətmək də çətin və məsuliyyətlidir. Bu məsuliyyəti üzərlərinə götürüb, həqiqətən daşıya biləcəklərsə, bu istiqamətə yönəlsinlər.

Zərifə Muradova Qəbələ şəhər Şirvan Bulqədirov adına 5 nömrəli tam orta məktəbin məzunudur. Qəbul imtahanlarında 605.6 bal toplayaraq ADPU-nun “Riyaziyyat və informatika” müəllimliyi ixtisasını seçib:

 

- Mən 2008-ci ildə Qəbələ rayonunda anadan olmuşam. 2024-cü ildə 11-ci sinifdən fərqlənmə attestatı ilə məzun oldum və DİM-in keçirdiyi qəbul imtahanlarında yüksək bal toplamağı bacardım.

 

- Məqsədin müəllim olmaq olub. Necə oldu ki, qarşına bu məqsədi qoydun?

 

- Müəllim olmaq mənim uşaqlıq arzum olub. Bu həvəs məndə həm anamın müəllim olması, həm də müəllimlərimə olan sevgi ilə yaranıb. Öyrətməyi sevirəm, riyaziyyatı sevirəm. Elə buna görə də, bu ixtisası seçmişəm.

 

- Bəs ADPU ilə tanışlığın haradandır?

 

- Mənim anam da ADPU-nun  məzunudur. Bu səbəbdən əvvəldən də universitet haqqında məlumatım, xoş təəssüratlarım var idi. Seçimim məhz Pedaqoji Universitet oldu.

 

- Yəqin ki, ananın yolunu davam etdirəcəksən.

 

- Bəli. Gələcək arzum və planım universitetdə vacib bilik və bacarıqlara yiyələndikdən sonra müəllim olaraq fəaliyyət göstərməkdir.

 

Növbəti yüksək bal toplamış həmsöhbətimiz Türkanə Pənahlıdır.

Türkanə Pənahlı 8 iyul 2007-ci ildə Zərdab rayonunun Çallı kəndində anadan olub. Çallı kənd M.V.Lomonosov adına tam orta məktəbin məzunudur. Türkanə qəbul imtahanlarında 603.1 bal toplayaraq ADPU-nun “Riyaziyyat müəllimliyi” ixtisasına qəbul olunub:

 

- ADPU haqqında daha əvvəldən məlumatım var idi. Seçim ərəfəsində sosial şəbəkələrdən daha da ətraflı məlumat toplaya bildim. Beləcə sevdiyim universitetə çevrildi. ADPU, adından da göründüyü kimi, tam peşəkar pedaqoq yetişdirir. Mən də gələcəkdə pedaqoq kimi yetişmək, vətənimə layiqli bir müəllim olmaq istəyirəm.

 

Gələcək karyerası ilə bağlı suala cavabında  Türkanə qarşısına yaxın və uzunmüddətli planlar qoyduğunu bildirir. Onun əsas yaxınmüddətli planı peşəkar səriştələrə sahib müəllim kimi formalaşmaq və karyerasını bu sahədə davam etdirməkdir. O, hesab edir ki, bütün uğurların və uğurlu şəxsiyyətlərin təməlində müəllimlik dayanır.

 

Sonuncu müsahibimiz olan Aynur Rəhimli qəbul imtahanlarında 609.3 bal toplayaraq müəllimlik ixtisasını seçib.

 

O, 2006-cı ildə Bakı şəhərində anadan olub. Bakı şəhər 85 nömrəli tam orta məktəbin məzunudur. Qəbul imtahanlarında yüksək bal yığaraq “Riyaziyyat müəllimliyi” ixtisasına qəbul olunub. Həm qəbul imtahanlarında  yüksək nəticə göstərdiyi, həm də müəllimlik ixtisasına qəbul olunduğu üçün özünü çox sevincli hiss edir.

Aynur yüksək nəticəsinin sirrini sevərək çalışmaqda, məqsədli olmasında və çox oxumasında görür. 

 

Aynurun müəllimliyə yönəlmə hekayəsi anasının arzusu ilə başlayıb:

- “Müəllim olmağa həvəs anamın məsləhəti ilə yaranıb. Anam hər zaman müəllim olmağımı arzulayıb. Mənim də uşaqlıqdan riyaziyyata marağım olub. Bu arzuları birləşdirib “Riyaziyyat müəllimliyi” ixtisasını seçdim”.

ADPU-nu seçməyi ona  ilk dəfə müəllimi məsləhət görüb. Daha sonra özü geniş araşdırma aparıb, müəllimliyin sirlərini  öyrənmək  üçün yaxşı seçim olduğu qənaətinə gəlib.

 

Karyerasını müəllim olaraq quracağını qeyd edən Aynur hesab edir ki, peşəkar müəllim uşaqları sevən, bildiklərini paylaşmağı bacaran, hər zaman öyrənməyi və öyrətməyi sevən və göstərdiyi sevgi ilə şagirdlərinin də sevgisini qazana biləndir.

 

Sonda Aynur abituriyentlərə ürək sözlərini də qeyd etdi:

 

“Onlara mübarizə aparmağı, öz üzərlərində çox çalışmağı, seçimlərindən əmin olmalarını məsləhət görərdim”.

 

Söhbətləşdi:

Məhəmməd İSRAYILZADƏ