“Qarabağ Universiteti yeni dövrün universiteti olaraq qurulmalıdır. Universitetimiz ən müasir standartlara cavab verən bir universitet olacaq”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov deyib.
O bildirib ki, qarşıdakı dönəmdə istək ondan ibarətdir ki, bu universitet həm yaxşı mütəxəssis hazırlayır, həm də dövlətimizə, xalqımıza layiqli vətəndaşlar yetişdirir: “Universitetimiz tələbə əsaslı bir universitetdir. Universitetimizin bütün fəaliyyətləri tələbələrin müasir Azərbaycan gəncinin arzu və istəklərini nəzərə alaraq formalaşdırılacaq. Bundan əlavə, universitetimiz tədqiqat əsaslı bir universitetdir. Bu o deməkdir ki, müasir tədqiqat metodlarından istifadə etməklə müxtəlif sahələr üzrə elmi-tədqiqatlar həyata keçiriləcək. Bu elmi-tədqiqatların nəticəsində əldə olunan həllər cəmiyyətin bu və ya digər sahəsinin inkişafı üçün təqdim ediləcək”.
O bildirib ki, tələbələrin dil biliklərinin təkmilləşdirilməsi üçün dil mərkəzi də fəaliyyət göstərir: “Hansı ixtisasda təhsil almasından asılı olmayaraq, bütün tələbələrimiz yüksək səviyyədə xarici dil bacarıqlarına yiyələnəcəklər. Yeni dövrün gənclərinin öz sahələrində uğur əldə etmələri, gələcəkdə əmək bazarında özlərini daha səmərəli, daha effektiv realizə edə bilmələri baxımından xarici dil bilikləri önəmlidir. Beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi üçün qarşıdakı dönəmdə xaricdən çoxsaylı müəllimlər dəvət olunacaq.
Yerli müəllimlərimiz xarici dildə tədris prosesini təşkil edəcəklər. İstədiyimiz ondan ibarətdir ki, tələbələrimiz ingilis dilində dərs almaq, müəllimlərdən bilik və bacarıqları bu dildə əldə etmək imkanına malik olsunlar. Eyni zamanda tərəfdaş olacağımız, universitetlərlə quracağımız mübadilə proqramlarında iştirak etsinlər, gələcəkdə fəaliyyətə başlayacaq ikili diplom proqramlarına qoşula bilsinlər”.
Günel ABBAS