Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Assosiasiyaya (ENQA) müşahidəçi statusunda üzvlüyə qəbul olub.
Bu barədə "Azərbaycan müəllimi"nə agentlikdən məlumat verilib.
Əsas missiyası Avropada ali təhsilin keyfiyyət təminatı sahəsində uğurlu təcrübələri bölüşmək və qarşılıqlı əməkdaşlığı təşviq etmək olan ENQA-nın fəaliyyət istiqamətlərinə ali təhsildə keyfiyyət təminatı strategiyasının müəyyən edilməsi, keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi və bu istiqamətdə beynəlxalq əməkdaşlığın təmin edilməsi məsələləri daxildir.
ENQA-da müşahidəçi statusunda üzvlüyə qəbul olunmaq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə Avropa ali təhsil məkanında təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində müzakirələrdə yaxından iştiraka imkan verəcək. Eyni zamanda, ölkədə ali təhsilin nüfuzunun artırılması və beynəlmiləlləşmə arealının genişləndirilməsinə müsbət təsir edəcək.
Hazırda ENQA-da 60 qurum tam üzv və 42 qurum isə müşahidəçi üzv qismində iştirak edir.