Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Bilal Qəhrəmanov bu gün Gədəbəy rayonunun Şəhidlər Xiyabanında dəfn olunub.

 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu haqda Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Gədəbəy rayon  Bilal Qəhrəmanov adına Qızılqaya kənd tam orta məktəbin direktoru Tural Topçuyev məlumat verib. 

 

Bildirilib ki, 30 il öncə itkin düşən Bilal Qəhrəmanov bu gün dəfn olunub. Dəfn mərasimində Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov, hüquq-mühafizə orqanlarının nümayəndələri, döyüş yoldaşları, qazilər, şəhid ailələri, ailə üzvləri və məktəb kollektivi iştirak ediblər.

 

“Şəhidimizin nəşi birinci boya-başa çatdığı Qızılqaya kəndinə gətirilib. Nəşi qarşılamaq üçün kənd sakinləri ilə birgə müəllim və şagirdlərimiz şəhidimizin fotosu olan plakatlarla kənd girişinə yollanıblar. Şagirdlərimiz “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı ilə şəhidimizi böyüdüyü evə yola salıblar. Daha sonra şəhidimizin nəşi dəfn üçün Gədəbəy Şəhidlər Xiyabanına aparılıb. Direktoru olduğum məktəb şəhid Bilal Qəhrəmanovun adını daşıyır. Şəhidimizin adını uca tutmaq üçün ehsan bulağı inşa etdirmişik və məktəbin girişinə şəhidimizin fotosunu yerləşdirmişik. Bilal Qəhrəmanovun keçdiyi döyüş yolu, qəhrəmanlığı, cəsarəti, həyat salnaməsi haqqında hər zaman şagirdlərə danışmış, onun əziz xatirəsini uca tutmuşuq və tutacağıq”, - deyə məktəb direktoru fikirlərini bölüşüb və direktoru olduğu məktəbin şəhid Bilal Qəhrəmanovun adını daşımasından qürur duyduqlarını bildirib.

 

Şəhidimizin bacısı Şəfiqə Quliyeva da xatirələrini bölüşüb: “Bilalı döyüş yoldaşları “Sarı Şəmistan” kimi çağırırdılar. O, ailəmizin, döyüş yoldaşlarının, bir sözlə, hər kəsin sevimlisi olub.  Döyüş yoldaşları Bilalı o qədər sevirlərmiş ki, onlardan biri öz oğluna Bilalın adını verir. Bu gün həmin oğlan dəfn mərasimində də iştirak etdi, həm də artıq tələbədir”.

 

Qeyd edək ki, Bilal Qəhrəman oğlu Qəhrəmanov 1969-cu ildə Gədəbəy rayonunun Yenikənd (indiki adı Qızılqaya) kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. 1990-cı ildə hərbi təhsili almağa yollansa da, Qarabağda gedən müharibə onu könüllü Qarabağa yollanmağa sövq edir. Ağdam, Ağdərə və Ağcabədi istiqamətində gedən döyüşlərdə iştirak edib. Lakin, 1994-cü il yanvarın 4-də Ağdam rayonunun Qarakənd kəndi yaxınlığında itkin düşüb. Döyüş yoldaşlarını mühasirədən xilas etmək üçün düşmənin xeyli sayda canlı qüvvəsini, texnikasını məhv edib və yoldaşlarını xilas edib. Özü isə qəhrəmancasına həlak olub. Onun qalıqları 30 il sonra Şuşa şəhərinin Dəhraz kəndi yaxınlığında tapılıb və ailəsinə təhvil verilib. 

 

Aişə Məmmədova,

Qazax-Tovuz regionu üzrə təmsilçi