Sentyabrın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 600-dən yüksək balla ADPU-nu seçmiş, həmçinin idman sahəsindəki uğurlarına görə  müsabiqədənkənar qaydada universitetə qəbul olunmuş tələbələrlə görüş keçirilib.
 
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, görüşdə universitet rəhbərliyi, fakültə dekanları, tələbələr və onların valideynləri iştirak ediblər. 
 
Qeyd edək ki, 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulunun nəticələrinə əsasən 600-dən yuxarı bal toplayan abituriyentlərdən 8 nəfəri ADPU-nun müxtəlif fakültələrinə, 5 nəfəri isə ADPU-nun filiallarına qəbul olunub. ADPU-nun fakültələrinə qəbul olunan tələbələrdən 4-ü universitetin Riyaziyyat və informatika müəllimliyi, 2-si Riyaziyyat müəllimliyi, 1-i Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, 1-i isə Xarici dil müəllimliyi ixtisasında təhsil alacaq.
 
Həmçinin, 6 nəfər olimpiya və beynəlxalq idman yarışlarının qalibləri və mükafatçıları isə müsabiqədənkənar qaydada ADPU-nun Fiziki tərbiyə və çağırışaqədərki  hazırlıq müəllimliyi ixtisasına qəbul ediliblər.
Görüşü giriş sözü ilə açan Universitetin rektoru professor Cəfər Cəfərov tələbələri salamlayaraq onları Pedaqoji Universitet ailəsinin üzvləri  sıralarına qoşulmaları  münasibəti ilə təbrik edib. Prof. C.Cəfərov qəbul imtahanlarında yüksək nəticələr göstərmiş tələbələrin təhsil sahəsində uğurlarının davamlı olacağına, peşəkar müəllim kadrları olaraq təhsilin inkişafına töhfə verəcəklərinə inandığını bildirib.
Beynəlxalq idman yarışlarında ölkəmizi uğurla təmsil edən tələbələrə təşəkkürünü bildirən rektor gənclərin idman sahəsində ölkəmizin bayrağını daha yüksək zirvələrdə dalğalandırmalarını arzulayıb, həmçinin gələcəyin müəllimləri olaraq bacarıq və təcrübələri ilə sağlam gəncliyin yetişməsində faydalı işlər görəcəklərinə əmin olduğunu qeyd edib.
 
Daha sonra Pedaqoji Universitet adından  tələbələrə hədiyyələr təqdim edib. 600-dən yüksək bal toplayan tələbələrin hər birinə qəbul imtahanlarında topladıqları bal miqdarında, müsabiqədənkənar qaydada qəbul olunmuş tələbələrə isə müəyyən olunmuş məbləğdə maddi mükafat, həmçinin, bütün tələbələrə universitetin xatirə hədiyyələri verilib.
 
Öz təəssüratlarını valideynlər göstərilən diqqət və qayğıya görə  universitet rəhbərliyinə minnətdarlıqlarını bildirib, tələbələr bundan sonrakı uğurlarının daha böyükmiqyaslı olacağına, Pedaqoji Universitetdə müəllimlik ixtisasının sirlərinə yiyələnərək gələcəyin qurucularını yetişdirəcək peşəkarlar kimi formalaşacaqlarına əminliklərini ifadə ediblər.