Naxçıvanın ilk innovativ daşınmaz əmlak platformasını yaradan 12 yaşlı məktəbli: "Düşündüm ki, niyə texnologiya bu işi həll etməsin?"
 
Hazırda Naxçıvan Gənclik Mərkəzində Naxçıvan MR Təhsil Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə Şərur şəhər 2 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Əlisoy Ədalət Mehdi oğlunun Naxemlak.az platformasının təqdimatı keçirilir.
 
12 yaşlı məktəbli öz təəssüratlarını ilk olaraq "Azərbaycan müəllimi" qəzeti ilə bölüşdü.
 
"Əvvəlcə ailəm və qohumlarımın əmlak tapmaqda çətinlik çəkdiyinin şahidi oldum. Sonra düşündüm ki, niyə texnologiya bu işi həll etməsin? Elə həmin gündən başladım innovativ əmlak platforması olan Naxemlak.az  portalını yaratmağa. Bu işdə mənə öncə ailəm, daha sonra isə müəllimlərim dəstək oldular".
 
Məktəblinin anası Günay Əliyeva da bizimlə öz təəssüratlarını bölüşərək bu sözləri qeyd etdi: "Düşünürəm ki, Ədalətin bu layihəsində onun uşaqlıqdan ingilis dilini öyrənməsi mühüm rol oynayır. Ədalətin anası olmaqla yanaşı, onun xarici dil müəllimi olmağımın da sevinci bir başqadır. O, bu işə 10 yaşından başlayıb və istifadə etdiyi bütün internet resursları ingilis dilindədir. Mən düşünürəm ki, mənim oğlum gələcəkdə bir texnologiya mütəxəssisi olacaq".
 
Aygün HÜSEYN,
Naxçıvan bürosu