Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) 2024-cü il üçün fəlsəfə və elmlər doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbulun nəticələrinə dair məlumatı təqdim edib.
İnstitutdan "Azərbaycan müəllimi"nə bildirlib ki, fəlsəfə və elmlər doktoru proqramları üzrə 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul yekunlaşıb. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 15 aprel 2024-cü il tarixli 65-00-192 nömrəli məktubuna əsasən cari ildə Təhsil İnstitutuna ümumilikdə 18 yer ayrılıb. Onlardan 2-si elmlər doktoru, 16-sı isə fəlsəfə doktoru proqramı üçün ayrılan yerlərdir.
Yerlər “5801.01–Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası”, “5802.01–Təhsilin təşkili və planlaşdırılması”, “5804.01–Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi”, “5805.01–Korreksion pedaqogika”, “6104.01–Pedaqoji psixologiya” ixtisasları üçün nəzərdə tutulub.
Ayrılmış 18 yerə ümumilikdə 51 nəfər sənəd təqdim edib. Bu isə keçən ilki nəticə ilə müqayisədə daha yüksək göstəricidir. Sənəd təqdim edən iddiaçıların 11 nəfəri kişi, 40 nəfəri isə qadın olub. Ən gənc iddiaçı 2001-ci il, ən yaşlı iddiaçı isə 1972-ci il təvəllüdlü şəxslərdir.
Müəyyən olunmuş cədvəl üzrə xarici dil üzrə 9 iyun, fəlsəfə üzrə 2 sentyabr, ixtisas üzrə 9, 10, 11 sentyabr 2024-cü il tarixlərində qəbul imtahanları keçirilib. Qəbul imtahanlarının və aparılan müsabiqənin nəticələrinə əsasən 1 nəfər elmlər doktoru proqramı üzrə dissertantura müsahibəsini, 16 nəfər isə fəlsəfə doktoru proqramı üzrə doktorantura imtahanlarını uğurla verib.