Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova Ukrayna Zaporoje Politexnik Milli Universitetinin professoru Galina Tabunshchikinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Universitetdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, görüş təhsil sahəsində qlobal tərəfdaşlıq yaradan və Avropa İttifaqının malliyə dəstəyi ilə AzMİU-da təşkil olunan “WORK4CE” layihəsinin yekun iclası çərçivəsində reallaşıb. Dəyirmi masa arxasında aparılan görüşə layihənin tərəfdaşı olan Ukrayna universitetlərinin (Kiyev Milli İnşaat və Memarlıq Universiteti, Qərbi Ukrayna Milli Universiteti, Zaporoje Politexnik Milli Universiteti) administrativ heyəti qatılıb.
Qonaqları salamlayan rektor professor Gülçöhrə Məmmədova Erasmus+ WORK4CE təhsil layihəsinin faydalılığına diqqət çəkib. Rektor qeyd edib ki, istehsalat və təhsil sahələrinin müəyyən istiqamətlər üzrə birləşdirilməsinə hesablanmış layihədə AzMiU-nun iştirakı universitetin strateji fəaliyyət planına, həmçinin ali təhsilin inkişafı, təhsil, elm və istehsalat birliyinin formalaşdırılması ilə bağlı dövlət siyasətinə uyğun olaraq həyata keçirilir.
Rektor qonaqlara AzMiU-nun tarixi, tədris və elmi fəaliyyəti, beynəlxalq əlaqələri, əcnəbi tələbə sayı ilə bağlı məlumatlar verib, nüfuzlu xarici universitetlərlə faydalı əməkdaşlıqdan danışıb. Professor Gülçöhrə Məmmədova vurğulayıb ki, xarici əlaqələr çərçivəsində “Erasmus+” proqramı üzrə Avropa universitetləri, həmçinin Ukrayna universitetləri ilə uğurlu əməkdaşlıq mövcuddur və bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün universitetdə intensiv iş gedir.
Görüş zamanı Ukrayna Universitetlərinin nümayəndələri AzMİU ilə təhsil və elm sahələrində mümkün əlaqələrə diqqət çəkiblər. Universitet ilə yeni əlaqələrin qurulmasında, mövcud əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını dilə gətiriblər. Birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, ikili diplom proqramlarının hazırlanması, universitetlərin nəzdində olan elmi laboratoriyalardan istifadə, müəllim-tələbə mübadiləsi, beynəlxalq konfransların təşkili kimi əhəmiyyətli nüanslara da toxunublar.
Görüş qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələrlə davam etdirilib.