Göyçay rayonu Mustafa Kamal Atatürk adına 2 nömrəli Ləkçıplaq kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyən Dürdanə Mahmudova dərs bölgüsünün düzgün aparılmadığına dair "Azərbaycan müəllimi" qəzetinə müraciət ünvanlayıb. Müəllim qeyd edib ki, 12 ildir sözügedən məktəbdə çalışsa da, ona 4-5 saatdan artıq dərs verilməyib. Bu il isə sadəcə 6 saat dərs verilib.
 
O, məktəb rəhbərliyinin diaqnostik qiymətləndirmədə iştirak etmədiyini əsas gətirərək, belə bir qərar verdiyini, müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılarkən analıq məzuniyyətində olması səbəbindən prosesə qatılmadığını bildirib. Buna baxmayaraq müəllimlərin sertifikatlaşdırılmasında iştirak etdiyini və 42 bal topladığını qeyd edib.
 
"On iki il az müddət deyil. Bu müddət ərzində daim üzərimdə çalışmışam, işimi məsuliyyətlə yerinə yetirmişəm. Mən bir ali təhsilli, iki məktəbli övladı anası kimi sizdən kömək gözləyirəm. Ailəmin maddi durumu çox aşağıdır, həyat yoldaşım işsizdir və xəstədir. İki qız övladımın və xəstə həyat yoldaşımın qayğıları mənim üzərimdədir. Xahiş edirəm ki, bunu araşdırıb mənə kömək edin, on saat dərs yükü ilə təminatım olsun" - deyə o müraciətində bildirib.
 
"Azərbaycan müəllimi" məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.
 
Sorğuya cavab olaraq bildirilib ki, Göyçay rayonu Ləkçiplak kənd 2 nömrəli tam orta məktəbin dərs yükü bölgüsünə yenidən baxılıb və məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Dürdanə Mahmudovanın dərs saatı 6 saatdan 12 saata qaldırılıb: "Dərs yükü bölgüsü proporsional qaydada aparılıb və pedaqoji prinsiplər nəzərə alınıb. Eyni zamanda Dürdanə Mahmudova bölgüyə uyğun olaraq həmin fənn üzrə ən çox dərs yükü düşən müəllimdən biridir".
 
Qeyd edək ki, vətəndaşlar portal.edu.az platforması üzərindən müraciətlərini Elm və Təhsil Nazirliyinə və tabe qurumlarına ünvanlaya bilərlər. Xidmət bu sahədə aparılan işlərin daha çevik, şəffaf və keyfiyyətli təşkili ilə yanaşı, müraciətlərin elektron qaydada göndərilməsi, hər bir müraciətin vətəndaş tərəfindən addım-addım izlənilməsi və cavab alınması proseslərini asanlaşdıran üstünlüklərə malikdir. Elm və Təhsil Nazirliyinə və tabeliyindəki qurumlara “Vətəndaş müraciətləri” elektron xidməti vasitəsi ilə göndərilən müraciətlər tətbiq olunmuş təkmil daxili (CRM) sistem hesabına daha qısa zaman çərçivəsində cavablandırılır. Belə ki, yazılı müraciətlərin icrası ilə müqayisədə elektron şəkildə daxil olan müraciətlər icra müddətini 2 dəfədən çox qısaltmış olur.
 
Vətəndaşların yazılı müraciətlərində şəxsi məlumatlarını (ünvan, əlaqə vasitələri) düzgün qeyd etməməsi və yaxud natamam qeyd etməsi icra prosesini çətinləşdirir və bəzi hallarda müraciətin statusunun izlənilməsini qeyri-mümkün edir. Bu səbəbdən müraciət etmək istəyən vətəndaşlara https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməklə, öz şəxsi kabinetləri vasitəsi ilə rahatlıqla elektron qaydada müvafiq xidmətdən yararlanmaq tövsiyə olunur.