Yeni tədris ilinin başlanması ilə əlaqədar Lənkəran-Astara Regional Təhsil İdarəsinin (LARTI) müdiri Bəhruz Mehdiyev Yardımlı rayonu üzrə təhsil sektorunun əhatə dairəsində yerləşən ümumi təhsil, məktəbdənkənar və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirib.
 
"Azərbaycan müəllimi"nə LARTİ-dən verilən məlumata görə, görüş zamanı ötən tədris ilinin, IV, VI, IX və XI siniflərin monitorinq nəticələri, o cümlədən, buraxılış və qəbul imtahanlarının nəticələri müzakirə edilib.
 
Direktorlara 2024-2025-ci tədris ili üçün qarşıya qoyulmuş məqsədlər, dərs bölgüsü, vətəndaş məmnunluğu, şagirdlərin davamiyyəti və ümumilikdə tədris prosesi ilə bağlı tövsiyə və tapşırıqlar verilib. Direktorları maraqlandıran suallar cavablandırılıb.
 
Sonda Yardımlı rayonunun təhsil müəssisələrində çalışan bir neçə əməkdaşı, Qarayev Ədalət Mirzəkişi oğlu (Alçabulaq kənd Ə.Y. Xurşudov adına tam orta məktəbin direktoru), Cəfərov Babacəfər Cəfər oğlu (Avun kənd ümumi orta məktəbin direktoru), Zeynalov Vaqif Mirzəbala oğlu (Mirimli kənd V.X. Cəfərov adına ümumi orta məktəbin tarix müəllimi) Bilik Günü və gənc nəslin təlim-tərbiyəsindəki fəaliyyətinə görə fəxri fərmanla təltif olunub.
 
Qeyd edək ki, təltif olunan təhsil işçiləri şəhid atalarıdırlar.
 
Nilufər Hacılı,
Lənkəran-Astara üzrə regional təmsilçi