Təhsil nazirinin müavini Firudin Qurbanov Rumıniyanın paytaxtı Buxarest şəhərində səfərdədir.

 

Noyabrın 23-də nazir müavini Azərbaycan Hökuməti ilə Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclasında iştirak edib.

 

Səfər çərçivəsində təhsil nazirinin müavini Firudin Qurbanov Rumıniyanın yeni təyin olunmuş milli təhsil naziri Yekaterina Andronesku və nazir müavini Gigel Paraskiv ilə görüşüb. Görüş zamanı Firudin Qurbanov 24-25 may 2017-ci il tarixində ADA Universitetində keçirilən Azərbaycan-Rumıniya Universitetlərarası forumunda iştirak etmək üçün rumıniyalı həmkarının ölkəmizə səfərini, o cümlədən Rumıniyada Azərbaycan Araşdırmalar Mərkəzinin, Azərbaycanda Rumıniyaşünaslıq Mərkəzinin fəaliyyət göstərdiyini məmnunluq hissi ilə qeyd edib. Görüşdə nazir müavini həmçinin “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” haqqında məlumat verərək ali təhsil müəssisələri arasında ikili diplom proqramlarının həyata keçirilməsinin təşviq edildiyini vurğulayıb.

 

Görüşdə iki ölkə arasında ali və peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri də müzakirə edilib.

 

Daha sonra nazir müavini Buxarest Politexnik Universitetinin Qabaqcıl Tədqiqatlar Mərkəzini ziyarət edib.