Azərbaycan Tibb Universitetində (ATU) Böyük Britaniyanın "QS Quacquarelli Symonds" şirkəti ilə əməkdaşlığa dair saziş imzalanıb. Dünyada ali təhsil xidmətləri sahəsində tanınmış bu qurumla anlaşma sənədini ATU-nun rektoru professor Gəray Gəraybəyli və QS şirkətinin Rusiya, Şərqi Avropa və Orta Asiya üzrə regional direktoru Sergey Xristolyubov imzalayıblar.
Bu barədə "Azərbaycan müəllimi"nə ATU-dan məlumat verilib. Bildirilib ki, mərasim zamanı ATU-nun rektoru professor Gəray Gəraybəyli bu gün rəsmi şəkildə təməli qoyulan əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağından əminliyini bildirib.O, QS ekspertləri tərəfindən ATU ilə bağlı verilən tövsiyə və məsləhətlərin universitetin beynəlxalq səviyyədə fəaliyyətinə müsbət təsir göstərəcəyini qeyd edib. Görüş zamanı rektor G.Gəraybəyli həmçinin ATU-nun elmi-tədqiqatlar və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər və əldə olunan nailiyyətlərdən bəhs edib. Rektor ATU-nun tələbələrinin inkişafı, fəallığını artırması üçün yaradılan imkanlar və şərait haqqında da qonağı məlumatlandırıb.
QS şirkətinin regional direktoru Sergey Xristolyubov da öz növbəsində qurumlar arasındakı əməkdaşlığın uğurlu olacağına şübhə etmədiyini bildirib. O, QS şirkətinin fəaliyyəti, reytinqlərin tərtibatı prosesi, monitorinqlər, sorğu və qiymətləndirmə proseslərinin aparılması haqqında görüş iştirakçılarına ətraflı məlumat verib. Sergey Xristolyubov QS reytinqində yer alan Azərbaycan universitetlərinin beynəlxalq səviyyədə potensiallarından söz açaraq təhsil prosesi, tələbə layihələri, müasir kampus quruluşu və digər məsələlər üzrə tövsiyələrini səsləndirib.
İmzalanma mərasimindən sonra tərəflər əməkdaşlığın perspektivləri və gələcək planların müzakirəsini davam etdiriblər.
Qeyd edək ki, görüşdə ATU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru dosent Orxan İsayev, İnnovasiya və keyfiyyətin idarə olunması şöbəsinin müdiri Aygün Babayeva və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Günel Aslanova da iştirak ediblər.