"İstənilən məktəb çantasını açıb baxsanız, görəcəksiniz ki, orada Elm və Təhsil Nazirliyinin məcburi hesab etdiyi yük o qədər böyük deyil".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin "Hədəf" proqramında qonaq olarkən deyib.
Nazir məktəb çantalarının ağır olması mövzusunun daim gündəmə gəldiyini, lakin istənilən mövzunun müzakirəsi zamanı onun həm detallı, həm də daha dərindən araşdırılmasının tərəfdarı olduğunu bildirib.
"Bəzi problemlər var ki, artıq həll olunub. Sadəcə insanlar həmin həllərə meyil etmirlər deyə, zaman keçsə belə, o problem haqqında danışmağa üstünlük verirlər. Bu gün çantanın bəlli bir ağırlıq həddindən yuxarı yüklənməsi daha çox valideynlərdən qaynaqlanır. Biz Elm və Təhsil Nazirliyi olaraq bu istiqamətdə bir sıra işlər görmüşük. Dərsliklərin çəkisini azaltmaq üçün onlar iki yarımilə bölünüb və artıq yarı-yarı olaraq daşınır. Bu, ən azından çantanın çəkisinin yarıbayarı azalması deməkdir. Eyni zamanda dərsliklərin hər birinin elektron versiyası var. Şagirdlər istəsələr elektron vasitələrdən də istifadə edə bilərlər".
Nazir vurğulayıb ki, çantanın çəkisinə əsas təsir edən ona qeyri-tədris vasitələrinin yığılmasıdır.
"Biz bəzi hallarda o qədər zəruri olmayan əlavə tədris vəsaitlərinin daşınmasını müşahidə edirik. Əlavə dərs vəsaiti adından da göründüyü kimi əlavədir və ehtiyac yarandığı halda məktəbdə qala bilər. Yəni, müxtəlif yollarla bu məsələni həll etmək mümkündür. Çantanın içində həddən çox əlavə vasitələrin olması mənə görə lüzumsuzdur. Şagird sağlamlığı olduqca vacib məqamdır və inandığım da bundan ibarətdir ki, çantaların yükünün artıq olmaması üçün içinə baxmaq lazımdır".