Azərbaycan Respublikasında “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədər 2024-cü il üzrə Yol xaritəsi”nin tapşırıqlarına müvafiq olaraq 2022-2024-cü illərdə Kataliz və Qeyri-üzvi Kimya  İnstitutunun əməkdaşları Scopus bazasına daxil olan jurnallarda 236 məqalə çap etdirmişlər. Yalnız bu məqalələrə 460 istinad edilmişdir. 
 
Bu barədə "Azərbaycan müəllimi"nə institutdan məlumat verilib.
 
Scopus portalında göstərilən məlumata görə Kimya Elmləri Bölməsinin İnstitutları 15 sentyabr 2024-cü ilə kimi Scopus Bazasında indeksləşən jurnallarda 2089 məqalə çap etdirmişlər ki, onların da 837-i  Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun,  638-i Neft- Kimya Prosesləri İnstitutunun, 332-i Polimer Materialları İnstitutunun və 288-i Aşqarlar Kimyası İnstitutunun payına düşür.
 
Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən 31 elmi müəssisə arasında Kataliz və Qeyri-üzvi Kimya İnstitutu Scopus bazasında çap olunan məqalələrin ümumi sayına görə 4-cü yerdədir (2023-cü ildə 3-cü yerdə qərarlaşmışdı).
 
Beynəlxalq Scimago portalında elmi məhsuldarlığa görə elmi-tədqiqat qurumlarının reytinq cədvəlində 2023-cü ildə Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən cəmi 3 elmi-tədqiqat institutu yer almışdır ki, onlardan da biri Kataliz və Qeyri-üzvi Kimya  İnstitutudur (digərləri, Fizika İnstitutu və Riyaziyyat və Mexanika İnstitutu). Scimago reyting cədvəlinə dünyanın 20000-ə yaxın elmi müəssisə, təşkilat və universitetlərindən cəmi 9054-ü daxil edilmişdir: onların arasında 5 Azərbaycan universitetləri, AMEA və yuxarda qeyd edilən 3 elmi-tədqiqat institutu var.
 
Scopus bazasına daxil olan jurnallarda institut əməkdaşları qeyri-üzvi materialşunaslıq, kataliz, fiziki kimya, polimerlər və kimya mühəndisliyi sahəsində elmi axtarışların nəticələrini nəşr etdirir və müxtəlif Beynəlxalq Konfranslarda məruzə ilə çıxış edirlər.