Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri paytaxtın bir sıra, İsmayıllı rayonunun isə bir məktəbində "Yaşıl dünya naminə həmrəylik" dərslərində iştirak ediblər.
"Azərbaycan müəllimi" xəbər verir ki, İctimai Şuranın sədri Hikmət Əlizadə 132-134 nömrəli təhsil kompleksində, sədr müavini Pərvanə Məmmədova isə İsmayıllı rayonu İvanovka kənd məktəbində tədris ilinin ilk dərslərini izləyib.
Həmçinin Şura üzvlərindən Rasif Dünyamalıyev Bakı şəhəri Nizami rayonu Milli Qəhrəman M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbdə, Kəmalə Aşumova Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbdə, Heydər Eminli Bakı şəhəri Nərimanov rayonu 82 saylı məktəbdə, Günay Əkbərova isə Bakı şəhəri 6 nömrəli məktəb-liseydə "Yaşıl dünya naminə həmrəylik naminə" mövzusuna həsr edilmiş dərslərdə iştirak edib.
Şura üzvləri tərəfindən verilən məlumata görə, şagirdlərin mövzuya marağı, beynəlxalq səviyyədə baş verən hadisələrə həvəsi diqqətəlayiqdir. Müəllimlərin COP29 haqqında verdiyi məlumatlar və dərsin sonunda şagirdlərin Şura üzvləri ilə müzakirələri onların mövzuya olan marağını və düşüncə tərzlərinin inkişafını göstərir. Ümumilikdə isə siniflərdə dərs planlaşdırıldığı kimi keçirilib və qarşıya qoyulan məqsədlərə nail olunub.
Şagirdlər mövzu ilə bağlı yeni biliklər əldə edərək onların tətbiqi barədə əsas fikirləri mənimsəyiblər.
Siniflər üzrə müəllim-şagird işinin olduqca aktiv formada aparılması, müəllimlərin suallar vasitəsilə uşaqları müzakirəyə cəlb etməsi, uşaqların müzakirələrdə kollektiv iştirakı diqqət çəkib.
Monitorinqə cəlb olunan siniflərdə COP və onun önəmi ilə bağlı təqdimatlar edilib və onun mahiyyəti barəsində geniş məlumat verilib. Müşahidələr zamanı pedaqoji heyətlə uşaqlar arasında səmimi ünsiyyətin olması da diqqət çəkib.