Sentyabrın 16-da Zaqatala rayon Oruc Rəsulov adına Muğanlı kənd tam orta məktəbinin açılış mərasimi keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, açılış mərasimində Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Çapay Məmmədov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Süleymanova, şəhid ailələrinin üzvləri, məktəbin təqaüddə olan müəllimləri, təhsil işçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri məktəbin direktoru Xacay Əliyeva açaraq təhsil ocağının fəaliyyəti, ötən tədris ilində qazandığı uğurlar barədə məlumat verib.
Nazirliyin İnsan resursları şöbəsinin müdiri Çapay Məmmədov çıxış edərək, məktəbin kollektivini, rayonun təhsil işçilərini yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. Şöbə müdiri təhsil sahəsində həyata keçirilən layihələr sayəsində tədris ocaqlarının maddi-texniki bazasının daha da möhkəmləndirildiyini diqqətə çatdırıb, qazanılan uğurlardan və qarşıda duran vəzifələrdən bəhs edib. Bildirilib ki, təhsil sahəsi dövlətin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biridir. Paytaxtla yanaşı, regionlarda, ucqar kəndlərdə müasir standartlara uyğun belə məktəb binalarının tikintisi ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin uğurla davam etdiyini göstərir.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova müəllim və şagirdləri məktəbin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkəmizdə təhsilə verilən önəmdən, təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yönələn mühüm tədbirlərdən söz açıb. İdarə müdiri məktəbin pedaqoji kollektivini tədrisin keyfiyyətini daha da yaxşılaşdırmağa, şagirdləri biliklərə daha əzmlə yiyələnməyə çağırıb.
Rayon icra hakimiyyəti başçısının müavini Vəfa Süleymanova çıxış edərək, ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb, məktəbin kollektivinə yeni dərs ilində uğurlar arzulayıb.
Təbrik və çıxışlardan sonra məktəbin şagirdlərinın hazırladığı bədii proqram təqdim edilib.
Sonra mərasim iştirakçıları yeni məktəb binasında yaradılmış şəraitlə yaxından tanış olublar.
Qeyd edək ki, məktəbin əvvəlki binası uzun illər istismarda olduğundan son illər yararsız vəziyyətə düşmüşdü. Tikintisinə cari ilin yanvarında başlanılmış üçmərtəbəli yeni məktəb binası 432 şagird yerlikdir. Məktəbdə 29 sinif otağı, hər cür avadanlıqla təchiz olunmuş kimya, biologiya, fizika kabineti və laboratoriyaları, informatika, gənclərin çağırışaqədərki hazırlıq və texnologiya kabinetləri, məktəbəhazırlıq otağı, kitabxana və kompüterlərlə təchiz olunmuş oxu zalı, 260 nəfərlik akt zalı, 90 nəfərlik bufet, idman zalı şagirdlərin istifadəsinə verilib.
Diqqətə çatdırılıb ki, yeni tədris ilində məktəbdə 380 şagird təhsil alacaq, onların təlim-tərbiyəsi ilə 37 müəllim məşğul olacaq.
Məktəb binası ilə tanışlıqdan sonra nazirliyin, regional idarənin və rayon icra hakimiyyətinin rəsmiləri siniflərdə “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunmuş ilk dərsin gedişini izləyiblər.