Sentyabrın 16-da Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov Yevlax şəhəri 4 nömrəli tam orta məktəbdə Bilik Günü münasibətilə keçirilən tədbirdə iştirak edib.
 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, müəllimlər, Regional Təhsil İdarəsinin əməkdaşları, şəhid ailələri, valideynlər və şagirdlər iştirak ediblər.
 
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
 
Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, müəllim və şagirdləri yeni dərs ilinin başlaması münasibətilə təbrik edib və uğurlar arzulayıb. E.Kərimov, xüsusilə I sinfə yeni başlayan 7 738 şagirdi xüsusi təbrik edərək, onların yeni təhsil həyatına ilk addımlarını atdıqlarını vurğulayıb. Onlara müvəffəqiyyətlər diləyən E. Kərimov,  şagirdlərin gələcəkdə uğurlu nəticələr əldə etmələri üçün hər cür şəraitin yaradıldığını bildirib və təhsilin davamlı inşafından bəhs edib. Yeni tədris ilində qarşıya qoyulan hədəflərdən, təhsil sahəsində həyata keçirilən islahatlardan və tədrisin keyfiyyətinin artırılması istiqamətində görüləcək işlərdən danışıb.
 
Tədbir zamanı digər qonaqlar da yeni dərs ilində müəllimlərə və şagirdlərə uğurlar arzulayıblar. Şagirdlər tərəfindən səhnədə müxtəlif çıxışlar təqdim olunub, tədbirin davamında Elçin Kərimov və digər qonaqlar sinif otaqlarına baxış keçirərək, şagirdlərin ilk dərs günü təəssüratlarını öyrəniblər.
 
Bilik Günü tədbiri, təhsil ictimaiyyəti üçün motivasiya dolu bir başlanğıc olub və qarşıdakı tədris ilində uğurlar üçün əsas yaradan bir platforma kimi yadda qalıb.
 
Qeyd edək ki,  bu tədris ilində Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan bir çox məktəblərdə təmir və tikinti işləri həyata keçirilib. Xüsusilə, Ucar rayonu Əziz Əliyev adına Qəzyan kənd 2 nömrəli tam orta məktəbi yenidən tikilib və Mingəçevir şəhəri İlqar Kişiyev adına 17 nömrəli tam orta məktəbi əsaslı təmir olunub. 
 
Həmçinin Zərdab, Kürdəmir və Yevlax rayonlarında yeni məktəb binalarının tikintisi davam etməkdədir.