Cəlilabad rayonunda Pərdi kənd ümumi orta məktəbin yeni binasının açılış mərasimi keçirilib. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, açılış mərasimində Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini İlham Cavadov, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər. 
 
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Qonaqlar təhsil ocağında yaradılmış şəraitlə tanış olublar. Məktəbin yeni binası 130 şagird yerlikdir. 8 sinif otağından, 1 kitabxanadan, 1 müəllimlər otağından, 1 direktor otağından ibarət təhsil müəssisəsinin həyətində 1 geniş otaqlı yardımçı bina, qapalı mini idman meydançası inşa olunub.
 
Məktəbin binası müasir elektrik, kombi istilik sistemi, su anbarı və quyusu ilə təchiz edilib. Yeni məktəbin bütün ərazisində metal konstruksiyalı materiallardan istifadə edilməklə çəpərləmə və asfaltlama işləri aparılıb, o cümlədən yerli şəraitə davamlı ağaclar və dekorativ bitkilər əkilib.
 
Xatırladaq ki, Lənkəran Astara Regional Təhsil İdarəsinin tabeliyində 554 ümumtəhsil, 121 məktəbəqədər, 11 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə ümumilikdə 41 təhsil müəssisəsində cari, 6 müəssisədə əsaslı təmir aparılır, eləcə də 6 təhsil müəssisəsinin tikintisi icra edilir. Yeni tədris ilin başlanğıcında 2 təhsil müəssisəsi - Masallı rayon Qəzvinoba kənd və Cəlilabad rayon Pərdi kənd ümumi orta məktəbləri tikilib istifadəyə verilib.
 
Nilufər HACILI,
Lənkəran-Astara üzrə regional təmsilçi