"Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması olduqca önəmlidir".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Bakı şəhəri 276 nömrəli tam orta məktəbdə keçirilən Bilik Günü tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, bununla bağlı valideynlərin üzərinə də mühüm işlər düşür.
"Valideynlər daim məktəblə, müəllimlə ünsiyyətdə olmalı, əməkdaşlıq etməli, təlim-tədris prosesinin aktiv iştirakçısına çevrilməlidirlər. Müasir dövrün şərtləri də bunu tələb edir. Bildiyiniz kimi son illərin yeni çağırışları var. Sosial şəbəkə dövrü, kibertəhlükəsizlik çağırışları bizi məcbur edir ki, valideyn olaraq uşaqlarımızın və məktəbin daim yanında olaq. Onların inkişafını, təhlükəsizliyini, sağlamlığını yaxından izləyək və dəstəyimizi əsigəməyək".
Eşqi Bağırov valideynlərə övladlarının məktəb, təhsil həyatlarında yaxından iştirak etmələri barədə də çağırış edib:
"Bilirsiniz ki, biz son illərdə həm ibtidai, həm orta təhsil səviyyəsində müxtəlif qiymətləndirmələr aparırıq. Və bu qiymətləndirmələrin nəticələri onu göstərir ki, uşaqlarımızın müxtəlif siniflər üzrə riyaziyyat, ana dili fənlərindən bilik və bacarıqları ilə bağlı əlavə dəstəyə, inkişafa ehtiyacları var. Bu istiqamətdə də necə ki, müəllimlərimizin, peşəkar təhsilverənlərin rolu böyükdür, eyni zamanda valideynlərin də aktiv iştirakı olduqca önəmlidir”.
Agentlik direktoru daha sonra 276 nömrəli tam orta məktəbdə aparılan təlim-tədris prosesinə də toxunub. Ölkədə təhsillə bağlı həyata keçirilən ən innovativ layihələrin bu məktəbdə uğurla tətbiq olunduğunu qeyd edərək bunlara misal olaraq STEAM, “Rəqəmsal bacarıqlar”, Məktəblinin dostu”nun adlarını çəkib.
Samirə KƏRİMOVA