Xaçmaz rayonunun İstisu qəsəbəsində 1938-ci ildə inşa olunmuş tam orta məktəb ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşmüşdü. Bu səbəbdən Heydər Əliyev Fondunun təhsil sahəsindəki növbəti layihəsinin ünvanı məhz Xaçmazın həmin qəsəbəsi seçilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, yeni məktəbin inşası ilə bağlı bu ilin əvvəlində başlanılan tikinti işləri yekunlaşıb və Bilik Günündə təhsil müəssisəsi şagird və müəllimlərin istifadəsinə verilib.
 
3 mərtəbəli məktəb 2 korpusdan ibarətdir. 320 şagird yerlik olan təhsil ocağı zəruri mebel və avadanlıqla, fənn kabinetləri - fizika, kimya, biologiya, kompüter, hərbi hazırlıq, tibb, əmək təlimi otaqları və laboratoriyalar isə əyani vəsaitlərlə təchiz edilib.
 
Burada həmçinin kitabxana, akt və idman zalları, açıq idman meydançası yaradılıb.
 
Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.
 
Yarandığı gündən təhsil sahəsinə xüsusi həssaslıqla yanaşan, bu sahənin inkişafını fəaliyyətinin prioritet istiqaməti elan edən Heydər Əliyev Fondu “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” kimi proqramları icra edərək, Azərbaycanın təhsil sahəsinə öz dəstəyini göstərir. Fondun inşa etdiyi, əsaslı təmir işləri apardığı təhsil kompleksləri tədrisin keyfiyyətini yüksəltmək məqsədinə xidmət edir.